EN

Erməni mediası Azərbaycanda yüksək kadr dəyişmələrini "müharibə hazırlığı" sayır...

Image

Üzeyir Cəfərli: "Burada qeyri-adi heç nə yoxdur, bu adi rotasiya qaydasıdır"

Son günlər Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verdi. Yüksək rütbəli, qələbəmizə böyük töhfə vermiş korpus komandirləri - döyüşən generallar vəzifələrindən azad edilib. Ordunun digər aşağı rutbəli komandirləri arasında da dəyişikliklər var. Bu həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb.

Məsələn, sosial şəbəkələrin erməni seqmentində müzakirələr açılıb ki, Azərbaycan COP29-dan sonra müharibəyə başlayacaq və bu dəyisikliklər də elə müharibəyə hazırlıqla bağlıdır. Atalar yaxşı deyib ki, ilan vuran ala çatıdan (kəndir - red) qorxar. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində erməni əsgərini doyüş meydanında necə biabırçi və sarsıdıcı məğlubiyyətə uğradıbsa, bu gün erməni cəmiyyəti orduda istənilən dəyişiklikləri müharibəyə hazırlıq kimi qiymətləndirir. Bu, erməni cəmiyyətinin əksəriyyətinin həyəcanından xəbər verir. Lakin bu yalnız həyəcan deyil. Bunun altında erməni fitnəsi də var. Erməni siyasiləri Azərbaycanı davakar, sülhə gəlməyən bir ölkə kimi dûnyaya tanıtmaq üçün alibini mikroskopla axtarır. Elə bu səbəbdən də generalların vəzifədən azad edilməsi ilə bağlı xəbərləri erməni saytları və sosial şəbəkə seqmentləri daha intensiv paylaşmağa, şərh etməyə başladılar. Lakin bu məsələyə normal və təmkinli reaksya verib, onu reallıqlara uyğun da şərh etmək olardı. Məsələn, artiq torpaqların azad edilməsindən dörd il keçir, Azərbaycan Ordusu öz işini gorüb, bundan sonrası siyasətçilərin və diplomatların missiyasıdır. Döyüşən geniralları isə ordu komandanlığından geri çəkib, gənc əsgər və zabitlərin yetişdirilməsində onların bilgilərindən və qabiliyyətindən istifadə etmək ideyası daha real gorünür. Yəni ermənilərin düşündüklərinin tam tərsinə olaraq, bunu Azərbaycan hökumətinin bir daha silaha əl atmayacağına əminliyi kimi də izah etmək olar.

Hərbi ekspert Üzeyir Cəfərli bu məsələ barədə bizimlə söhbətində bildirdi ki, baş verənlar adi haldır, amma bu cur dəyişikliklərlə bağlı cəmiyyətə rəsmi məlumat verilməlidir: "Bu generallar sıradan bir komandir deyil, onların haqqında qərarlara cəmiyyət həssas yanaşır. Göründüyü kimi, həm Azərbaycan cəmiyyəti, həm də Ermənistan cəmiyyəti bu addımlara rəngarəng şərhlər verir. Mən başa düşürəm, hərbi qərarların konfidensiallığı ola bilər. Amma bunu artıq cəmiyyət bilirsə, şərh edilməlidir. Məsələn, general-leytenant Mayis Bərxudarov özü açiqlamasında təsdiqlədi ki, sərəncamdadır. Yeni təyinatla bağlı suala isə elə hərbiçi kimi cavab verdi. Onun həm rütbəsi, həm də yaşı hələ orduda xidmətə imkan verir. Tərxis ediləcəksə, səbəb bəlli olmalıdır. Bunlar qalib ordunun generallarıdır, ordu birləşmələrınin birinci şəxsləridir, onların vəzifədən azad edilməsinə Müdafiə Nazirliyi özünəməxsus şəkildə münasibət bildirməlidir.

Ermənilərə gəldikdə isə, onlar həmisə özlərı özlərini təkzib edirlər. Onlar müharibə iştirakçısı olan, döyüş görmüş komandirlərdir. Əgər Azərbaycan COP29-dan sonra müharibə edəcəksə, onda bu komandirlərin dəyişdirilməsində məntiq yoxdur axı... Müharibə etmək fikrimiz olsaydı, uğur qazanmış komandirləri dəyişməzdik. Düzdür, yeni təyin edilənlər də döyüşlərdə iştirak ediblər. Amma belə bir fikrimiz olsaydı, ugur qazanan generalları bütün məsələləri həll etdikdən sonra tərxis edərdik və ya yerlərini dəyişərdik. Ermənilərin yanaşmasına o qədər də əhəmiyyət vermək gərək deyil, onlar istədiklərı, özlərinə gərəkən dezinformasiyanı dərhal uydururlar. Bəzən bizin media da ermənilərin dezinformasiyasının tələsinə düşür. Burada qeyri-adi heç nə yoxdur, bu adi rotasiya qaydasıdır. Yaxın günlərdə hər şey aydın olacaq, layiq olanlar vəzifəyə təyin ediləcək, layiq olmayanlar isə ya aşağı vəzifəyə təyin ediləcək, ya da ordudan tərxis olunacaq.

Dəniz NƏSİRLİ





Chosen
17
baki-xeber.com

1Sources