EN

Elmi çağırışların həllində qlobal və regional əməkdaşlığın roluna dair müzakirə aparılıb

Elmi

Bakı, 4 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfrans davam edir.

AZƏRTAC xəbər verir ki, Qafqaz Dağları Regionu üzrə Elmi Şəbəkənin ölkə direktoru Fuad Bağırovun moderatorluğu ilə keçirilən panel iclasında “Elmi çağırışların aradan qaldırılmasında qlobal və regional əməkdaşlığın rolu” mövzusu müzakirə edilib.

İclasda Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının nümayəndəsi Robin Fears iqlim dəyişikliyinin insan sağlamlığına olduqca çox təsir etdiyinə diqqət çəkib: “Resursları az olan ölkələrə təsirlər daha yüksəkdir. Hazırda mövcud biliklər müəyyən tədbirlər görülməsinə, siyasət həyata keçirilməsinə kifayət edir.

İqlim dəyişikliyinin səhiyyə sahəsinə təsiri ilə bağlı kifayət qədər çağırışlar var. Bu sahədə tədqiqatlar aparılması önəmlidir. Tədqiqatlar ABŞ, Avropa və Cənubi Asiyada daha çox aparılır. Həmin mövzuda tədqiqatlar Qafqaz və Mərkəzi Asiyada çox deyil. Fikrimə nümunə olaraq bildirim ki, biz kəskin hava şəraiti, onun nəticələri ilə bağlı yetərli məlumat ala bilmirik. Odur ki, əməkdaşlıq və səylərin birləşdirilməsi vacibdir”.

Kembric Universitetinin strategiya üzrə direktoru Stefen Davison qeyd edib ki, təhsil qurumları arasındakı beynəlxalq əməkdaşlıq fərdi universitetlərin bacarıqlarını artırır: “Eyni zamanda, yeni həll yollarının olmasını təmin edir. 2030-cu ilə qədər istilik 1,5 dərəcə çərçivəsində qalmalıdır. Biz bu istiqamətdə mövcud tədqiqatlardan istifadə etməliyik”.

London İmperial Kollecin nümayəndəsi Anna Korre qlobal istiləşmənin bütün sahələrin problemi olduğunu deyib: “Universitetlərin bu sahədə gördüyü işlər bəzən kifayət etmir. Təkcə nəşrlər ərsəyə gətirməklə irəlidə olmaq mümkün deyil”.

BDU-nun ICESCO Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova vurğulayıb ki, real dəyişiklik istəyən bütün tərəflər bu prosesə qoşulsalar, irəliləyişə nail oluna bilər: “Biz yeni nəsil peşəkar mütəxəssislər hazırlayırıq. Hazırda isə COP29 çərçivəsində yeni layihəmiz var. Layihə karbon tutulması ilə bağlıdır. Məqsədimiz səmərəli mexanizmlər qurmaq, yaşıl texnologiyaları inkişaf etdirmək, gəncləri bu prosesə cəlb etməkdir”.

GLOBE Beynəlxalq Kuratoru Malini Mehranın sözlərinə görə, təhsil sistemində istiləşmə problemi xüsusilə yer tutmalıdır.

Panel iclası müzakirələrlə davam edib.

 

Chosen
56
azertag.az

1Sources