EN

Ermənistan üzr istəməlidir!

Təzminat ödəməkdən boyun qaçıran İrəvan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozur

Ötən əsrin son onilliyində Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət yürüdən Ermənistan öz planlarını həyata keçirmək üçün hətta insanlıq əleyhinə cinayətlərə imza atıb. 30 il öncə baş verən işğal prosesi zamanı ermənilərin törətdikləri vəhşiliklər, qətliamlar, soyqırımları ilə bağlı həqiqətlər bu gün detallı şəkildə və daha aydın ortaya çıxmaqdadır. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar, vəhşicəsi qətlə yetirilmiş soydaşlarımızın qalıqları bir daha bu vəhşiliklərin faktoloji sübutu kimi çıxış edir. 4 ildir işğaldan azad edilmiş ərazilərdə tapılan insan qalıqları Ermənistan vandalizminin əsl şahidinə çevrilib.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. Bugünədək işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib. Məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilib.

Bundan başqa, bu ilin sentyabrında məlum edilmiş koordinatlar üzrə Ağdərə rayonu, Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb. Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir. Qazıntıların və monitorinqlərin nəticəsində məlum olub ki, 2020-ci il 10 noyabrın üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il antiterror tədbirlərinə qədərki dövrdə separatçı rejim tərəfindən bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndindəki kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilib.

Beynəlxalq təşkilatlara müraciətlər edilsə də...

Göründüyü kimi, Azərbaycan 30 il davam etmiş işğal prosesinin vurduğu ziyanı aradan qaldırmaqla, dağıdılmış şəhər və kəndlərimizi bərpa etməklə, törədilən ekoloji fəlakətlərin vurduğu zərəri hesablamaqla yanaşı, həm də I Qarabağ müharibəsi dövründə itkin düşmüş vətəndaşlarının taleyi ilə yaxından maraqlanır - onların məruz qaldıqları vəhşiliklərin üzə çıxarılmasını, bunu törədənlərin hüquq qarşısında cavab vermələrini təmin etmək üçün çalışır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bununla bağlı bütün gücünü səfərbər edib - həm kütləvi məzarlıqların müəyyənləşdirilməsi, oradan tapılan qalıqların eyniləşdirilməsi, paralel olaraq beynəlxalq müstəvidə törədilən cinayətlərin tanıdılması istiqamətində iş aparılır. 30 il ərzində erməni işğalına qarşı biganəlik nümayiş etdirən bəzi beynəlxalq təsisatların bu gün bütün detalları ortada olan zorakılıq, müharibə cinayəti faktlarına laqeyd münasibəti, ikili standarta söykənən yanaşması başadüşülən deyil - bu, bir daha özünü “hüquq müdafiəçisi” qismində təqdim edən həmin qurumların əsl üzünü ifşa edir.

Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. Qeyd edib ki, 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra komissiyanın fəaliyyəti daha da genişləndirilib və yaxşı nəticələr əldə edilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilib və onlar hərbi ehtiram göstərilməklə dəfn edilib: “Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır”.

Ölkəmizin təşəbbüsü ilə...

Hər zaman qlobal təşəbbüsləri ilə yadda qalan Azərbaycan insan hüquqlarının qorunması məsələsində də fəallıq nümayiş etdirməkdədir. 30 ilə yaxın dövrdə bir milyonadək vətəndaşı öz doğma evində yaşamaq hüququndan məhrum olan ölkəmiz bu kimi ağır fəsadların baş verməməsi, bu kimi halların yaşanmaması üçün beynəlxalq miqyasda iş aparır - beynəlxalq sənədlərin qəbul edilməsinə nail olur, dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edir. Prezident İlham Əliyev öz müraciətində bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır: “Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir”

Münaqişə bitsə də...

Ermənistanın ölkəmizə qarşı təcavüzündən yalnız vətəndaşlarımız əziyyət çəkməyib - tarixi abidələrimiz, dini məbədlərimiz, inanc yerlərimiz, eyni zamanda fauna və floramız da Ermənistan tərəfindən məqsədli şəkildə məhv edilib. 30 il işğal altında saxlanılan ərazilərimizdə ekoloji tarazlıq pozulub, meşələrimiz qırılıb, çaylarımıza zəhərli maddələr axıdılıb. Bu isə Ermənistanın tək Azərbaycana qarşı deyil, bütün dünyaya və insanlığa qarşı cinayət törətdiyini ortaya qoyur. 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən dini abidələrə qəsdən vurulmuş ziyandır - bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilib. Antiterror tədbirlərindən sonrakı dövrdə isə Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilib. Statistik rəqəmlər hər şeyi ortaay qoyur. İşğaldan azad edilmiş bölgələrdə təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır - 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.

Bütün bunların qarşılığında isə Ermənistan təzminat ödəməkdən boyun qaçırır, törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəmir. Məğlub ölkə törətdiyi vəhşilikləri ört-basdır etmək üçün kütləvi məzarlıqların yerini göstərməkdən imtina edir.

Vurğulamaq lazımdır ki, İrəvan özünün müharibə cinayətlərini 2020-ci il üçtərəfli bəyanatından sonra da davam etdirir - 30 il ərzində işğal altında olan ərazilərə basdırılan minalar bunu təsdiqləyir. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Bu gün, işğaldan azad edilmiş ərazilərə gedən mülki şəxslərin həyati təhlükə qarşısındadır. Minalar həm də işğaldan azad edilmiş regionlarda aparılan abadlıq-quruculuq işlərini ləngidir - Azərabycanın apardığı bərpa prosesi tam sürətlə inkişaf edə bilmir. Prezidenti İlham Əliyev müraciətində onu da vurğulayıb ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir. “Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuzillik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda, xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, 30 ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.

P.İSMAYILOV

1Sources