Hakimlik mövzusu futbolumuzda bu günün yox, çoxdanın problemidir.
Heç cür də düzəlmir.
Ştuxlik, Barış Şimşek kimi əcnəbilər gəlib bir iş görmədilər, indi də De Blekeri gətiriblər Hakimlər Komitəsinin başına. Adlar dəyişir, problemlər qalmaqdadır.
Az qala hər tur hakim səhvlərinə səhnə olan Premyer Liqamızda mübahisəyə açıq növbəti hal yaşanıb. "Səbail" - "Şamaxı" matçının 63-cü dəqiqəsində qonaqların futbolçusu Brahim Konate ikinci sarı vərəqə alaraq meydandan qovulub.
İlk baxışdan Konatenin vərəqə alma səbəbini əlinin rəqibin üzünə dəyməsi ilə əlaqəndirsək də, təkrardan yüngül toxunuşa bənzəyən epizod izlədik. Belə toxunuşlar demək olar hər oyunda baş verir, bəzən heç saxlamırlar, vərəqə də vermirlər. Məsələn, dünən keçirilən "Sabah" - "Araz Naxçıvan" matçında meydan sahiblərindən Letiçin oxşar toxunuşuna davam, Tellur Mütəllimovun dirsəklə üzə zərbəsinə qayda pozuntusu verildi, vərəqə isə yox.
"Səbail" - "Şamaxı" matçının baş hakimi Əliyar Ağayev qonaq klubun nümayəndələri ilə söhbətdə Konatenin vərəqəsinə səbəb kimi hakimin qərarına etiraz etməsini gətirib.
Görünən odur ki, Əliyar Ağayevin bu qərarı "Şamaxı"nı "sındırmağa" hesablanmışdı. Hesabda geri olan qonaqlar oyunda dönüş yaratmaq üçün irəli atılmışdı, gedişat onu göstərirdi ki, "Şamaxı" bu oyunda heç olmasa bir xal qazana bilər. Lakin Əliyar Ağayev "uydurduğu" vərəqə ilə "Şamaxı"nın "axırına çıxdı"!
Əgər səbəb üzə toxunuşdursa, De Bleker ötən tur rəqibi vurub zərbənin şiddətindən yerə yıxılan "Neftçi"li Matiasın epizoduna yüngül toxunuş deyir, Konatenin yüngül toxunuşunu isə sərt kimi dəyərləndirirlər?
Səbəb etirazdırsa, Əliyar Ağayev nə gördü axı həmin epizodda, hansı ciddi etiraz olub? Konate heç bir çılğınlıq göstərməyib, hakimin üzərinə getməyib, nümayişkaranə hörmətsizlik olmayıb...
Yeri gəlmişkən, "Şamaxı"nın sarı vərəqə həddində olan hər üç futbolçusu "Səbail"lə oyunda vərəqə alaraq cəzalı duruma düşüb. Onlar gələn tur "Araz Naxçıvan"la oyunu buraxacaqlar. Bunu da təsadüf sayaq (sportal.az).