EN

Təmiz ətraf mühit və “yaşıl” inkişaf üçün...

Karbon emissiyasının azaldılması “yaşıl iqtisadiyyat”a keçidi və inkişafı sürtələndirəcək

Azərbaycan hökuməti bərpa olunan enerjidən istifadənin daha da genişləndirilməsi, daha az karbon istifadəsinə hesablanmış nəqliyyat vasitələrinin artırılmasına, enerji səmərəliliyinin artırılması, metan emissiyalarının azaldılması və hidrogen kimi innovativ texnologiyaların tətbiqi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməklə bu sahədə kifayət qədər uğurlar əldə edib. Bununla yanaşı, ekoloji təmiz texnologiyaların və “yaşıl” texnologiyalara tətbiqinin geniş yer verilməsi, ekoloji baxımdan əlverişli olan mənbələrin istifadəsinin artırılması və istehsalın müasir “yaşıl iqtisadi resurslara” əsaslanması başlıca hədəf prioritetlər?dir. “Azərbaycan-2030” konsepsiyasında müəyyən edilmiş beşinci milli prioritet - “Təmiz ətraf mühit və “yaşıl” inkişaf ölkəsi də bu prinsiplərə əsaslanır və əsas məqsəd karbonzuslaşdırma yönümlü idarəetmənin təmin olunmasıdır.

Qarşıda duran ən başlıca tədbirlərdən biri istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının azaldılmasıdır. Azərbaycan ətraf mühitə emissiya edilən karbon üzrə payı hədsiz dərəcədə azdır, dünyadakı karbon emissiyasının 0,13 faizi Azərbaycanın payına düşür. Bu nisbət kifayət qədər kiçik olsa da, qlobal çağırışlardan geri qalmayaraq karbonsuzlaşdırma strategiyalarının inkişaf etdirmək niyyətindədir. Həmçinin “yaşıl keçid”in əsas iştirakçılarından biri olan ölkəmiz “yaşıl layihələr”ə investisiyaları təşviq etmək üçün beynəlxalq birlik qarşısında 2040-cı ilədək emissiyaları 40 faiz azaltmaq öhdəliyi götürüb. Ona görə də qlobal çağırışlara müsbət töhfə vermək üçün karbonsuzlaşdırma strategiyalarının inkişaf etdirilməsi əsas ssenarilərdən biri kimi uzunmüddətli baxışı əks etdirir.

Karbon emissiyası ÜDM-i azaldır

Karbon emissiyasının azaldılması “yaşıl iqtisadiyyat”a keçid üçün də əsas stimullardan biridir. Hazırda dünyada iqlim dəyişmələri fonunda azalan təbii ehtiyatlar və bəşəriyyətin artan tələbatı  digər resursların istehlakını yüksəldir. Çünki iqlim dəyişikliyi ekoloji tarazlığı pozaraq biomüxtəlifliyə də təsir edir və mövcud istehsal blokalarını zəiflədir. Dünya Bankının hesablamalarına əsasən, iqlim dəyişikliyinin təsiri nəticəsində 2050-ci ilədək qlobal ÜDM illik 1,5-5 faiz arası azalacaq. Həmin tələbatların ödənilməsi isə müasir rəqəmsal və “ağıllı texnologiyalar”ın ge?iş tətbiqi yolu ilə “yaşıl iqtisadiyyat” quruculuğundan keçir. Bu gün inkişaf etmiş ölkələrin hər biri üçün dayanıqlı inkişafın əsas atributu “yaşıl maliyyə”ni təmin edən “yaşıl resurs”ların istehsalı və emalının əhəmiyyətli şəkildə artırılmasıdır.

Ona görə də Azərbaycan üçün de-karbonizasiya həm ekoloji hədəflərə çatmaq, həm də müasir innovativ iqtisadiyyat qurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq təcrübəyə əsaslanaraq “yaşıl iqtisadiyyat”a keçid üçün müxtəlif iqtisadi alətlərdən istifadə etməyi planlaşdırır. Strateji Yol xəritəsinə əsasən, bu sahəyə biznesi həvəsləndirmək üçün müxtəlif iqtisadi təşviqlərin verilməsi nəzərdə tutulur. Onlardan ən vacibi “yaşıl iqtisadiyyat”ın maliyyə ehtiyaclarının ödənilməsidir.

“Yaşıl maliyyə” alətləri üçün çərçivə sənədi hazırlanır

Mərkəzi Bank (MB) tərəfindən hazırlanmış Dayanıqlı Maliyyə üzrə Strateji Yol Xəritəsində maliyyə sektorunda da “yaşıl artım” alətlərinə xüsusi üstünlük verilməsi nəzərdə tutulub. Bu məqsədlə “yaşıl sərmayələr”in motivasiyası yönündə addımlar atılacaq. Son bir ildə ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinə xarici investorların cəlb edilməsi və bir neçə şirkətlə sazişlərin imzalanması bu ekosistemin infrastrukturunun yaradılması istiqamətində ilkin addımlardır. Bank, sığorta, investisiya şirkətlərinin biznes icması ilə bu istiqamətdə birgə maliyyələşməyə keçidi üçün yaxın zamanlarda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi də istisna deyil. Bundan  başqa, səhmdar şirkətlərin “yaşıl istiqrazlar” emissiyasına təşviqi üçün qiymətli kağızlar bazarının emitentləri ilə fəaliyyət planı hazırlanacaq. Bu alətlərin buraxılışının stimullaşdırılması üçün hüquqi çərçivənin hazırlanması nəzərdə tutulur.

Alternativ enerji mənbələrinə biznes nümayəndələrini həvəsləndirmək üçün “yaşıl kredit”lərin verilməsi də əsas prioritet hədəf kimi müəyyənləşib.

Bu siyasət tədbirlərinin əsas məqsədi ekoloji layihələrə, bərpa olunan enerji mənbələrinə sərmayə axtaran biznes təşkilatlarına, ekoturizm sənayesinə, eləcə də təmiz kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli və asan kreditlərin verilməsini təşviq etməkdir. MB hesab edir ki, hazırda Azərbaycanın maliyyə sektoru tərəfindən verilmiş kreditlərin təxminən 50 %-i ekologiyaya həssas sektorları əhatə edir. Belə ki, krediti əldə edən təşkilatların icra etdiyi layihələr sırasında istixana qazlarını artıran sektorlar, kənd təsərrüfatı və tullantılar sektorları xüsusi yer tutur. Ancaq bunlar hələlik qanedici deyil və buna görə də, “yaşıl istehsal” sektorunun əhatəsini genişləndirmək və fərdi biznesi bu sahəyə daha çox yönəltmək üçün təşviqedici kredit alətlərinin tətbiqinə daha çox üstünlük veriləcək.

Karbon vergisi de-karbonizasiya prosesini də sürətləndirir...

Karbonsuz iqtisadiyyata keçidin institisional-maliyyə çərçivəsinin hazırlanması ilə yanaşı, bu sahədə fiskal tənzimləmə, vergi-gömrük səmərəliliyinin təmin olunması da başlıca şərtlərdən biridir. Bu məqsədlə ekoloji mühiti ağırlaşdıran sənaye sektoru üçün vergi nəzarəti tətbirlərinin gücləndirilməsi və müxtəlif məhdudlaşdırıcı addımların atılması planlaşdırılır. Məhdudlaşdırıcı vasitələrdən biri kimi dünyada geniş yayılmış vergi alətlərindən biri olan karbon vergisinin tətbiqi nəzərdən keçirilir.

Xüsusilə də “yaşıl sənaye”nin dünyada geniş vüsət alması fonunda Azərbaycan hökuməti sənayeləşmənin ekoloji təsirlərinin azaldılması üçün vergitutma mexanizminin müasir alətlərinə yer verilməsi də ümumi siyasətin tərkib hissəsini təşkil edir. Çünki karbon vergisinin tətbiqi sayəsində biznesin ənənəvi sənaye metodlarından yeni sənaye istehsalına keçidi stimullaşır. Biznes icması “yaşıl vergi”lər sayəsində bərpa olunan enerji mənbələri və “yaşıl texnologiyalar”dan geniş istifadə edir, tikinti və sənayedə daha çox “yaşıl texnologiyalara” üstünlük verir, nəticədə bu mexanizmlər de-karbonizasiya prosesini də sürətləndirir. Ona görə də, ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktlarının təkmilləşdirilməsi, “yaşıl istehsal”a iqtisadi stimulların verilməsinin artırılması gözlənilir.

Beynəlxalq “yaşıl əməkdaşlıq”...

Azərbaycan hökumətinin de-karbonizasiya təşəbbüslərini dəstəkləyən beynəlxalq qurumlar bu istiqamətdə ölkəmizlə əməkdaşlıq edəcəyini bildirir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) investisiya və siyasət təşəbbüsləri vasitəsilə Azərbaycanın karbonsuzlaşdırma proqramını dəstəkləmək üçün fəal işləyir. Bankın Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenin fikrincə, bu çərçivəyə əsasən, Qaradağda ilk özəl günəş elektrik stansiyasının tikintisinə sərmayələr qoyulub, son illərdə investisiyalarımızın 70 faizindən çoxu “yaşıl” iqtisadiyyata yönəldilib. Növbəti əməkdaşlıq fazasına əsasən, AYİB-lə hökumətin əməkdaşlığı bu səmtdə inkişaf etdiriləcək.

E.CƏFƏRLİ

1Sources