EN

"Qarabağ"ın GÜNDƏMİ: Uğursuz tablo, ağır travma, qaranlıq suallar

3 məğlubiyyət, buraxılan 8 qol.

Bu, "Qarabağ"ın avrokuboklardakı son 3 matçının tablosudur.

Komandamızın son 270 dəqiqədə 1 qol belə vura bilməməsini də buraya əlavə edəndə vəziyyət daha da qəlizləşmiş olur.

Ağdam təmsilçisinin avrokubokların əsas mərhələsinə belə addım atdığını xatırlamıram.

Hər şey yuxarıdakı uğursuz statistika ilə bitmir.

Marko Veşoviçi uzun müddətdir sıradan çıxıb. "Sabah"la son matçda xəsarət alan Mateus Silva da ona qoşuldu. Sağ cinah faktiki Abbas Hüseynovun ümidinə qalmış oldu. 29 yaşlı milli üzvü bu mövsüm avrokuboklarda cəmi 11 dəqiqə çıxış edib. Sağ cinahdakı dərin problem Qurbanovu düşündürməyə bilməz.

Marko Yankoviç zədədən yeni qayıdıb. Optimal forma yığmasına hələ zaman lazımdır. Monteneqrolunun yoxluğu həftələrdi hiss olunur.

Mateuş Koxalski "Tottenhem"lə matçdakı səhvləri beyinlərdə sual yaradıb - Bəlkə, Buntiç?

Bir də fürsətləri boşa verməklə bağlı yaşanan travma.

"Qarabağ" "Tottenhem"ə 0:3 məğlub oldu. Amma ingilis mütəxəssislər bu gün də oyun ətrafında danışarkən "Qarabağ"ın bəxtinin gətirmədiyini deyir. Bu, futbolçuların qol şanslarını necə sağa-sola xərclənməsinin miqyasını göstərir.

İndi futbol ictimaiyyəti kimi, futbolçu və məşqçi heyətini də "görəsən, bu dəfə tilsim qırılacaqmı" sualı çox düşündürür.

İndi yaxşı oyundan çox, qol vurmaq istəyi beyinlərdə var-gəl edir. Təbii ki, bu da oyunçular üzərində əlavə təzyiq deməkdir.

Azərbaycanın Avropadakı yeganə təmsilçisi "Malmö" önünə bu qədər ağır psixoloji yükün altında çıxacaq.

Belədə qələbəyə gedən yol asan sayıla bilməz.

Amma güvənimiz də yox deyil. Xüsusilə azarkeşlər düşdüyü durumdan asılı olmayaraq "Qarabağ"dan qələbə gözləyir. Özəlliklə ev oyununda.

Qısası, qaranlıq suallar çox, gözlənti isə böyük.

Ümid edək ki, növbəti dəfə Qurban Qurbanovun kollektivi çətin görünən məqamda hər kəsi qələbə ilə sevindirə biləcək.

Təbii ki, 30 minə yaxın tərəfdarın dəstəyi sayəsində.

XANOĞLAN İMANOV

Chosen
57
sportinfo.az

1Sources