EN

Vətən sevgisinin Zəfər nəğmələri

Şair Gəray Göyyurdun 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr elədiyi “Dövlət, Vətən, Ordu, Xalq” lirik poemasının, “Şuşa Bəyannaməsi”, “Zəfər sənin zəfərindi, Sayın Ali Baş Komandan” şeirlər kitablarının qayəsini şəhidlərimizin ölməz ruhuna sayğı, qazilərimizə dərin ehtiram, Qarabağda aparılan quruculuq işlərinə, Azərbaycan–Türkiyə dostluğuna vətəndaş dəstəyi və yanğısı təşkil edir.

Onun şeirləri Vətənə intəhasız sevgisindən, yurduna, onun insanına ülvi, pak olduğu qədər də isti münasibətindən yoğrulub. Poemanın proloqunu:

Şeirimdən güc alıb qoy çiçəklənsin,
Vətənim, torpağım, yurdum, İlahi.
Firavan yaşasın xalqım, millətim,
Daha güclü olsun ordum, İlahi!

– misraları ilə başlayıb, epiloqunu:

Qoruyaq və uğrunda
Uf demədən verək can.
Ən böyük birliyimiz –
Türkiyə, Azərbaycan!

– ilə möhürbənd edən şairin bədii təxəyyülünün genişliyinə, Vətəninə, dövlətinə tükənməz sevgisini sözün qüdrətilə obrazlaşdırmaq məharətinə, vətənpərvərliyin lirizm zirvəsinə heyran qalırsan. Doğma yurda məhəbbətini təxəllüsündə həkk edən Gəray Göyyurdun 60 illik yubileyi Gədəbəy Aşıqlar Məktəbində düzənlənən mərasimdə qeyd olunub. İstedadlı şairin Prezident, Ali Baş Komandan İlham Əliyevə həsr elədiyi “Zəfər sənin zəfərindi, Sayın Ali Baş Komandan” adlı yeni şeirlər kitabı mərasim iştirakçılarının ixtiyarına verilib.

Gec-gec görüşsək də, hər dəfə bizi yüz ilin dostu kimi bağrına basan yubilyar qardaşımızın elə hal-əhval söhbəti də nəzmə çəkilmiş formada olur. Allahın salamı və coşqu dolu şaqraq gülüşü ilə müşayiət olunan şairin müsbət aurasından doymaq olmur. Gərayın “İki qardaş, iki Cümhurbaşqanı” şeirini aşıqların ifasında dinləmək isə bir ayrı zövqdür. Bizə isə şairə 60-ın gümrahlığını daim saxlamaq əzmi, yazıb-yaratmaq həvəsi və yeni-yeni ədəbi uğurlar diləmək qalır...

İ.HƏSƏNQALA
XQ

Chosen
16
xalqqazeti.az

1Sources