EN

Ermənistanı silahlandıranlar regionda marağı olan tərəflədir – politoloqdan açıqlama

Cənubi Qafqazda cərəyan edən hadisələr, Qərbin Ermənistan üzərindən regiona daxil olma cəhdi bölgədə sülhü təhdid altına alır. Düşmən ölkəni silahlandırmaqda davam edən qüvvələr öz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edirlər. Bununla belə, Ermənistan baş nazirini sülh carçısı kimi BMT tribunasına çıxaranlar da ona xüsusi tezislər əzbərlədərək sülhə çağırış ediblər. Amma sürətlə  silahlanan ölkənin hökumət başçısı hansı sülhdən danışır? 

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Oqtay Qasımov bildirib ki, Paşinyanın BMT tribunasından səsləndirdiyi bəyanatlar daha çox beynəlxalq aləmdə ictimai rəyi çaşdırmağa hesablanıb:

“Ermənistan bununla guya özünü sülhə hazır olduğunu göstərir. Eyni zamanda  COP29 öncəsi Azərbaycana qarşı təzyiq kampaniyasının miqyasını böyütməyə çalışır. Məqsəd mümkün qədər qısa müddətdə Azərbaycanla yarımçıq sülh müqaviləsi bağlamaqdır. Belə yarımçıq sülh müqaviləsi əslində gələcək gərginliklərin yeni mənbəyi rolunu oynaya bilər. Bu da Azərbaycan üçün  məqbul deyil. Azərbaycanın mövqeyi qətidir. Hər tərəfli, əhatəli gələcəyə hansısa məsələni saxlamadan sülh müqaviləsi imzalanmalıdır. Hal-hazıkı durumda  sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələ Ermənistan  konstitusiyasında Azərbaycana, o cümlədən Türkiyəyə ərazi iddialarının yer almasıdır. Bu isə ciddi şəkildə sülhə mane olur. Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir. Eyni zamanda sülh prosesinə mane olan digər məsələ ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan bunu da uzatmağa çalışır və hesab edir ki, Minsk qrupu yalnız sülh müqaviləsi imzalandıqdan sonra buraxıla bilər.  Bu da qəbuledilməzdir. Çünki Minsk qrupunun yaradılmasının səbəbi fərqlidir. Bu, Qarabağ məsələsinin həlli ilə bağlı yaradılan bir qrumdur. Artıq Qarabağ məsələsi həllini tapıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu məsələlər geridə qaldığı üçün fəaliyyət göstərdiyi dövrdə heç bir müsbət rolu olmayan bu qrumun buraxılması şərdir və Ermənistan buna da müsbət yanaşmır”.

Daha sonra Ermənistanın silahlandırılmasına toxunan politoloq vurğulayıb ki, düşmən ölkəni silahlandıran ölkələr regionda marağı olan dövlətlərdir: “Ermənistan nə qədər sülhdən danışsa da eyni zamanda sürətlə silahlanmaqdadır. Onu silahlandıran ölkələr ABŞ, Fransa, Hindistan, İran və digər ölkələrdir. Bunlar Ermənistanı aktiv şəkildə silahlandırmaqla regionda gərginliyin qalmasında maraqlı tərəflərdir. Bölgədə gərginliyin qalması ilə  onlar Ermənistan üzərindən bölgədəki maraqlarını həyata keçirməyi düşünürlər. Məhz bu səbəbdən də Paşinyan sülhdən danışmaqla paralel, sürətlə silahlanmanı həyata keçirir. Nəzərə almalıyıq ki, alınan silahlar hücum xarakterlidir. Deməli, Ermənistanın niyyəti tam şəkildə ortadadır. Ermənistanda hazırda hakimiyyətdə və müxalifətdə olan qüvvələr Azərbaycana qarşı gələcəkdə revanşist addımlar atmağı planlaşdırır. Amma Azərbaycan onların bu niyyətini anlayır və ermənilərin  təxribatı cavabsız qalmayacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
80
konkret.az

1Sources