EN

Fındıq bağları, İlisu şəlaləsi, münbit əkin torpaqları – QAXDA ƏMLAK NEÇƏYƏDİR? – ƏMLAKLAR, QİYMƏTLƏR

Azərbaycanın əmlak bazarında baş verən dəyişikliklər, ayrı-ayrı sektorlardakı proseslər, xüsusilə də qiymət artımları özünü regionlarda da göstərir.

İqtisadi sahədə, xüsusilə də kənd təsərrüfatındakı aktivlik ayrı-ayrı rayonların əmlak bazarında ciddi qiymət artımı yaradıb.

Ölkənin maraqlı turizm bölgələrindən biri sayılan Qax rayonunda isə bu təsir daha çox hiss olunur.

Bölgələrdə əmlakların qiymətini izləyən FED.az bu dəfə həm özünəməxsus kənd təsərrüfatı, həm də turizm imknalarına malik olan Qax rayonunun əmlak bazarını araşdırıb.

Qaxda əmlak bazarından danışarkən ənənəvi həyət evi, mənzillər və torpaqlardan əvvəl, rayonun özünə xas olan əmlakı  - fındıq bağlarını qeyd etmək lazımdır. 

Fındıq bağları Qaxda əsas əmlak növlərindən biri və gəlirli biznes sayılır. Onun sağışı da fərqlidir –fındıq bağının qiyməti yerləşdiyi torpaq sahəsindən daha çox buradakı ağacların – fındıq topalarının sayı ilə ölçülür.

Belə ki fındıq bağlarında bir topun qiyməti ağacın məhsuldarlığından asılı olaraq 70-100 manatdan başlayır, bəzən 270 manatadək arta bilər. Bir hektarda isə orta hesabla 100-120 fındıq ağacı, topası olur.

Məsələn, Qaxda daşınmaz əmlakın alış-satışı ilə məşğul olan Turan Məmmədov FED.az-a bildirir ki, iki hektar sahədə 200 top fındıq varsa, topu 100 manatdan başlayırsa, bağın qiyməti təqribən 20 min manat ətrafındadır. 

Digər əmlakçı Polad Əliyevin sözlərinə görə. Hazırda Əmircan kəndi ərazisində əsas yola yaxın sulanan ərazidə satışa sıxarılan 2 hektar fındıq bağında 400 topa yaxın fındıq ağacı var və bağın qiyməti 40 min manatdır.

Əkin sahəsinin hektarı 12-15 min manata çatır

Qaxın bol yağışlı bölgə olması onu kənd təsərrüfatı üçün əlverişli sahəyə çevirib. Nəticədə bu rayonda adi əkin torpaqları da başqa rayonlara nisbətən bahadır. 

Polad Əliyev bildirir ki, əkin üçün torpaqların qiyməti  təyinatına, yerləşmə yerinə görə və yola yaxın-uzaq olmasına görə dəyişir.

Suvarılmayan torpaqların qiyməti bir hektar üçün 3000-4000 manat arasında, bəzən 5 000 manata kimi dəyişir.

Suvarılan torpaqlarda isə qiymətlər 7-8, hətta 10 minə yüksəlir. Yol kənarında, əlverişli yerdə olan əkin torpaqlarının isə hektarı 12 min manata çatır. Məsələn, Kiçik Alatəmir kəndində əsas yoldan 300 metr məsafədə 90 sot (yəni hey 1 hektar da olmayan) əkin sahəsi 7 000 manata təklif olunur. Qarğıdalı sahələri ilə tanınan Güllük kəndində isə su kanalından 200 metr məsafədə yerləşən 8 hektar torpaq sahəsi hektarı 7500 manatdan təklif olunur.

Əmlakçı Turan Məmmədov bildirir ki, suvarılan əkin sahələrinin hektarının qiyməti 10-15 min manata da yüksələ bilər.

Həyətyanı torpaq sahələri da bahadır

Qaxın özünəməxsus koloriti var və həyət evləri bu koloritin bir hissəsidir. Yaddaqalan dizaynı və gözəl təbiəti Qaxın özündə və kəndlərində həyət evlərinin, eləcə də həyətyanı torpaq sahələrinin qiymətinə təsir edir.

Qaxda ev tikmək üçün olan torpağın qiymətləri şəhərin kənarlarında sotu 2000 manatdan başlayır və şəhərin daxilində 6-7 min manata, hətta 8-10 min manata yüksələ bilər. Qiymətlər torpağın harada yerləşməsi ilə yanaşı, necə yerləşməsindən, məktəbə və sair obyektlərə yaxınlığından, burada obyekt tikmək imkanından və sair asılı olaraq dəyişir.

Məsələn, şəhərin mərkəzində Daşbazarı ərazisində yola yaxın ərazidə 5 sot torpaq sahəsi 35 000 manata təklif edilir, yəni sotu 7 min manata. Qaxbaşda 9 mərtəbəli binadan 500 metr yuxarıda əsas yoldan 50 metr məsafədə 7 sotluq sahə isə 1 sotu 5 500 manatdan satılır.

Sotu 2 000 - 2 500 manat olan torpaqlar əsasən şəhərin qırağında və kəndlərdəddir. Məsələn, Qaxbaşda, şəhər kənarında bir sotun qiyməti 2 700 manata olan torpaq sahəsi satışa çıxarılıb.

Turizm, dağ mənzərələri, İlisu və torpağın qiyməti

Qaxın turizm bölgəsi olması özünü qiymətlərdə hökmən büruzə verir. Məsələn tanınmış İlisu kəndində qiymətlər şəhərdən də bahadır - 3 sot torpaq sahəsi 36 000 manata təklif olunur, ümumiyyətlə İlisuda bir sot üçün 10 000 manat qiymət normal sayılır, kəndin mərkəzinə doğru torpaqlar daha da bahalaşır – sotu 12-15 min manat.

Dağ mənzərələri və yaşıllıq Qaxın digər kəndlərində də torpağın qiymətinə təsir edir. Dağa yaxın ərazilərdə qiymətlər İlisu qədər olmasa da, kənd qiymətləri deyil. Dağ panoramalı ərazidə 3,5 sot olan torpaq 9 000 manata satılır. İlisuya yaxın ərazidə yerləşən Ağçay kəndində isə dağ panoramalı, çaya yaxın ərazidə 5 sotluq torpaq sotu 8 600 manatdan satışa çıxarılıb.

Şəhərin mərkəzində həyət evləri 100 min manata çatır

Qaxın daxilində həyət evlərinin qiyməti yeni və ya köhnə tikili olması üzrə dəyişir. Qiymətə təsir edən əsas məqam həyətin sahəsi, evin təmiri və sairdir. Yeni tikilmiş, sahəsi 120- 150 kvadratmetr olan həyət evlərinin qiyməti 65-70 min manat ətrafındadır. Sahəsi 150 kvadratmetrdən yuxarı olan evlərin qiyməti isə 80-85-90-95 min manata qədər dəyişir. Şəhərin mərkəzində 100 min manat və daha baha qiymətə olan evlər var.

Məsələn, hazırda şəhərin mərkəzində, M.Məmmədov küçəsində satışa çıxarılmış ümumi sahəsi 121 kvadrat metr, həyətyanı sahəsi isə 3 sot olan təmirli evi qiyməti 115 000 manatdır. Mərkəzdən bir qədər məsafədə, 1 nömrəli məktəbin yaxınlığında isə 8 sotda yerləşən, təmirli 3 otaqlı 120 kvadratmetr evin qiyməti 56 000 manatdır.

«Normal həyət evi almaq üçün azı 70 000 nəzərdə tutmalısan»

Qaxda köhnə tikililərin qiyməti 40 -60 min manat arasında dəyişir. Məsələn, Qax şəhəri Qaxmuğal ərazisində 6 sot həyət yanı sahəsi olan, 5 otaqlı iki mərtəbəli köhnə tikili qiyməti 40 000 manata satışdadır. Həyəti 6 sot olan köhnə tikili 40 000 manata, 8 sot həyəti olan ev isə 55 000 manata təklif olunur.

Turizm bölgəsi olan Qaxbaş, İlisu istiqamətində isə bu qiymətlər daha 5 -10 min manat qalxır, nisbətən baha qiymət təklif olunur. Belə ki, İlisuda 2,5 sot həyətdə sahəsi 72 kvadrat metr olan köhnə evi 37 000 manata olmaq olar. 

Əmlak bazarında çalışanlar, alıcılara, xüsusilə, Bakıdan gələn alıcılara məsləhət görür ki, normal həyət evi almaq üçün azı 70 000 nəzərdə tutmalıdırlar.

Mənzillərin kvadratı 1000 manatdır

Qax şəhər tipli rayondur, rayonun mərkəzində bina evləri kifayət qədərdir və buna görə də bina mənzillərinin bazarı formalaşıb.

Əmlakçılar bildirir ki, Qax şəhərində mənzillərin kvadratı 1000 manat ətrafındadır. Yəni 2 otaqlı mənzilər 40 000 manata, 3 otaqlılar 75 000 manata təklif olunur.

Mənzillərin qiyməti onların şəhərdəki yeri, vəziyyəti, təmirli-təmsirsiz olması ilə dəyişir. Məsələn, mərkəzdə yerləşən təmirli mənzillər otaq sayına sahəsinə görə 60 000 – 75 000 manat aralığında dəyişir. «5 mərtəbələr» adlanan ərazidə yerləşən binalarda 1ci mərtəbədə 2 otaqlı tam təmirli (istilik sitemi kombi olan) mənzil isə 65 min manata satılır. Bina evinin 5-ci mərtəbədə 4 otaqlı mənzil isə 60 000 manata təqdim edilir.

Mənzil qiymətinə obyektlər satılır

Qaxda obyektlərin qiyməti sahəsinə görə dəyişir – qiymətlər 1 kvadrat metrə görə 1 000-1 500 manat civarındadır. Yaxşı axtarsan daha ucuz variant tapmaq olar, Məsələn, şəhərdə avtovağzala yaxın ərazidə 89 kvadratmetr sahəsi olan obyekt 79 min manata satışa çıxarılıb. İmam Mustafayev küçəsində isə ümumi sahəsi 35 kvadratmetr olan obyekt 35 min manata təklif edilir. 

Qaxda qiymətlər sürətlə artır - son bir ildə təxminən 25-30%

Əmlakçılar Qaxda daşınmaz əmlakın bahalaşdığını qeyd edirlər. Bazarda hazırda durğunduq olsa da, yayda tələbatın artması həmişə qiymətləri yuxarı dartırö «Qiymət artımı tələb təklifə görə dəyişib. Yaxşı yerlər satılıb, kimin əlində nə varsa tələb olduğundan bahaya təklif etmək istəyir, Satışda olan torpaqlar günü gündən azalır bu da qiymət artımına səbəb olur»-deyə əmlak bazarında işləyənlər vəziyyəti izah edirlər.

Onların sözlərinə görə, ötən illə müqayisədə Qaxda əmlak 25-30% bahalaşıb. Səbəbi yerlərin azalması, tələbin çox, təklifin isə az olmasıdır.

Eyni zamanda əmlakın qiymətinin artmasına tikinti materiallarının bahalaşması da səbəb olur.

 

Chosen
84
fed.az

1Sources