EN

Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin ədəbi əlaqələri müzakirə edilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan Çinin Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini Raymond J.Vu, akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, qonaqlar bu elmi müəssisənin nəzdində fəaliyyət göstərən Çin Mədəniyyət Mərkəzi ilə yaxından tanış olublar. Onlara bildirilib ki, Mərkəzin əməkdaşı Nərgiz Kərimova tərəfindən ölkəmizdə ilk dəfə olaraq Çin-Azərbaycan ədəbi əlaqələrinə dair fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Həmçinin burada Çin dilinin tədris olunduğu diqqətə çatdırılıb.

Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov isə Çin ədəbiyyatı və mədəniyyəti haqqında aparılan tədqiqatlar barədə məlumat verib. Azərbaycan-Çin ədəbi əlaqələrinə dair kitabın hazırlandığını, çinli alimlərlə birgə konfransların keçirildiyini vurğulayıb.

Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei Çin Mədəniyyət Mərkəzinin və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib, Ədəbiyyat İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

 

Chosen
13
2
azertag.az

3Sources