EN

Mateus Nunes gecə klubundakı hoqqasına görə həbs edildi

“Mançester Siti”nin portuqaliyalı mərkəz yarımmüdafiəçisi Mateus Nunes Madridin gecə klublarından birində həbs edilib.

Arena.az “Daily Mail” dərgisinin “El Mundo” dərgisinə istinadı əsasında məlumat verir ki, Nunes gecə klubunda ziyarətçilərdən birinin telefonunu əlindən qoparıb-aldığı üçün həbsə alınıb.

Həbsin sentyabr ayının 8-də, səhər vaxtı, erkən saatlarda icra edildiyi bildirilir. Nunes sorğulanmaq üçün dərhal polis bölməsinə gətirilib. Məlum olub ki, Nunes gecə klubunun ayaqyolunda icazəsiz olaraq futbolçunun şəklini çəkməyə çalışan 58 yaşlı kişinin telefonunu əlindən alıb. Nunes telefonu qapıb və geri qaytarmaqdan imtina edib. Həbs də, zərçəkmiş tərəfindən məhz bu ittiham irəli sürüldükdən sonra gerçəkləşib. Nunes vəkilin işə müdaxiləsindən saatlar sonra sərbəst buraxılıb.

Vurğulanır ki, məsələ bununla bitməyib. Nunesin ifadəsi alınıb və müəyyən edilmiş vaxtda portuqaliyalı futbolçu ona qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə qarşısına çıxaraq, cavab verməli olacaq. Pul cəriməsinin tətbiq ediləcəyi də təxmin edilir.

Mateus Nunes braziliyaəsillidir. 13 yaşında Portuqaliya köçmüş Nunes futbola yerli “Eriseyrense” klubunda qədəm qoyub. “Eştoril-Praya”, Lissabon “Spotinq”i və “Vulverhemton”da çıxış etmiş Nunes 2023-cü ilin sentyabrında 62 milyon avro məbləğ müqabilində ingilis “canavarlar”ının düşərgəsindən “Mançester Siti”nin düşərgəsinə keçib. Nunesin “şəhərlilər”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Nunes “Mançester Siti” üçün 6 oyuna çıxıb, 1 qol və 1 məhsudlar ötürmə ilə fərqlənib.

Nunesin “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi 35 oyun 1 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

Mateus Nunes 2021-ci ilin oktyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 16 oyun keçirib, 2 qol vurub.

Nunesin qənimətlər muzeyində “Sportinq”lə qazandığı Portuqaliya çempionluğu, Portuqaliya Liqa Kuboku (2 dəfə), Portuqaliya Super Kuboku və həmçinin “Mançester Siti ilə İngiltərə Premyer Liqası, İngiltərə Super Kuboku, FIFA Klub Dünya Kuboku var.

“Transfermarkt” internet-portalı 26 yaşlı portuqalliyalı mərkəz yarımmüdafiəçisi Mateus Nunesin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Chosen
14
arena.az

1Sources