EN

Deputat: "Qarabağa həyat yenidən qayıdır”

"Cəbrayılın azad olunması strateji və tarixi əhəmiyyətə malikdir" 

Xəbər verdiyimiz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Məhz bu tarixi gün dünən Cəbrayılda qeyd olundu. Artıq torpaqlarımızın işğal gününü deyil, işğaldan azad olunma gününü qeyd etməyimiz hər birimiz üçün böyük bayramdır.

Əlbəttə ki, 30 illik işğal dövründən sonra sadəcə 44 gün ərzində bu möhtəşəm qələbəyə nail olmağımıza görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, Ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarıq.

Bu tarixi uğura gedən hər bir gün, hər bir addım olduqca mühüm idi. Lakin Cəbrayılın burada rolu çox böyük idi. 2020-ci il sentyabrın 27-də başladığımız əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri işğalından azad edildi.

Olduqca strateji əhəmiyyətə malik olan şəhərin işğaldan azad olunmasından sonra digər ərazilərimizin də azad olunma prosesi sürətləndi.

Prezident İlham Əliyevin cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışı zamanı da Cəbrayılın işğaldan azad olunmasının çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

"Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi". 

Qeyd edək ki, geridə qalan 4 il ərzində Cəbrayıl şəhərinin inkişafı ilə bağlı dövlət tərəfindən bütün addımlar atılır. Artıq cəbrayıllılar işğaldan azad olunmuş dədə-baba yurdlarında yaşayırlar.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, “pioner düşərgəsi”, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin yola salınma prosesi davam etdirilir. İndiyə qədər 117 ailənin, yəni 364 nəfərin Cəbrayılda daimi məskunlaşması təmin edilib.

Milli Məclisin deputatı Jalə Əliyeva "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Cəbrayıl şəhərinin işğaldan azad olunması tarixi və strateji əhəmiyyətə malik idi:

"Məhz Cəbrayıldan sonra sürətli şəkildə digər ərazilərimizin uğurlu əməliyyatlarla işğaldan azad olunması onun əhəmiyyətinin bariz nümunəsidir. 

Xüsusilə, Cəbrayıldan sonra Azərbaycan Ordusu Hadrut qəsəbəsi, Zəngilan, Qubadlı və Laçın rayonunu erməni işğalçılarından təmizlədi. Nəticədə, çox qısa müddətdə tarixi dədə-baba torpaqlarımızda şanlı üçrəngli bayrağımız dalğalanmağa başladı.

Yəni Cəbrayılın azad olunması 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi oldu. Strateji və tarixi əhəmiyyətə malik Cəbrayılın azad olunması həm əlavə ruh yüksəkliyi, hə də stimul idi".

Millət vəkili diqqətə çatdırıb ki, bu gün Qarabağın bütün bölgələrinə həyat yenidən qayıdıb:

"Hazırda işğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma və bərpa işləri gedir. Bütün bunlara cənab Prezident İlham Əliyev özü şəxsən nəzarət edir.

Dövlət başçısı mütəmadi şəkildə Qarabağa səfərlər edərək, orada aparılan quruculuq işləri ilə yaxından tanış olur və tapşırıqlarını verir. Nəticədə, hər həftə yüzlərlə ailə öz dədə-baba yurdlarına qayıtmağın sevincini yaşayırlar.

Cəbrayıllılar da 30 illik həsrətin ardından öz doğma şəhərlərinə köçdükləri üçün çox sevinclidirlər. Böyük Qayıdışın da məhz Cəbrayıldan başlamasını xüsusi vurğulamaq lazımdır. Belə ki, bu tarixi prosesin təməli Cocuq Mərcanlı kəndinə qayıdışla başladı. 

Üstəlik, bu gün Cəbrayılda da, digər işğaldan azad olunan ərazilərdə də meqa layihələr həyata keçirilir. Eyni zamanda, Qarabağa qayıdan vətəndaşların rahat yaşayışı və orada işlə təmin olunması üçün bütün lazımi addımlar atılır".

Chosen
31
cebheinfo.az

1Sources