Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda "İqlim Dəyişikliyi Təşəbbüslərində Milli İnsan Hüquqları Təşkilatları (NHRI) və Ombudsman İnstitutlarına dəstək strategiyaları" adlı panel müzakirəsi baş tutub...
"Report" xəbər verir ki, sessiyada çıxış edən xarici qonaqlar qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə edərək bu sahədə mövcud müsbət təcrübələrini paylaşıblar.
Sessiyada çıxış edən Şimali Makedoniyanın İctimai İnformasiyaya Azad Giriş Hüququnun Müdafiəsi Agentliyinin direktoru Plamenka Bojeva (Bojcheva) ətraf mühitin qorunması qədər insanların bu barədə məlumatlandırılmasının da önəmli olduğunu bildirib: "Ətraf mühitin qorunması insan rifahının qorunması deməkdir. Ölkələr qəbul edilən qərarların önəmi haqqında ictimaiyyətə əlçatan məlumatlar paylaşmalıdır. Bu mövzu həssasdır. İnsanların inamını doğruldacaq şəkildə addımlar atılmalıdır".
Filippinin İnformasiya Azadlığı-Proqramların İdarə Edilməsi Ofisinin Siyasət, Planlaşdırma və Dəstək Şöbəsinin məsul əməkdaşı Danisa Orculo (Danica Orcullo) Filippində iqlim sahəsində atılan addımlar barədə danışıb: "İctimaiyyətlə əlaqələr qurmaq üçün sosial media platformalarından geniş istifadə edirik. İqlim dəyişikliyi mövzusunda media savadlılığına xüsusi diqqət yetiririk. Məktəb proqramlarımızda da iqlim dəyişikliyi barədə bəzi dəyişikliklər var. İbtidai və orta məktəblərdə bu barədə bir sıra fənlər tədris olunur".
Panel sessiyası müzakirələrdən sonra başa çatıb.
Fotolar
Poliqon.info