EN

Rusiyanın baş kəşfiyyatçısı Bakıya, ABŞ-ın baş kəşfiyyatçısı İrəvana gəldi- Kreml nəticə çıxarmalıdır...

Image

Akif Nağı: "Bu səfərlər dünyanın güc mərkəzlərinin regionda mövqelərini möhkəmləndirmək məqsədlərindən xəbər verir"

Cənubi Qafqaz ölkələrinə dünyanın marağı getdikcə artır. Əsasən də supergüc sayılan dövlətlər bu regionda varlığını təmin etmək üçün geosiyasi rəqabəti gücləndirir. Cənubi Qafqaz ölkələri isə bu imkandan yararlanmaq, daha böyük dividendlər əldə etmək istəyir.

Azərbaycan Cənubi Qafqazın coğrafi baxımdan açar ölkəsidir. Məsələn, Gürcüstanda və Ermənistanda mövqelərini möhkəmləndirmək istəyən bütün ölkələrin məqsədi yalnız Azərbaycana təsir etmək imkanı qazanmaqdır. Çunki Azərbaycan elə bir coğrafi mövqedədir ki, sözün həqiqi mənasında dünyanın kəsişməsini təmin edir. Mənfur düşmənlərimizin bəyan etdiyi "dünyanın kəsişməsi" layihəsi Azərbaycanda artıq reallaşmaqdadir. Ona görə də regionda çox maraqlı hadisələr baş verir.

Məsələn, bu günlərdə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa və Avrasiya Regional Mərkəzinin direktoru Patrik Prayoru qəbul edib.

Ermənistan Təhlükəsizlik Şurası aparatının press-relizinə görə, Armen Qriqoryan Patrik Prayoru salamlayıb, onun Ermənistana səfərini xüsusilə qeyd edib və ikitərəfli münasibətlər çərçivəsində sıx əməkdaşlıq nəticəsində formalaşmış qarşılıqlı fəaliyyəti məmnunluqla vurğulayıb.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə Bakıda rəsmi səfərdə olub.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Narışkin Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə də danışıqlar aparılıb.

Amerikanın təhlükəsizlik yetkilisi İrəvana, Rusiyanın təhlükəsizlik yetkilisi isə Bakıya gəlib. Sizcə nə baş verir? Ermənistan tam olaraq Qərb və ABŞ-nin təhlükəsizlik çətirinin altına sığınırmı?

Bizimlə söhbətində siyasi şərhçi Akif Nağı bildirdi ki, Amerika və Rusiyanın təhlükəsizlik xidmətlərinin regiona səfəri təsadüfi deyil: "Bu səfərlər dünyanın güc mərkəzlərinin regionda mövqelərini möhkəmləndirmək məqsədlərindən xəbər verir. ABŞ-nin təkqütblü dünya yaratmaq cəhdləri alınmadı, dünyanın qütbləşməsi davam edir. Bir tərəfdə Amerika, digər tərəfdə Rusiya dayanır. Rusiya nə qədər taqətdən salınsa da, hərbi-siyasi güc mərkəzi olaraq qalır. ABŞ isə müxtəlif regionlarda öz mövqeyini möhkəmləndirməyə çalışır. Bu iki güc mərkəzi arasında ciddi mübarizə gedir. Üçüncü hərbi-siyasi güc mərkəzinə çevrilmək istəyən tərəf isə Avropadır. Son on ildə müəyyən nəticələr də əldə edilmişdir. Avropada bu proses Almaniya və Fransanin rəhbərliyi altında gedirdi. Amma Almaniyada hakimiyyətin dəyişməsi, Şoltsun hakimiyyətə gəlməsi ölkənin siyasi mövqelərini zəiflətdi. Bəlkə də onun hakimiyyətə gəlməsi təsadüfi deyil. Fransada isə Makron elə siyasət yürüdür ki, Fransanın nüfuzu Avropada və dünyada heçə edib. Almaniya və Fransada hakimiyyət dəyişikliyi baş verərsə, ola bilsin ki, Avropanın hərbi-siyasi güc mərkəzinə çevrilmə prosesi davam etsin.

Digər güc mərkəzinə çevrilmək istəyən tərəf Türkiyənin rəhbərliyi altında Türk Dövlətləri Birliyidir. Buna əngəl olmaq üçün ABŞ və Rusiya  ciddi addımlar atırlar. Amerika ilə Rusiyanın həmrəy olduqları yeganə məsələ bəlkə də odur ki, türk dövlətlərinin hərbi-siyasi güc mərkəzinə çevrilməsinə imkan vermək olmaz. Amma Türkiyə və Azərbaycanın dəstəyi ilə proses davam edir. Türk dövlətləri bir araya gəlir və lider olaraq Türkiyə və Azərbaycanı qəbul edirlər. Bu istiqamətdə ciddi işlər gedir və daha çox Azərbaycan bu işə öz töhfəsini verir. Çünki türk dövlətlərinin əksəriyyəti keçmiş SSRİ-nin tərkibində Azərbaycanla bir məkanda olub, onların Azərbaycanla əlaqələri daha sıxdır, bir-birlərini daha yaxşı anlayırlar. Onların bu güc mərkəzində toplaşması Azərbaycandan daha çox asılıdır. 

Eyni zamanda Türkiyəni də hər bir türk dövləti bir lider kimi qəbul edir. Bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərini də bu birliyə cəlb edir. Birliyin nüvəsi türk dövlətləridir, amma bu birliyə qeyri-türk dövlətlərinin də qoşulma tendensiyası gedir. Məsələn, qismən türk dövləti olan  Macarıstan, qeyri-türk dövlətlərindən Əfqanıstan, Afrikanın bir sıra dövlətləri türk güc mərkəzinə yaxındırlar.

Çin isə dünyada hərbi-siyasi gücə çevrilmək fikrində deyil. 70-ci illərdən başlayaraq Çin dünyada iqtisadi güc mərkəzinə çevrilmək kursunu götürüb və bu siyasət bu gün də davam edir. BRİKS və digər layihələrdə Rusiya ilə bir yerdədilər. Sadəcə olaraq, Rusiya hərbi-siyasi güc mərkəzi kimi bu ittifaqda mövcuddur. Çin isə iqtisadi güc mərkəzi kimi bu birlikdə liderdir və iqtisadi qüdrətini artırmaq üçün birliyin verdiyi imkanlardan səmərəli istifadə edir.

Bölgə uğrunda Rusiya ilə Amerika arasında mübarizə gedir, bu səfərlər də həmin mübarizənin tərkib hissəsidir. Görünür, müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var. İllər əvvəl bir tərəf SSRİ-nin, digər tərəf isə Amerikanın diqtəsi altında idi. O vaxt məsələyə ağ-qara prinsipi ilə yanaşılırdı, ya mənimləsən, ya mənim düşmənimsən... Amma indi belə diktant mövqe yoxdur. Sadəcə, Amerika və Rusiya hər biri regionda öz mövcudluğunu təmin etmək uğrunda mübarizə aparır. Amerika Ermənistanda mövqelərini möhkəmləndirməyə çalışır. Rusiyanın Ermənistanada mövqeini zəiflətməyə və ya onu tamamilə sıxışdırıb çıxarmağa cəhd göstərir. Digər tərəfdən ABŞ Zəngəzur dəhlizi istiqamətdə öz hərbi mövcudluğunu təmin etmək fikrindədir.

Rusiya isə Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq istəyir. Məsələn, Rusiya Gürcüstanda federal quruluş yaradıb, Abxaziya və Osetiyanı onun tərkibinə vermək və bununla da Tiflisin rəğbətini qazanmaq, burada öz mövqelərini möhkəmləndirmək, orada hərbi-siyasi mövcudluğunu bərpa etmək amacındadır. Rusiya Azərbaycanda da hərbi-siyasi mövcudluğunu qurmaq cəhdində bulunur. Bir müddət sülhməramlı kontingent şəklində Rusiya Azərbaycanda mövcud oldu. Lakin artıq buna ehtiyac qalmadı və Azərbaycanın da təzyiqi altında həmin hərbi kontingent ərazilərimizi tərk etdi. Hazırda isə Xankəndidə və ya hansısa ərazidə Rusiya konsulluğunun açılması söhbəti gedir. Amerikanin və Rusiyanin səfirlik və konsulluqları diplomatik missiyadan daha çox hərbi-siyasi missiyanı həyata keçirir. Ermənistanda ABŞ-ın səfirliyi onun xüsusi xidmət orqanlarının bazasına çevrilib. Rusiya da yəqin ki, konsulluq adı altında Azərbaycanda buna bənzər hərbi-siyasi mövcudluğunu təmin etmək istəyir. Hesab edirəm ki, Azərbaycan Rusiyanın bu istəklərinə razılaşmamalıdır. Rusiyanın hər hansı ad altında ölkəmizə gəlməsi arzuolunan deyil. Bu, Azərbaycan üçün təhlükə mənbəyi ola bilər. Yenidən regionda "erməni faktoru"nu qabarda bilərlər, Rusiya hansısa sayda erməni ailəsinin geri qaytarılmasına nail ola bilər. Bu da bizim üçün çox böyük təhlükə yaradar. Azərbaycan Rusiya ilə münasibətləri normal şəkildə saxlamalı, öz mövqelərini müdafiə etməlidir. Xankəndidə konsulluğunun açılmasının heç bir məntiqi yoxdur, orada ruslar yaşamır. Ermənilər hansısa sayda geri qayıdacaqsa, onların təhlükəsizliyini digər etnik vətəndaşları kimi Azərbaycan özü təmin edəcək. Söz-söhbət gedir ki, bu istiqamətdə proses gedir, Narişkin də yəqin detalları müzakirə etmək üçün səfər edib. Azərbaycan bu məsələdən qəti şəkildə imtina etməlidir, Xankəndidə Rusiya konsulluğunun açılması yolverilməzdir. Bu məsələdə Türkiyənin də mövqeyi nəzərə alınmalıdır. Azərbaycan bundan sonra Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq qurmağa çalışmalıdır".

Dəniz NƏSİRLİ





Chosen
40
baki-xeber.com

1Sources