EN

Vətən müharibəsinin xronikası: 6 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərfərlə yazıldı.

• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələri darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi məhv edilib. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilən D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib.

Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olunub.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələri darmadağın edilib. Ötən müddətdə düşmənin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi məhv olunub. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilən D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib.

İşğalçının Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb. Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb. Alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Eyni zamanda, hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq əməliyyat zonasından uzaqlaşıblar. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı zəruri ehtiyaclar tam təmin edir.

Cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən şəhər və rayonlarımızda əhalinin kompakt olduğu yerlərə, mülki infrastruktura sistemli şəkildə raket zərbələri endirir. Düşmən Gəncə, Mingəçevir, Beyləqan, Horadiz, Tərtər, Ağcabədi, Bərdə, o cümlədən Tərtər, Goranboy və Göygöl rayonlarını raket və artilleriya atəşinə tutur. Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışlarını qeydə alır. Ermənistanın bu müharibə cinayətləri məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir.

Erməni KİV-lərinin dezinformasiyaları Azərbaycan tərəfindən iflic edilən işğalçı ordunun şəxsi heyətini, eləcə də təşviş və kütləvi psixoz vəziyyətində olan Ermənistan əhalisini yanlış yöndə istiqamətləndirir. Ermənistan yüksək çinli məmurlarının yalan və iftiraları məsələni daha da alovlandırır. Düşmənin ordu komandanlığı işğal edilən ərazilərdə nəzarəti itirməsinə, həmçinin məğlubiyyətin qaçılmaz olduğunu dərk etməsinə baxmayaraq, qeyri-insani xislət nümayiş etdirir və sanki vətəndaşlarının tələf olmasını istəyir.

• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlərimizin başçısı müsahibədə müxbirin “Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir” sualına cavabında deyib: “İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə – erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər”.

• Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunub, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.

• Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və hərbi texnikalarının videogörüntülərini paylaşıb.

• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb.

• Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi dünyanın bütün ölkələrinin Konstitusiya məhkəmələrinə bəyanatla müraciət ünvanlayıb.

 

Chosen
19
xalqqazeti.az

1Sources