EN

Qarabağ Zəfərinin tərənnümü

Tanınmış şair-publisist Güləmail Muradın yaradıcılığının əsas mövzusu vətənpərvərlikdir. Qarabağ münaqişəsi başlayandan o, qələmini silaha çevirərək, insanların yurd sevgisindən, didərginlik əzabından, yağı tapdağında inləyən torpaqlarımızdan, Vətən yolunda canından keçən igidlərimizdən, xalqın qələbə əzmindən, nəhayət, Böyük Zəfərimizdən silsilə əsərlər yazıb.

Güləmail Murad qəhrəman Vətən oğulları haqqında “Qarabağ harayı”, “Vətən sağ olsun!”, “Dağlarda şəhid səsi”, “Aprel döyüşləri”, “Qəhrəmanlıq yüksəkliyi”, “Günnüt zəfəri”, “Canını vətənə sərhəd elədi…”, “Döyüş yolları”, “Akula” ləqəbli kəşfiyyatçı”, “Tovuz döyüşləri”, “Zəfərnamə”, “Vətən uğrunda”, “Qürur dastanı”, ”Ağdam kəndi – Qəhrəmanlar diyarı” və s. kitabların müəllifidir. Onun şeirləri xarici dillərə də tərcümə edilib və kitab şəkilində çap olunub. Yorulmaz qələm sahibi “General Əliağa Şıxlinski”, “Vətənpərvərlik işində xidmətlərinə görə”, “Milli Ordu-100”, “Faşizm üzərində qələbənin 75 illiyi” kimi medal və mükafatlara layiq görülüb.

Bu günlərdə Güləmail Muradın “Beş ulduz” adlı yeni, sayca 40-cı kitabı da işıq üzü görüb. Kitab ötən ilin sentyabrında Azərbaycan Respublikasının suverenliyinin tam bərpası uğrunda həyata keçirilmiş antiterror tədbirlərində həlak olmuş Ağstafa şəhidlərinin əziz xatirəsinə ithaf edilib. Poetik-publisistik qeydlərdən əbədiyyətə qovuşmuş beş sönməz ulduzun – Tahir Əliyev, Eşqin Omarov, Seyfəddin Muradov, Elşad Həsənov və Orxan Novruzəlizadənin işıqlı obrazları canlanır. Kitaba ön sözü Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu yazıb. O, müəllifin bədii ricətlərindən misallar gətirməklə vətəndaşlıq qayəsini təqdir edir:

Göydə ulduz olur, dənizdə qətrə,
Yerdə çiçək olur şəhid ruhları!
Yazıram, sığmıram misraya, sətrə,
Gözəl-göyçək olur şəhid ruhları!

Ulduzlar içində beş ulduz yanır,
Tahir, Elşad, Orxan, Seyfəddin, Eşqin!
Sübhədək keşikdə onlar dayanır,
Sən bir gücünə bax, İlahi, eşqin!..

Beləcə, vətəndaş şairin ilhamlı qələmi sayəsində xalqımızın zəfər dolu çağdaş tarixi bədii tarixə çevrilib.

Ə.DOSTƏLİ
XQ

Chosen
15
xalqqazeti.az

1Sources