EN

Bir səfirin düzəldəcəyi işdir bu?- Paşinyan Arsenyanı "zibilə salıb"...

Image

Artıq Ermənistanın ürəyinin Avropa ilə döyündüyü heç kimdə şübhə doğurmur. Amma Qərbin də Ermənistan qarşısında ən azı iki tələbi var: Rusiyanın ölkə daxilində hərbi-siyasi mövcudluğuna son qoymaq və Azərbaycanla sülh sazişi imzalamaq. Bu iki şərt daxilində Avropa Ermənistanı öz ağuşuna - təhlükəsizlik çətiri altına almağa hazırdir. 

Göründüyü kimi, Paşinyan hakimiyyəti də bu iki istiqamətdə çalışır. O, erməni hiyləgərliyinin bütün variantlarını işlədir ki, bu iki tapşırığı formal olsa da yerinə yetirsin. Amma atalar demişkən, kotan kötüyə ilişib. Nə Azərbaycan formal sülh müqaviləsinə imza atır, nə də Rusiya xoşluqla Ermənistanı tərk etmək istəyir. Zvartnots hava limanından rus sərhədçilərinin çıxarılması hələ tapşırığın hamısının yerinə yetrilməsi demək deyil. Bu, Avropa tərəfindən uzaqbaşı ilk addım kimi qiymətləndirilə bilər. Rusiya sərhədçiləri hələ İran və Türkiyə ilə Ermənistanın sərhədlərini qorumaqda davam edir, Gümrüdəki 102-ci baza da öz işindədir. Düzdür, Gümrüdə ruslar bir qədər özlərini yığışdırıb. Daha qəsəbə küçələrində hərbi təlim keçmir, əsgərləri sərxoş halda erməni qızlarına sataşmır və s. Amma Rusiya hərbi güc olaraq bu ölkədə tam şəkildə mövcuddur. Cənubi Qarqazın digər iki ölkəsinin heç birində Rusiya bu cür hərbi-siyasi mövcudluğa malik deyil.

Bununla yanaşı, formal olsa da Ermənistan Rusiyanın patronajlığı ilə qurulan KTMT-nin üzvüdür. Paşinyan tələb edir ki, Rusiya ölkəni tərk etsin, bu hərbi mövcudluq onun Qərbə doğru inteqrasiya strategiyasına mane olur. Rusiya isə çıxmaq istəmir, yumşaq şəkildə anladır ki, "sənin tumanının balağı mənim dizimin altındadır", məndən icazəsiz ayağa qalxa bilməzsən.

Əslində Rusiyanın Ermənistana doğrudan da çox ciddi təsirləri mövcuddur. Ermənistan iqtisadiyyatı hazırda rus kapitalının monopoliyası altındadır, İrəvan Aİİ üzvüdür və bu əməkdaşlıqdan külli miqdarda gəlir əldə edir. Rusiya ilə ticarət dövriyyəsi yüksək səviyyədədir. Rusiyanın qiymətli metallarını satir və rus ordusu üçün çip idxalını təmin edir.

Eyni zamanda, Rusiyada 800 minə qədər Ermənistan vətəndaşı əmək miqrantı kimi yaşayır, işləyir və onlar ötən il vətənlərinə 4 milyard dollardan çox vəsait göndərib. Halbuki, Ermənistanın ötənilki dövlət büdcəsi 6,6 milyard dollar olub. Yəni dövlət büdcəsinin 60,1 faizi Rusiyadan gəlib. Bu rəqəm cari ildə, ola bilsin ki, bir qədər də artacaq. Rusiya həmin əmək miqrantlarını vətənə deportasiya etsə, Ermənistan həm illik 4 milyard dollar vəsaitdən məhrum olur, həm də 800 min etirazçı elektorat qazanır. Lakin Rusiya hələ Ermənistanın başını sığallayır, nəvazis göstərir, bəzi hallarda isə, hətta ona yaltaqlanır. Amma bu da bir nöqtəyə qədər davam edəcək...

Belə bir şəraitdə Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Moskva ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılmasına çalışacağını deyib. O, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinlə görüşdə deyib.

“Mən bu çətin günlərdə öz səylərimi göstərməyə və Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmağa, bizi qane edəcək səviyyəyə çatdırmağa gəlmişəm”, - Arsenyan bildirib.

O qeyd edib ki, Ermənistan müttəfiqi olan ölkədir, onunla müttəfiqlik müqaviləsi var və Rusiya ilə iqtisadi ittifaqdadır.

“Media məkanında baş verənlər məndə tamamilə anlaşılmazlığa səbəb olur: niyə belədir? Biz nədən çıxış edirik - reallıqdan, yoxsa bəzi xəyali şəkillərdən?"

Əlbəttə, cənab Arsenyan, media nəyi görürsə, onu da yazır, təhlil edir və nəticə çıxarır. O sizsiniz "xəyali şəkillərdən" danışan. Bu iki ölkə arasında yuxarıda qeyd etdiyimiz ziddiyyətləri heç Paşinyan aradan qaldıra bilmir, sən necə sıravi diplomat olaraq belə ağır yükün altına əl qoymusan? Erməni fantaziyası və yalanı hər yerdə, hər addımda özünü mütləq büruzə verir. İndiyə qədər Ermənistan erməni fantaziyasından və "erməni xəstəliyi"ndən xeyir götürüb. Ona görə də ermənilər bu kursa sadiqdirlər. Həmisə "fantaziya və hiyləgərlikləri ilə" qarşılarına çıxan bütün divarları aşırıblar. Amma bu yalnız fantaziya və hiyləgərliyin gücü deyil, onların arxasında həmisə Rusiyanın güclü əli olub. İndiyə qədər nəyə nail olublarsa, yalnız o güclü əlin sayəsində qazanıblar. Budəfəki divar isə elə o "güclü əl"in özüdür. Fikrimizcə, Rusiya Moskva boyda qalsa belə, Ermənistanla bacara bilər. Ona görə də bu dəfə qarşılarına çıxan divar elə ermənilərin öz üstünə aşacaq. Bu divarın isə altından salamat çıxmaq çətin məsələdir.

Akif NƏSİRLİ





Chosen
28
baki-xeber.com

1Sources