EN

Paşinyanın baş tutmayacaq “sülh planı”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycanla sülh müqaviləsinin mətninə dair açıqlama verib. 

Paşinyanın iddialarına görə, Ermənistanın siyasi strategiyası sülhə nail olmaqdır:

“Rəsmi İrəvanın məqsədi beynəlxalq diplomatik normalara uyğun səviyyədə və şəffaf şəkildə Azərbaycanla barışığa nail olmaqdır”. 

Nikol Paşinyan bu fikrini sülh sazişinin mətninin Ermənistan cəmiyyəti üçün açıq olması ilə əsaslandırmağa çalışıb.

“Sülh müqaviləsi layihəsinin məzmunu aydındır, başa düşüləndir və ictimaiyyətə açıqlanır. Çünki mən bu məqamları müxtəlif hallarda - mətbuat konfranslarında, çıxışlarda, sual-cavab sessiyalarında dəfələrlə qaldırmışam. Burada məxfilikdən söhbət gedə bilməz, sadəcə diplomatik düzəlişlər məsələsi var”,-deyə Baş nazir müxalifətdən olan deputatların suallarına cavab verib. 

Hətta Ermənistanın Baş naziri fikrini isbat etmək üçün müzakirə olunan konkret sülh prinsiplərini açıqlayıb. Onun sözlərinə görə, söhbət diplomatik münasibətlərin qurulması, sülh sazişinin icrasına nəzarət etmək üçün ikitərəfli komissiyanın yaradılması, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmamasından gedir:

“Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik praktikaya məlum olmayan heç nə yoxdur”. 

Qeyd edək ki, Nikol Paşinyanın açıqlaması sülh müqaviləsinin mətni ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməyə imkan verir. 

Əslində, bu çərçivə sülh sazişidir. Çünki Ermənistanın təklif etdiyi 13 bəndlik saziş sülh prinsiplərini tamamilə əhatə etmir. 

Paşinyan hökuməti 17 bəndin yalnız 13-nü imzalamağı təklif edir. 

Bu isə yarımçıq sülh deməkdir. Lakin Ermənistan yekun sülh sazişi üçün Azərbaycanın irəli sürdüyü əsas baza prinsiplərindən yayınmağa çalışır. Ermənistan digər məsələlər üzrə hüquqi öhdəliklər götürmək niyyətində də görünmür. Bu isə Ermənistanın yarımçıq sülh müqaviləsi ilə kifayətlənmək planından xəbər verir.

Halbuki, Azərbaycanın tələb etdiyi prinsiplər yerinə yetirilməsə, Paşinyanın Ermənistan parlamentinin kürsüsündən səsləndirdiyi bəndlərin reallaşması belə, mümkün olmayacaq. Çünki sülhə nail olması ilk növbədə, Ermənistanın Azərbaycan XİN-nin təqdim etdiyi 5 bəndlik baza prinsiplərini yerinə yetirməsindən asılıdır. 

Sülh sazişinin mətnində əksini tapan prinsiplər arasında qarşılıqlı əlaqə var. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin Ermənistan tərəfindən tanınması başlıca şərt kimi çıxış edir. Buna nail olmaq üçün Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların hüquqi qüvvəsinə xitam verilməlidir. 

Lakin Ermənistan indiyə qədər konstitusiya referendumu keçirməkdən yayınır. Bundan başqa, Ermənistan işğal altında saxladığı Azərbaycana məxsus dörd anklav kəndi geri qaytarmalıdır. Yalnız bundan sonra tərəflər arasında sülh müqaviləsinin reallaşması mümkün ola bilər. 

Rəsmi İrəvan tərəfi ən azı çərçivə sazişində konstitusiyadan Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan Müstəqillik Bəyannaməsininə istinad hissəsinin çıxarılacağına dair öhdəlik götürməlidir. Həmin referendumun vaxtı da sənəddə öz əksini tapmalıdır. Əks təqdirdə, Paşinyanın dediyi sözlər, yəni Azərbaycanla diplomatik münasibətlərin qurulması qeyri-mümkün olacaq. 

Azərbaycanın təqdim etdiyi sülh prinsiplərində iki ölkə arasında diplomatik münasibətlərin yaradılması 4-cü prinsipdə yer alıb. 

Burada sərhədlərin delimitasiyası və demarkasiyası ön şərt kimi göstərilir. Ona görə də Ermənistan sərhədlərin müəyyənləşməsi üçün 1991-ci il xəritələrinin əsas götürülməsində israr etməkdən geri çəkilməlidir. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin Almatı Bəyannaməsinə əsasən delimitasiya edilməsi barədə razılaşma var.

Almatı Bəyannaməsi isə 1991-ci il xəritəsini deyil, Sovet dövründə mövcud olmuş inzibati sərhədləri nəzərdə tutur. 

Sovet dövrü 1920-1991-ci illəri əhatə edir. Ona görə də sərhədlərin yenidən müəyyənləşməsində istənilən dövrün xəritələri tətbiq edilə bilər. Sərhədlərin delimitasiyası və demarkasiyası tam başa çatdıqdan sonra iki ölkənin ərazi bütövlüyü haqqında dəqiq göstəricilərdən söz açmaq olar. Ancaq Paşinyan hakimiyyəti bəribaşdan şərt irəli sürərək Ermənistan ərazisinin 29743 kv. km. tanınmasında israr edir. 

Bu da sərhədlərin delimitasiya və demarkasiya prosesini pozur. 

Sərhədlərin müəyyənləşməsi uzun müddət davam edə bilər. 

Ermənistan Azərbaycanla dövlət sərhədlərinə dair və ya konkret xəritələrin tətbiqi ilə bağlı müqavilə imzalasa, bundan sonra diplomatik münasibətlərin yaradılmasından danışmaq olar. Lakin bütün hallarda tərəflər arasında əlaqələrin qurulması sülh və təhlükəsizlik şəraitində mümkündür. İki ölkə arasında şərti sərhədin qalması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etməsinə şərait yaratmaqla yanaşı, sülhü də təhdid edir. Yəni yarımçıq sülh potensial münaqişə deməkdir. 

Chosen
9
cebheinfo.az

1Sources