EN

“Şuşanın azadlığını bayram edirdik, oğlumun tabutu gəldi”- Şəhid Etibar Mahmudovun anası...

Image

Əsmayə Mahmudova: “Hər gün Etibarın yolunu gözləyirəm, elə bilirəm ki, “dənizdədir”, axşam evə qayıdacaq...”

Mingəçevir “dənizini” çox sevirdi, “dəniz” onun həm sevgisi idi, həm də güzəranını qazanmaq ünvanı. Sadə bir balıqçı idi Etibar. Onun sevdası Vətən idi, “dəniz” idi, bir də adını hamıdan gizlədib ürəyində pünhan saxladığı gözəl bir qız idi. “Subaylıq sultanlıqdır” desə də, ürəyindən keçirdi ki, gözü yolda qalanını anasına gəlin etsin, toy-düyün mağarı qurdursun, bəylik taxtına otursun. 

Nur şəhərinin bu sadə balıqçı oğlu Vətəni daha çox sevirdi, torpaqlarımızın yağı tapdağında olmasına dözə bilmirdi, azadlıq mübarizəsinin başlayacağı günü səbrsizliklə gözləyirdi...O gün yetişdi. Anası Etibarın müharibəyə getməyini istəmirdi...    

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Etibar Aleksandr oğlu 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olub. 1994-ci ildə Mingəçevir şəhər 16 nömrəli məktəbin birinci sinfinə qəbul olunub…Şəhid Etibarın həyat dastanını anası Əsmayə xanımın dilindən eşitmək olduqca kədərli idi.  

“Sonuncu dəfə də noyabrın 7-də səhər tezdən zəng vurdu ki, biz gedirik, işimiz var, günorta sənə mütləq zəng edəcəyəm, amma...”

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının  “44 gün – Tarixi zəfər” adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimat mərasimini işıqlandırmaq üçün Mingəçevir şəhərində ezamiyyətdə olarkən şəhid Etibar Mahmudovun anası Əsmayə xanımla da təmasda olduq. 

Etibar çox zəhmətkeş bir övlad idi. Atası o uşaq olanda dünyasını dəyişib. Ailənin dolanışığı elə də yaxşı deyildi deyə Etibar 2000-ci ildə təhsilini yarımçıq qoyub işləməyə başladı. Çoxuşaqlı anayam, beş övladım vardı. Etibar bütün ailənin qayğısını öz kövrək çiyinlərinə götürməkdən çəkinmədi. Oğlum balqçı idi, “dənizdə” balıqda işləyirdi. Onun axşamlar evə gəlişi Prezidentimizin çıxış vaxtına düşürdü. Televizorun qabağında dayanıb əllərini ovxalayıb deyirdi ki, cənab Prezident, qadan alım, başına dönüm müharibə qurtarmamış məni də apar. Müharibədə iştirak etməyə can atırdı, çağırılmamışdı deyə çox narahat idi. Nəhayət, oktyabrın 28-də müharibəyə getdi, noyabrın 8-də nəşi gəldi. Oğlum Qubadlının düşməndən azad olunması uğrunda şəhid oldu.  31 yaşı vardı, amma hələ evlənməmişdi”. 

Ana deyir ki, Səfərbərlik Xidmətinin onu müharibəyə çağırmamasından narahat olan Etibar anasından xəbərsiz gedib ərizə ilə müraciət edib ki, onu da müharibəyə aparsınlar. “Bir gün mənə “dənizdən” zəng vurdu ki, ana, səni and verirəm Nargilənin goruna, əgər çağırış gəlsə məndən gizlətmə (ağlayır). Nargilə   rəhmətə gedən nişanlı qızımdır. Getdi. Bütün cavanlar kimi, Etibarın da arzuları vardı. Ürək sözümü yalnız onunla bölüşürdüm. Çox gözəl övlad olub. Bəzən deyirəm ki, mən həqiqətən də oğlumu tanımamışam. Mən oğlum şəhid olandan sonra onu tanımışam. Deyirlər ki, oğul eldə tanınar, həqiqətən də elə imiş. Etibar mənim sonbeşiyim idi, amma ailəmin, evimizin dirəyi olub. Dərdimi-sərimi dediyim balam mənim nəfəsim idi.      

Hər gün Etibarın yolunu gözləyirəm, elə bilirəm ki, “dənizdədir” axşam evə qayıdacaq. Şəhid olmağının dörd ilinə az qalıb, amma hələ də inanmıram ki, oğlum yoxdur. Elə ana olarmı ki, balasının yolunu gözləməsin qızım, yoxdur elə ana.  

Etibarı evləndirməmişdim. Amma istədiyi qız vardı. Şəhid olduğu ilin yayında mənə dedi ki, ana, məni evləndir. Dedim ki, kimi istəyirsən onu da al... Qismət. Müharibədə Quru Qoşunlarda idi. Oğlum şəhid olsa da, qəhrəmanlığı, igidliyi, vətənpərvərliyi yadigar qalıb. Sağ qalan döyüşçü yoldaşları Etibar haqqında ancaq müsbət sözlər danışırlar. “Dəniz” yoldaşları da onu çox istəyirdi. Çünki o çox yaxşı xasiyyətli, sakit təbiətli, hamını başa düşən, heç kəsi incitməyən bir oğlan idi”.  

Oğlunun zəngindən danışan Əsmayə xanım deyir ki, Etibar ona onları başqa yerə apardıqlarını və qətiyyən narahat olmamağı deyib: “Dedi ki, ana, məndən nigaran qalma, hər şey yaxşıdır, özünə yaxşı bax, özündən muğayat ol. Sonuncu dəfə də noyabrın 7-də səhər tezdən zəng vurdu ki, biz gedirik, işimiz var, günorta sənə mütləq zəng edəcəyəm, amma nə zəng etdi, nə də səsi-sorağı gəldi. Axşama qədər gözlədim...

Noyabrın 8-də mənə “voyenkomatdan” zəng edib o biri oğlanlarımın nömrəsini istədilər. Dedim ki, vallah, onlar “dənizdədirlər” telefonlarına zəng çatmayacaq, nə sözünüz var mənə deyin. Mənə də dedilər ki, sizə gömrükdən zəng edirik. Fikirləşdim ki, bizə gömrükdən niyə zəng gəlməlidir? Böyük oğlum mənə zəng edib dedi ki, ana, gedirəm “voyenkomata”. Böyük oğlumun da bir gözü yoxdur. Elə bildim ki, onu da müharibəyə aparırlar, öz-özümə dedim ki, bir gözü olmayan adamı niyə müharibəyə aparırlar. Demə ki, vəziyyət başqa imiş. 

Bir az keçdi aşağı düşdüm, gördüm ki, qonşular hamısı çöldədir, həyəti süpürüb təmizləyirlər, hamı bir yerə yığışıb...O biri oğlanlarım “dənizdən” gəldilər. Evə çıxdım, gördüm ki, Prezidentimiz Şəhidlər Xiyabanında çıxış edir. Prezident Şuşanın işğaldan azad edildiyini deyəndə, sevincimdən az qala qanadlanıb uçam. Sevincimdən elə oynayırdım ki...Uşağımın meyidi gəlir üstümə, mən də “Şuşa alındı” deyib hələ oynayıram... Biz Şuşanın azadlığını bayram edirdik, üstümə oğlumun tabutu gəldi.  Onun şəhid olduğunu necə eşitdim bilmirəm (ağlayır). Elə “Etibar, Etibar” dedim, qalanını xatırlamıram, sonra nə baş verdi bilmədim..”- bildirən ana deyir ki, Etibar kimi oğulu itirmək ona ağırdır, amma oğlunun Vətən uğrunda şəhid olması onun üçün bir təsəllidir.

Ana onu da dedi ki, Etibar 2006-cı ildə həqiqi hərbi xidmətə gedib, hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi tərəfindən Fəxri Fərmanla təltif edilib. 

Ana deyir ki, oğlunun qəhrəmanlığını dövlət qiymətləndirib və Mingəçevirdə Etibarın xatirə lövhəsi açılıb.  “Bu xatirə lövhəsi mənim üçün çox böyük önəm daşıyır. İndi həyətə düşəndə Etibarımın xatirə lövhəsini görəndə elə biləcəm ki, o mənim yanımdadır. Bu mənə böyük təsəllidir.

Oğlum noyabrın 8-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Şuşanın işğaldan azad olunduğu gün şəhid olan balam öz qanını Vətən torpağına qatıb”-deyən Əsmayə ana oğlunun Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırıldığını bildirdi. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Mahmudov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Halal süfrəli, halal çörəkli Əsmayə ananın sadə balıqçı oğlu bu gün bir qəhrəmandır, elin, obanın xalqın oğludur. Ana oğlunun itkisinə yansa da, təsəlli yeri də var. Deyir ki, Etibar bu vətəni daha çox sevib, ona görə də, canını bu uğurda fəda edib...Ana ağlayır, içindəki qubarı, bala dağını heç cür ovuda bilmir. “Qızım, nə yaxşı ki, şəhidlər haqqında yazanlar var, bu bizim ürəyimizi sakitləşdirir. Xatirə Kitabı Redaksiyası sağ olsun ki, bizim övladların xatirəsini əziz tutub onlar haqqında belə kitablar çap edirlər. Biz balalarımızın ətrini bu kitablardan alırıq. Bilirik ki, bizdən sonra oğullarımız unudulmayacaq”-deyə Əsmayə Mahmudova bildirdi.

İradə SARIYEVA
Mingəçevir-Bakı






Chosen
91
45
baki-xeber.com

10Sources