Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də müəllimlərin əməyini qeyd etmək üçün keçirilən beynəlxalq gündür. Bu gün şagirdlər müəllimlərini təbrik edir, ona müxtəlif hədiyyələr təqdim edirlər. Lakin bəzi hallarda bu hədiyyələr olduqca bahalı, həddini aşmış olur. Ən pisi isə odur ki, bəzən belə yüksək xərcli hədiyyələr müəllimlərin özləri tərəfindən təklif edilir. Bununla bağlı hər dəfə müxtəlif çağırışlar edilsə də, təəssüf ki, bunun qarşısını həmişə almaq mümkün olmur.
Bəs Müəllimlər Günündə bu cür halların qarşısını almaq üçün daha hansı addımlar atılmalıdır?
Bu barədə təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, əslində, bir şagirdin müəlliminə hədiyyə verməsi problem deyil. Amma baxır bu hədiyyə nədən ibarətdir, müəllim özü tələb edir, yoxsa şagirdlər özləri verirlər?
"Hər il oktyabrın əvvəlində aktual olan mövzuların başında demək olar ki, bu gəlir. Çünki müəllimlər günü ilə bağlı şagirdlərin müəllimlərə hədiyyə vermə ənənələri davam edir. Müəllim şagird üçün əziz olan bir şəxsdir, hər hansı bir şagird öz müəlliminə olan sevgisindən dolayı ona hədiyyə vermək istəyə bilər. Hədiyyələşmə şagirdlərin içindən gələn bir duyğudursa, bu, təqdirəlayiqdir. Amma bu hədiyyə, əlbəttə ki, böyük məbləğləri əks etdirməməlidir, kiçik bir hədiyyə, məsələn, bir çiçək və ya süvenir olarsa, düşünürəm ki, problem olmaz. Lakin təəssüf ki, bu məsələdən sui-istifadə edən bir çox müəllimlər var ki, ictimaiyyətə də çıxarılıb, sosial media da paylaşılıb".
Ekspertin sözlərinə görə, Müəllimlər Günündə qızıl hədiyyələrin alınması, pul yığılması doğru deyil, bunu nazirlik də qətiyyən qəbul etmir, eyni zamanda valideynlərin əksəriyyəti bu situasiyadan narahatdırlar:
"Kiçik bir hədiyyənin alınması isə qəbahət deyil, bunun üçün də kiçik məbləğ kifayət edir. Böyük məbləğ toplandığı zaman ciddi problemlər yaranır, bir valideyn maddi vəziyyəti yaxşı olmadığına görə o məbləği verə bilmir, digərləri verir. Sonra müəllimin gözündə verən şagirdlər daha yaxşı olur, digər verə bilməyən şagird isə mənfi çalarlarla yadda qalır. Ona görə də, əslində, ən yaxşısı budur ki, hədiyyələşmə 15-20 manat civarını keçməsin.
5 oktyabr - Müəllimlər Gününü dövlət də qeyd edir, ona görə müəllimləri təbrik etməyin qarşısını alması doğru olmaz. Amma bu da qaydalar çərçivəsində həyata keçirilməlidir. Əsas odur ki, şagird müəlliminə sevgisini büruzə verə bilsin. Bu baxımdan xatirə kimi qalacaq hədiyyələrin alınması daha yaxşıdır. Bəzi müəllimlər sui-istifadə edərək, bahalı zinət əşyaları aldırırlar, pul mükafatı yığdırırlar. Ancaq ən ideal şəxs müəllimin özüdür və o, özü elan eləməlidir ki, mənə heç bir hədiyyə almayın. Dünyanın hər bir yerində müəllimlər günü var, şagirdlər müəllimini təbrik edirlər. Amma burada məhdudiyyəti qoymaq lazımdır, məhdudiyyət heç bir təbrik olmasın demək deyil, müəyyən çərçivəni keçməmək deməkdir".
Ramin Nurəliyev şagirdlərin müəllimlərini təbrik etmə üsullarına aid misallar da çəkdi:
"Şagirdlər öz müəllimlərini səhnəcik formasında da təbrik edə bilərlər. Yəni müəllim sinifə girdiyi zaman onu alqışlarla qarşılayıb, videosunu çəkib, paylaşmaq belə müəllimin özünə verilən bir dəyərdir. Müəllimlər günü şagirdin müəllimə dəyər verməsi üçün planlaşdırılıb. O gün şagird müəlliminə olan sevgisini biruzə verməlidir. Bu sevgini biruzə vermək üçün müxtəlif çalarlar var, amma çalışmaq lazımdır ki, həmin çalarlar da şişirdilməsin. Məsələn, xarici ölkələrin birində çəkilən bir videoda müəllimlər günü münasibətilə şagirdlər ondan xəbərsiz sinif otağını zərlərlə, şarlarla bəzəmişdilər, müəllim sinifə girdiyi təqdirdə hamısı qalxıb alqışlamışdı. Bir qutunun içərisində bir qələm sinif nümayəndəsi tərəfindən müəllimə təqdim olunmuşdu. Həmçinin çantanı açanda görür ki, hər uşaq sayına görə bir şokolad almışdı və həmin şokoladı hər bir şagirdə paylamışdı. Düşünürəm ki, belə bir təbrikləşmə həm şagirdlər üçün maraqlı olar, həm də müəllim üçün yaddaqalan olar".
Sevinc İBRAHİMZADƏ