EN

İsrail İranın neft obyektlərini vura bilər: Qiymətlər...

Dünənki raket hücumuna cavab olaraq İsrail İranın bir sıra mühüm infrastruktur obyektlərinu hədəf seçə bilər.

Musavat.com xəbər verir ki, bu təxmini Axios portalı irəli sürüb.

İsrail rəsmiləri portala bildiriblər ki, İsrail əhəmiyyətli cavab zərbəsi endirəcək və bu zərbə neft hasilatı obyektlərinə və digər strateji obyektlərə yönələ bilər. Onlar qeyd ediblər ki, bütün variantlar, o cümlədən İranın nüvə mərkəzlərinə zərbə endirmək imkanları nəzərdən keçiriləcək.

Axios qeyd edir ki, israillilər həm hava hücumları, həm də iki ay əvvəl Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi əməliyyatına bənzər gizli əməliyyatlarla cavab verə bilər.

İsrailin baş naziri Benyamin Netanyahu öz növbəsində deyib: “İran böyük səhv edib və bunun əvəzini ödəyəcək”.

Onun sözlərinə görə, İranın hücumu ABŞ-ın dəstəyi ilə İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən dəf edildiyi üçün uğursuz olub: "İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizə cavab vermək əzmimizi başa düşmür. Biz müəyyən etdiyimiz qaydaya sadiq qalacağıq: kim bizə hücum etsə, biz də onlara hücum edəcəyik".

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon öz növbəsində deyib ki, “İran bu günə qədər İsrail dövlətinə qarşı ən böyük və ən qəddar raket hücumunu həyata keçirib”.

O qeyd edib ki, bu hücuma nə vaxt və necə cavab verəcəyinə ölkə hökuməti qərar verəcək: “Sizə bir şeyi deyə bilərəm: fərq ediləcək. Ağrılı olacaq".

Qeyd edək ki, dünya neft bazarı İranın raket hücumuna qiymət artımı ilə reaksiya verib. Günün birinci yarısında 70 dolların altına düşən qiymətlər raket hücumu məlumatları yayılan kimi 74 dollara qədər bahalaşıb. İranın İsrailin qaz platformalarını vurmağa çalışması İsrailin cavab olaraq İranın neft-qaz infrastrukturunu seçməsi üçün əsas verir. İranın əsas gəlir mənbəyinin neft olduğunu nəzərə alsaq, onda İsrailin məhz neft infrastrukturunu vurmağa çalışacağını söyləmək mümkündür. Bu halda neft bazarında qiymətlərin kəskin artacağı qaçılmazdır. Çünki İran açıq-gizli yollarla gündə 2 milyon bareldən çox neft ixrac edir. Baxmayaraq ki, hazırda təklif bolluğudur, bu qədər həcmin dünya bazarından çıxması qiymətlərin 90 dollardan da yuxarı qalxmasına gətirib çıxara bilər.

Musavat.com

Chosen
52
50
musavat.com

10Sources