EN

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığına dair hüquqi arqumentlər irəli sürüb.

Erməni hüquqşünaslar da son günlər Ermənistanın Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın mətnini eyniləşdirməmək barədə fikirlər irəli sürür. Ona görə də rəsmi İrəvan Azərbaycana COP29 sammitinə qədər çərçivə sülh sazişi imzalamağı təklif edir.

Qarşı tərəfin gətirdiyi arqumentlərlə bağlı yaranmış sualları sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a müsahibəsində cavablandırıb.

Müsahibəni tədim edirik:

-Ani Badalyan iddia edir ki, Ermənistanın 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsində yalnız Ermənistan Konstitusiyasının maddələrində hərfi mənada ifadə olunmuş bəndlər konstitusion qüvvəyə malikdir. Beləliklə, Ermənistan Konstitusiyasının preambulasından sonrakı mətndə, yəni Konstitusiyanın maddələrində yazılmayanlar ali qanuna aid edilə bilməz. 

Ermənistan Konstitusiyanın sonrakı mətnində heç bir ölkəyə ərazi iddiası kimi şərh edilə biləcək heç nə yoxdur. Ani Badalyanın sözlərinə görə, Ermənistan Konstitusiya Məhəkəməsi də məhz bunu əsas götürərək sərhədlərin delimitasiyası və demarkasiyasına dair reqlamentə müsbət rəy verib. Sizcə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qərarın Konstitusiyada açıq mətnlə yazılmaması Azərbaycana qarşı ərazi iddiasının olmadığı anlamına gəlirmi?

- Ermənistan tərəfinin səsləndirdiyi hüquqi arqumentlərlə bağlı müxtəlif şərhlər mövcuddur. Lakin mən məsələyə fərqli bir baxış sərgiləmək istəyirəm. Əslində, burada mühüm məqamlardan biri Konstitusiyadan başqa, siyasi məsuliyyət məsələsidir. Hesab edirəm ki, Ermənistan Konstitusiyasının mətni şərh edilərkən məsələyə kompleks şəkildə baxılmalıdır. Çünki Azərbaycana qarşı qonşu ölkə tərəfindən hərbi təcavüz baş verib.

Bu təcavüz aktı hansısa əsgərin müəyyən bir ərazini işğal etməsindən ibarət deyil. Təcavüzün hərbi, siyasi, iqtisadi, hüquqi, ideoloji, mənəvi formaları var. Ermənistanın işğalı təmin etmək üçün fəaliyyəti konstitusiyada hüquqi şəkildə öz əksini tapıb.

Bunun əsasları tokenizm (gender bərabərliyi görüntüsünü vermək məqsədilə, xüsusilə dəaz təmsil olunan qruplardan insanları işə cəlb etməklə azlıq qruplarının üzvlərini əhatə etmək üçün yalnız səthi və ya simvolik səy göstərmək təcrübəsi) ideologiyası və miatsum konsepsiyası bunun ideoloji əsaslarını təşkil edir.

İqtisadi baxımdan, Azərbaycanın iki hissəsini bir-birindən ayırıb işğal və talan ediblər. Beynəlxalq qurumlarda Azərbaycanın əleyhinə iş aparılıb, ona ziyan vurulub və sairə. Ona görə də bizim üçün siyasi məsuliyyət məsələsi ön planda dayanmalıdır. 

Ermənistan siyasi məsuliyyətini qəbul etməlidir. Yəni bir ölkə digərinin ərazilərini işğal edib,100 minlərlə insan ziyan çəkib.

10 minlərlə insan hərbi təcavüzün qurbanı olub. Ona görə də Ermənistanın siyasi məsuliyyəti müəyyən edilməlidir.

Azərbaycana təzminatın ödənilməsi də bura daxil edilməlidir. 

Məsələn, Almaniyada nasist ideologiyası qadağan olunub və denasifinikasiya həyata keçirilib.Amma indi dinc əhalini raketlə qıran hərbi cinayətkarları az qala demokratik prinsiplərin pozulması qurbanları kimi qələmə verməyə çalışırlar.

Bu baxımdan, Ermənistan Konstitusiyasına dəyişikliklər birinci mövzudur. Ermənilər bunu çox yaxşı başa düşürlər. Onlar bilirlər ki, əgər bu məsələni rəsmən qəbul etsələr, siyasi məsuliyyəti qəbul etmiş olacaqlar. Bundan əvvəl, yəni 2020-ci il noyabrın 10-da hərbi-texniki sənəd imzalanıb. Orada Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına dair razılaşma öz əksini tapıb. 

Yəni bu, Ermənistanın siyasi məsuliyyətini əyani təsdiq edir. 

Müxtəlif paytaxtlarda səslənən bəyanatlarda siyasi məsuliyyət məsələsi haqqında danışılmırsa, bu, o demək deyil ki, biz bunu dilə gətirməməliyik. 

- Ermənistan XİN-nin sözçüsü bildririb ki, “Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” saziş layihəsinin razılaşdırılmış hissəsində deyilir ki, tərəflərin bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. 

Belə bir maddə də var ki, heç bir tərəf sülh müqaviləsinin icrasına mane olmaq üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz. Yəni, sülh müqaviləsi Ermənistan və Azərbaycan tərəfindən imzalandıqda, Konstitusiya Məhkəməsindən onun Konstitusiyaya uyğunluğu barədə rəy alındıqda və Ermənistan Milli Məclisində ratifikasiya edildikdə, o, istənilən daxili qanunlardan daha yüksək hüquqi qüvvəyə malik olacaq. 

Nəticə etibarilə, sülh müqaviləsinin imzalanması həm Ermənistanın, həm də Azərbaycanın iki ölkənin müxtəlif qanunvericilik aktları ilə bağlı bütün narahatlıqlarını, əgər varsa, aradan qaldıracaq. Saziş layihəsində belə bir maddənin olması gələcəkdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyəcəyinə zəmanət yaradırmı?  

- Məgər ərazi bütövlüyü müəyyən olunub? O zaman delimitasiya və demarkasiya üzrə komissiyalar nə üçün fəaliyyət göstərir? 

Ermənistanda istənilən adamın Ermənistanın ərazi bütövlüyü barədə özünəməxsus mövqeyi və fikirləri var. Elə Paşinyanın özü Ermənistanın ərazi bütövlüyü barədə dörd və ya beş variantda fikirlər səsləndirmişdi. Biz bunların hansını əsas götürək? Ona görə də danışıqlar gedir ki, hər iki ölkənin ərazi bütövlüyü müəyyən olunsun.   

- Ermənistan tərəfi isə bu mövqe ilə barışmayaraq hesab edir ki, 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsində tərəflərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanıması açıq şəkildə göstərilir. Nəticədə, Almatı Bəyannaməsini imzalayan ölkələr SSRİ-nin süqutu zamanı Sovet respublikalarının ərazilərinin de-yure bütövlüyünü və o dövrdə mövcud olan respublikalararası de-yure inzibati sərhədlərini dövlət sərhədi kimi tanıyıblar. Bu sərhədlər məlumdur. Həm Ermənistanda, həm də Azərbaycanda bu sərhədləri göstərən xəritələr var. Yeri gəlmişkən, sülh müqaviləsində tərəflərin gələcəkdə bir-birinə qarşı ərazi iddiaları irəli sürməməyi öhdələrinə götürdüyünə dair ifadə, görünür, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi mümkün deyil. 

- Əvvəlcə, Almatı Bəyannaməsinin mətnini açıb baxsınlar. Orada “inzibati sərhədlər” ifadəsi yoxdur. Sadəcə, “mövcud sərhədlər” ifadəsi var. Almatı Bəyannaməsi yarım səhifəlik sənəddir. Orada “de-yure inzibati sərhədlər” termini də yoxdur. 

Əgər belədirsə, o halda nə üçün Paşinyan 1975-ci ilin xəritələrinin tətbiqini təklif edir? Özləri etiraf edirlər ki, Almatı Bəyannaməsində inzibati sərhədlərə aid heç nə yoxdur. 

Almatı Bəyannaməsini onlar da dəstəkləyir, biz də. Sovet dövrünün xəritələrindən söhbət gedirsə, Paşinyan deyir 1975-ci il mənim maraqlarıma uyğundur. Biz də deyirik 1920-ci ilin sərhədləri Azərbaycan üçün daha məqbuldur.

- Ermənistanda Konstitusiya hüququ üzrə mütəxəssis Ara Kazaryanın irəli sürdüyü arqumentlərə sizin münasibətiniz maraqlı olardı. 

Onun sözlərinə görə, 1995-ci ildə Ermənistan xalqı təsisçi kimi konstitusiyanı qəbul edib. Nəticədə Müstəqillik Bəyannaməsi ilə Konstitusiya arasında fərq yaranıb. Bəyannamənin bəzi prinsipləri və ya normaları konstitusiyaya daxil edilib. Lakin Ermənistan və DQMV-nin birləşdirilməsi haqqında müddəa 1995-ci il Konstitusiyasının əsas mətninə daxil edilməyib. 

“Konstitusiya Məhkəməsinin şərhinə görə, Konstitusiya ilə Müstəqillik  Bəyannaməsi arasında əlaqə kəsilməsi baş verib və bunu referendumda səs verən təsisçi xalq edib. Ona görə də xalq bunu dərk edərək edib və Müstəqillik Bəyannaməsinin bütün bəndlərinin Konstitusiyada təsbit edilməməsinə səs verib”. Tofiq müəllim, sizcə, Qarabağın Ermənistana birləşdirilməsi məsələsi konstitusiyanın əsas mətnində var, yoxsa yoxdur? 

- Əlbəttə, var. Ermənistan Konstitusiyasına görə, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın ərazisi hesab edilir. Əgər belə deyilsə, o zaman Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində nəyə görə “Qarabağ Ermənistandır və nöqtə” deyirdi? Konstitusiya Məhkəməsi Paşinyana nə üçün irad tutmadı? Erməni məntiqi o demək deyil ki, biz onu qəbul etməliyik. Erməni məntiqi Afrika baleti kimi bir məfhumdur. 

Azərbaycan tərəfinin əlində Ermənistan hərbçilərinin işğal olunmuş ərazilərdə xidmət keçməsi, yaxud işğal dövründə Qarabağda hansısa müəllimin Ermənistan büdcəsindən maaş almasına dair tonlarla sənəd var. İndi onlar bunu təkzib etməyə çalışırlar. Ona görə də biz Konstitusiya məsələsinə sadə bir mövzu kimi baxmamalıyıq. Bu, birinci addımdır. 

- Ermənilərin boş və mənasız rəylərini şərh etməyə həvəsim yoxdur. Biz onları ciddi qəbul etməməliyik. İndi onlara irad tutulur ki, işğalçılıq siyasətinizi qanunvericilikdən çıxarın. 

Ermənilər də bundan yayınmaq üçün hərəsi bir fikir söyləyir. Nə qədər erməni var, ərazi bütövlüyü barədə suallar çıxa bilər. 

Azərbaycanın tələbləri konkret və aydındır. Birincisi, məsuliyyəti kim daşıdığı müəyyənləşməlidir. İkincisi, təzminat məsələsi öz həllini tapmalıdır. 100 minlərlə insanın öz yurdlarından qovulmasına səbəb olan cinayətkarlar qəhrəman kimi azadlıqda gəzir. Nə üçün onlara irad tutulmur? Ermənilər indi deyir ki, biz Azərbaycan ərazilərini işğal etməmişik. Onu “Qarabağ müdafiə qüvvələri” edib. O zaman sual olunur: Sənin oğlun nə üçün Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçib? Yəni mənasız  danışmaq ermənilərin vərdişidir. 

- Ermənistan prezidenti bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini yaxın dörd həftə ərzində imzalamağa ümid edir. O, İrəvanın noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitinə qədər Azərbaycanla sülh sazişinin 16 maddəsinin imzalanacağına, əvvəl 13, sonra 3 bəndin razılaşdırlacağına ümid etdiyini deyib. Necə hesab edirsiniz, COP29-a qədər belə bir saziş, xüsusilə də digər 3 bəndin razılaşdırılması mümkündürmü? 

- Masada olan sülüh müqaviləsi deyil. Bu bir növ siyasi və hüquqi çərçivədir. Kimlərsə, bunun imzalanmasına tələsir. Sonra isə həmin sazişin mahiyyətini dəyişmək istəyirlər.

Həmin saziş layihəsində ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması təklif olunur. Bu gün beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ərazi bütövlüyü müəyyən olunub ki, tanınsın?

Almatı Bəyannaməsini onlar öz bildikləri kimi şərh edirlər. Halbuki, həmin bəyannamədə “inzibati sərhədlər” ifadəsi mövcud deyil. Əgər Azərbaycan və Ermənistan ərazi bütövlüyünün tanınmasına dair saziş imzalasa, nəyi nəzərdə  tutacaqlar? Hərə öz istədiyini? Ona görə də belə bir sənədin imzalanması daha çox siyasi addımdır. 

Müxtəlif qüvvələr bunu Almatı Bəyannaməsi kimi öz xeyrinə yozmağa çalışacaqlar. 

- Deməli, COP29-a qədər hər hansı çərçivə sülh sazişi gözlənilmir? 

- Bəyanata bənzər hər hansı sənəd imzalana bilər. Orada neçə bənd olacağını bilmirəm. 

- Əvvəl 17 deyirdilər, indi Ermənistan tərəfi 16 bənddən danışır...

- Bu deklarativ bir sənəd olacaq. Amma bu, hüquqi öhdəlik yaratmayacaq. Yəni memorandum kimi bir sənəd imzalana bilər. 

- Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri fonunda əsas suallardan biri 2022-ci ildən sonra Rusiyanın iştirak etmədiyi danışıqlar prosesinin bərpasının mümkünlüyü ilə bağlıdır. Paşinyanın son zamanlar Rusiya ilə münasibətlərin yaxınlaşmasında maraqlı olduğunu nəzərə alsaq, Moskva platformasında müzakirələrin davamı gözlənilirmi? 

- Tərəflər arasında hər hansı sənədin imzalanacağına inanmıram. 

Azərbaycan istənilən tərəfin vasitəçiliyini qəbul etmir. Orada aktual mövzulardan biri kimi Paşinyana xatırlada bilərlər ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı onun öhdəliyi var. Xüsusilə də dəmir yolu Azərbaycanın mülkiyyətindədir. Mən Azərbaycanın və Rusiyanın bu məsələni yenidən gündəmə gətirəcəyini istisna etmirəm. 

- Ermənistan və Rusiya arasında imzalanmış konsessiya müqaviləsinin birinci 20 illik müddəti 2028-ci ildə başa çatır.

Sonra tərəflər qarşılıqlı razılıq əsasında 10 illiyə müqavilənin müddətini uzada bilər. Necə düşünürsünüz, 2028-ci ildə Ermənistan hakimiyyəti Rusiya ilə müqavilədən imtina edib Azərbaycana məxsus dəmir yolunu öz mülkiyytinə keçirməyə cəhd edə bilərmi? 

- Rusiya da öz növbəsində, Ermənistana qarşı iddia qaldıra bilər ki, siz müqavilə imzalanan zaman bizi aldatmısınız. Rusiya deyə bilər ki, indi mən müqaviləni Ermənistanla deyil,  Azərbaycanla imzalayıram. 

Chosen
163
50
cebheinfo.az

10Sources