EN

''Beşiktaş'' fanatları bu matçda stadiona buraxılmayacaq!

Avropa Liqasının əsas mərhələsinə çox uğursuz start verən və keçirdiyi hər iki oyunda məğlub olan ''Beşiktaş'' 3-cü oyunda oktyabrın 24-də Fransada ''Lion'' ilə qarşılaşacaq.

Bu arada həmin oyunla bağlı çox mühüm bir qərar qəbul edilib. Oyun Fransada Beynəlxalq Xuliqanlığa qarşı Mübarizə Təşkilatı tərəfindən yüksək riskli kateqoriyasına daxil edilib. Maraqlıdı ki, fransızların şikayəti UEFA tərəfindən qəbul edilib. Qurumun qərarı ilə həmin gün ''Beşiktaş'' fanatları stadiona buraxılmayacaq.

Lion şəhərinin yerləşdiyi Rona regionu valiliyinin yayınladığı mətndə qeyd olunub ki, oyun günü ''Beşiktaş'' fanatlarının şəhərin mərkəzində, qatar stansiyalarında, hava limanında, stadionun içində və ətrafında toplaşmasına icazə verilməyəcək. Bu qərarın verilməsinin əsas səbəbi bir neçə il öncə bu komandalar arasında Fransada keçirilən oyun zaman yaşanan iğtişaşlardı. 2016/17-yə təsadüf edən həmin oyundan öncə fanatlar arasında gərginlik yaşanmış və nəticədə qarşılaşma nəzərdə tutulandan 45 dəqiqə gec başlamışdı. Amma ''Beşiktaş'' bu qərarla razılaşmaq niyyətində deyil. Klubdan verilən rəsmi açıqlamada UEFA-nın bu qərarına etiraz ediləcəyi qeyd olunub. ''Qartal'' rəhbərliyi ''Ayaks''a qarşı son səfər matçının qalmaqalsız ötüşdüyünü misal gətirməyə çalışacaq. Hərçənd həmin gün tam qalmaqal yaşanmadığını demək düzgün olmaz.

Düzdü, oyunun gedişində heç bir qanqaraldıcı olay baş vermədi. Amma oyundan bir neçə saat öncə ''Beşiktaş'' fanatları ilə həm ''Ayaks'' fanatları, həm də polislər arasında bəzi gərginliklər yaşanmışdı. Nəticədə Amsterdamda ''Beşiktaş''ın 14 azarkeşi həbs olunmuşdu.

ƏLİ

Chosen
85
football-plus.az

1Sources