EN

YAP-ın yaradılması Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bəllidir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Sevinc Hüseynovanın sözlərinə görə, 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdırıldı: "Muxtar respublikanın ərazisinin düşmənin işgalı altına düşməsinin qarşısı alındı. Bundan başqa, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü. Muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti davam etdirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "sovet" və "sosialist" sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qərarlar qəbul edildi. Ulu Öndər Naxçıvanda çalışarkən o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Heydər Əliyevi devirməyə cəhd etsə də, insanların ona olan sevgi və inamı belə cəhdlərin qarşısını qətiyyətlə aldı.

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verməsi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və qısa zaman kəsiyində xalqın etimadını qazanmaga nail oldu. 1993-cü ildə xalqın dəstəyi ilə Ulu Öndər hakimiyyətə gəldi. YAP hakim partiyaya cevrildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
72
olaylar.az

1Sources