EN

4 oktyabr Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biridir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərinə səfər ediblər. Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti olduğunu qeyd edib. Onu da qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.

Ata-babalarımızın bizə əmanət qoyub getdiyi ana yurdumuzun hər qarış torpağı bizlər üçün əzizdir. Bizlər Vətəni göz bəbəyi kimi qoruyub gələcək nəsillərimizə təhvil verməliyik. Müəyyən dövrlərində yağı düşmənin işğalına məruz qalan torpaqlarımız qəhrəman Azərbaycan xalqının şücaəti sayəsində yenidən öz azadlığına qovuşmuşdur. İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə xalqımız tarixinin ən şərəfli anlarını, yəni, torpaqlarımızın azad olunması sevincini qürurla xatırlayır. Tarixi Zəfərimizdə Cəbrayılın azad edilməsi xüsusi strateji əhəmiyyətə malikdir. 27 ildən sonra Cəbrayıl rayonu düşmən işğalından azad edildi.

4 oktyabr tarixi Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biridir. Xalqımızın şərəf və ləyaqət salnaməsi olan 44 günlük Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür. Xatırladaq ki, 4 il öncənin bu günü Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Nəticədə, Cəbrayıl İkinci Qarabağ müharibəsinin ilk qazi şəhəri olub. Şanlı Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub torpaqlarımızı azad edib. Əldə olunmuş

Tarixi Zəfəri əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

27 sentyabr 2020-ci il tarixindən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Rəşadətli Azərbaycan

Ordusu torpaqlarımızı işğaldan azad etməyə başladı. Nəhayət, 27 illik həsrətə son qoyuldu və 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Azərbaycan xalqı və bütün Cəbrayıl əhalisi səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. Əlbətdə ki, bu günün gələcəyinə inamımız itməmişdi. Cəbrayılın işğaldan azad edilməsi müjdəsi veriləndə Azərbaycanın hər bir bölgəsində insanlar küçələrə axışdılar, sevincindən ağlayanlar var idi. Bu sevinc göz yaşları haqqın qələbə çaldığına inanan insanların qürur duyğusu idi.

Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva 16 noyabr 2020-ci ildə Cəbrayıl şəhərinə səfər etmişdilər. İşğaldan azad olunmuş Xudafərinə üçrəngli Azərbaycan bayrağının sancılması çox böyük əhəmiyyət kəsb edirdi. Bütün dünya azərbaycanlıları torpaqlarımızın işğaldan azad olunmasını çox böyük fəxarət hissi ilə qeyd edirdilər. Dövlət başçısının yürütdüyü qətiyyətli və praqmatik siyasət nəticəsində Azərbaycan Qafqazın ən güclü ölkəsinə çevrilmişdir.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızın hamısında geniş abadlıq-quruculuq işləri görülməkdədir. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz gündən-günə abadlaşaraq daha gözəl olacaqdır. Dövlətimizin böyük qayğısı və diqqəti, insanlarımızın qurub-yaratmaq eşqi tezliklə Qarabağın bu dilbər güşəsini də gözəlliklər diyarına çevirəcəkdir. Yağı düşmənə göz dağı verən Rəşadətli Ordumuz Vətənimizin sərhədlərini, ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur. Belə ki, 27 il davam edən münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan bütün addımlar heç bir nəticə vermədi. Beynəlxalq təşkilatların münaqişənin həllinə biganə yanaşması və ikili standartları hərb variantını qaçılmaz edirdi. Azərbaycan hər zaman öz rəsmi mövqeyini bildirmişdir ki, Ermənistan işğal edilmiş torpaqlarımızı sülh yolu ilə geri qaytarmasa hərb yolu ilə geri alınacaqdır. Nəticədə, BMT qətnamələrinin heç birinə məhəl qoymayan mənfur Ermənistanın başı üzərində “dəmir yumruğu” göstərməyin zamanı gəlmişdir.

Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəhbərliyi ilə Şanlı Ordumuzun şücaəti və qədirbilən Azərbaycan xalqının həmrəyli ilə bütün torpaqlarımız işğaldan azad edildi.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Chosen
32
sesqazeti.az

1Sources