EN

Qazaxıstanda AES-lərlə bağlı referendum: Səsvermə prosesini 30 ölkənin nümayəndəsi izləyəcək

Qazaxıstanda

Astana, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyalarının (AES) tikintisi ilə bağlı keçiriləcək referendumu 30 xarici ölkədən 177 beynəlxalq müşahidəçi izləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının üzvü Muxtar Erman məlumat verib.

Referendumun gedişini, həmçinin 4 böyük beynəlxalq təşkilatın - Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin missiyası izləyəcək.

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib ki, səsverməni 200 xarici jurnalist müşahidə edəcək.

Xatırladaq ki, sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində oktyabrın 6-da atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumun keçiriləcəyini bildirmişdi.

Səsvermədə Qazaxıstanın səsvermə hüququna malik vətəndaşlarının yarıdan çoxu iştirak edərsə, referendum baş tutmuş hesab ediləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

 

 

Chosen
176
12
azertag.az

10Sources