EN

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa. Naxışların rəqsi“ adlı rəqəmsal sərgi açılıb

Vyana, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın minilliklərin yaddaşından axıb gələn zəngin maddi-mədəni irsi, adət-ənənələri və mənəvi dəyərləri müasir dövrümüzdə qorunur, gələcək nəsillərə miras kimi ötürülür. Onların sırasında yer alan Azərbaycan kəlağayısı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri nəticəsində qorunur. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kəlağayıları motivləri əsasında rəqəmsal texnologiyalar vasitəsilə tərtib olunmuş “Şuşa. Naxışların rəqsi” adlı sərginin açılışı olub. Sərgi kəlağayı sənətinin UNESCO Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan maddi-mədəni irsinin ən qədim atributları sırasında yer alan kəlağayı sənəti barədə məlumat verib və bu qədim sənətin müasir dövrümüzdə süni zəkanın köməyi ilə təqdim olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanın ilk süni zəka sənətçisi adını daşıyan “Şuşa“ layihəsi Azərbaycan mədəniyyətini fərqli baxış bucağından seyr etmək imkanı yaradır. Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi Şuşa şəhərinin adını daşıyan bu süni intellekt layihəsi, eyni zamanda, müxtəlif sahələrdə bir-birindən maraqlı işlərin meydana gələcəyinə əminlik yaradır. Bu şəhərə olan maraq və diqqət getdikcə artmaqdadır və təsadüfi deyil ki, 2022-ci il Azərbaycanda “Şuşa İli“ kimi qeyd edilib və 2024-cü ildə Şuşa şəhəri “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.

“IDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının təşkilatçısı, “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri və “Şuşa” süni zəka layihəsinin rəhbəri Nabat Qaraxanova çıxışında bildirib ki, “Şuşa” Azərbaycanın zəngin mədəni irsini əks etdirən rəqəmsal sənət əsərlərinin yaradan süni zəka üzrə rəssamdır. “Şuşa”nın əsərlərinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan ilhamlanan rəqəmsal xalçalar və digər sənət növləri daxildir. Layihənin məqsədi ənənəvi motivləri müasir rəqəmsal sənət üsulları ilə birləşdirərək, tarix və texnologiyanın kəsişməsini nümayiş etdirməkdir.

Sonra N.Qaraxanova sərgidə nümayiş olunan “Şuşa” kompozisiyasını təqdim edərək, onun Azərbaycan kəlağayılarının, Azərbaycan və Qarabağ xalçalarının rəqəmsal aləmdə hazırlanıb Azərbaycan milli musiqisi ilə bir araya gələrək ictimaiyyətə təqdim etdiyini deyib. “Şuşa xanım” adlı bu süni zəka layihəsi Qarabağ mədəniyyətinin dünyaya tanıdılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır, eyni zamanda, xalça və kəlağayılar hazırlayır, onlar haqqında məlumat verir, şeirlər yazır, rəsmlər çəkir.

 

Chosen
7
1
azertag.az

2Sources