EN

İsrail və ABŞ Şərqi qanda batıracaq, dənizə təyyarədaşıyan donanma gətirildi- qərar qətidir...

Image

İran oktyabrın 7-də səhər saatlarında respublika səmasında istənilən uçuşu 9 saat dayandırdıqdan sonra ölkənin hava məkanını yenidən açıb. Səbəb İsraillə gərginliyin artmasıdır. Xatırladaq ki, oktyabrın 1-də İran HƏMAS və Hizbullah liderlərinin öldürülməsinə cavab olaraq İsrailə 180 raket zərbəsi endirib. Təl-Əviv hücumun qisasını alacağına söz verib.

“Əməliyyat məhdudiyyətləri” səbəbindən bəzi hava limanlarında uçuşlar ləğv edildikdən sonra İran hava səyahətini bərpa edib. İran Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazarlunun sözlərinə görə, uçuşlar yenidən qrafik üzrə həyata keçirilir. Son 8 gündə ikinci dəfədir ki, İran öz hava məkanını bağlayır - əvvəllər oxşar uçuş qadağası oktyabrın 1-i axşamdan oktyabrın 3-ü səhərədək qüvvədə idi. Bağlanmanın səbəbləri açıqlanmasa da, təhlükəsizlik baxımından daha sonra həm daxili, həm də beynəlxalq uçuşların dayandırıldığı açıqlanıb. Avropa Aviasiya Agentliyi Aİ aviaşirkətlərinə vəziyyətin müşahidə altında qaldığı müddətdə oktyabrın 31-dək İranın hava məkanından uzaq durmağı tövsiyə edib. Onu da qeyd edək ki, İsrailin təhdidlərinə cavab olaraq Tehran mümkün hərbi müdaxilə halında fəaliyyət planı hazırlayıb. Bu arada İsrailin müdafiə naziri Yoav Qalant Təl-Əvivin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyini istisna etməyib. Bundan əvvəl ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton İranın nüvə infrastrukturuna hücumlara qarşıdır, lakin neft obyektlərinə hücumlara icazə verir. Bu elan dünya üzrə neft bazarlarında çaxnaşma yaradıb və neftin qiymətinin qlobal artımına səbəb olub. İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, İsrail, neft qurğuları da daxil olmaqla, İran hədəflərini vurarsa, Tehran daha sərt cavab verəcək. İsrail isə hələ də hücumdan əvvəl olduğu kimi Livana və Qəzzaya hərbi əməliyyatlarını davam etdirir, İran da siyasi bəyanatlar verir və öz hücumunu əsaslandırmağa çalışır. İndi Yaxın Şərqin çox hissəsi İsrailin nə vaxt və necə cavab zərbəsi endirəcəyini gözləyir. Gecikmə qismən həm İsrailin hərbi və siyasi quruluşu daxilində, həm də İsrailin yaxın müttəfiqi ABŞ ilə müzakirələrə bağlıdır. Bunlar təkcə neft qurğularından İnqilab Keşikçiləri bazalarına, ballistik raket fabriklərinə, nüvə tədqiqat obyektlərinə qədər hədəflənmə deyil, həm də ehtimal olunan təsir və İranın cavabı ilə bağlıdır. Ağ Evin ən son istədiyi şey prezident seçkilərinə cəmi bir ay qalmış ABŞ qüvvələrini əhatə edən növbəti genişmiqyaslı müharibədir. Vaşinqton neft qiymətlərinin yüksəlməsini də görmək istəmir, çünki bu, ABŞ seçicilərinə yaxşı təsir etməyəcək. Vaxt baxımından çoxları İsrailin əks-zərbəsinin yəhudilərin Yeni il bayramı bitən kimi baş verəcəyini gözləyirdi. Digərləri İranın dəstəklədiyi HƏMAS yaraqlılarının İsrailin cənubuna hücum etməsinin ildönümündə hucumun olacağını proqnozlaşdırmışdı. Amma hələlik bunlar baş vermir...

İsrailin keçmiş baş naziri Naftali Bennett bildirir ki, İrana zərbə üçün əsl məqamdır: “Bu, son 50 ildə ən böyük fürsətdir ki, Yaxın Şərqin görünüşünü dəyişdirək". Naftali Bennett hesab edir ki, İsrail İranın nüvə obyektlərini partlatmalıdır ki, bu hal rejimə ölümcül zərbə vursun. Ekspertlər qeyd edir ki, onun bu sözləri ölkədəki ab-havanı əks etdirir. Əvvəllər İranın müdafiə qalxanı Livanda “Hizbullah” idi, onun böyük silah arsenalı vardı və İranın nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə istifadə olunacaqdı. Ancaq artıq “Hizbullah” təşkilatından bir şey qalmayıb, silahlarının yarısı məhv edilib və onun məskən saldığı torpaqları - Livanı İsrail ələ keçirir. Bu dəfə ABŞ da İsrailə "dur" demir. Əksinə, ABŞ  döyüş aviadaşıyıcıları donanmasını Aralıq dənizinə göndərir. Bu o deməkdir ki, ABŞ İrana mesaj verir - İsraili vursan, ABŞ-ı vurmuş olacaqsan. ABŞ-ın vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris də qeyd edir ki, İran dünyanın bütün ölkələri arasında ABŞ-ın əsas düşmənidir: “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”. ABŞ-da prezident postuna digər namizəd Donald Tramp da İranın vurulmasının tərəfdarıdır. Artıq belə görünür ki, diplomatiyaya yer qalmayıb və hər kəs daha böyük regiona yayıla biləcək müharibə haqqında danışmaqdadır. İran Ordusunun baş komandanı Əbdürrəhim Musəvi qeyd edir ki, İran İsrailin mümkün hücumuna qarşı müharibəyə hazırlaşır. SEPAH komandanı Hüseyn Səlami də belə hücumu gözlədiklərini vurğulayıb. "The New York Times" isə yazır ki, İran oktyabrın 1-də Tehranın kütləvi raket hücumuna cavab olaraq İsrailin mümkün zərbəsinə hazırlaşır və bununla bağlı Rusiyadan peyk kəşfiyyatı üçün kömək istəyib. Nəşrə bu barədə adı açıqlanmayan iki İran rəsmisi məlumat verib. Müharibə planı ilə tanış olan və açıq danışmaq səlahiyyəti olmayan bu iki iranlı rəsminin sözlərinə görə, İran İsrailin hücumu öncəsi Rusiyadan peyk kəşfiyyatı sahəsində əməkdaşlıq istəyib. Rusiyanın bu müraciətə cavab verib-vermədiyi isə məlum deyil. “Bloomberg” nəşri isə qeyd edir ki, İsrailin potensial hücumu nəticəsində ciddi ziyan olarsa, İran Hörmüz boğazını bağlaya bilər. Bildirilib ki, belə olarsa, o zaman neftin qiyməti 100 dollardan yuxarı qalxa bilər. Belə ki, boğazdan böyük yanacaq tankerlərinin axını keçir.

Samirə SƏFƏROVA





Chosen
16
baki-xeber.com

1Sources