EN

Elmdə yerlipərəstlik, nazirin replikası, qocanın qohumbazlığı və... - Sabqi deputat yazır

Elm və təhsil naziri Emin Əmrullayev cəmiyyətimizi yenə təəccübləndirdi: "Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" - deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir".

Nazirin bu fikirlərində həqiqət payı var. Azərbaycanda elmin mənzərəsi necədir?

Elmdə qohumbazlıq: Elmdə qohumbazlıq amili Azərbaycan qədər bəlkə dünyanın heç bir ölkəsində yoxdur. AMEA-nın nəzdindəki İqtisadiyyat İnstitutunda bir qoca iqtisadçı var. Bütün qohum-əqrəbası elmlər doktorudur. Yaxud kimya istiqamətli bir institutun direktorunun bütün qohum əqrəbası elmlər dokturudur. Universitetlərdə də analoji vəziyyət hökm sürür.

Elmdə yerlipərəstlik: Elmi tədqiat institutunun direktorları anadan olduğu bölgədən olan adamlara elmi dərəcələr almaq və vəzifə tutmaq üçün bütün şəraiti yaradırlar. Yaxud ötən əsrdən etibarən universitetlərdəki kafedralara diqqət edin. Kafedra müdirləri anadan olduğu rayondan olan alimləri başına toplayırdı. Bu epidemiya indi də var. Mən bir özəl Ali məktəb tanıyıram ki, bütün əməkdaşlar eyni bölgənin adamlarıdır.

Elmdə maddiyyat: Elmlə məşğul olmaq kasıbın işi deyil. Bütün dünyada istedadlar rəğbətləndirilir və dövlət onları qanadının altına alır. Çünki hər bir dövlət üçün inkişafı şərtləndirən əsas göstərici insan kapitalıdır. Orta məktəblərin yuxarı siniflərindən ən istedadlıları tanıyıb onların təhsilinə və elminə dəstək verilməlidir. Onlar maddiyyat ucbatından sönməməlidirlər. Biz onu etmədikcə digər ölkələr onları tapıb əlimizdən alırlar. Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam yazırdı: “Gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər.”

-Dissertasiya yazdırmaq: Bu hal artıq metastaz vəziyyətindədir. Uşaqlarını qəbul imtahanlarına hazırlaşdıran valideynlər ən yaxşı repetitor axtardıqları kimi, könlündən alimlik keçənlərin tam əksəriyyəti isə normal qiymətə problemsiz dissertasiya yazan axtarırlar. AMEA-nın Fəlsəfə İnstitutunda 10 il Seminar üzvü olmuşam. Müdafiəyə gələnlərin 99 faizi dissertasiyasını üzündən oxuya bilməyib.

Sual belə qoyulmalıdır: Biz hansı sahələrdə elmi - nəzəri tədqiqatlar apara bilərik? Alimlərimiz nə üçün Elmin popolyarlaşdırılmasına ögey münasibət bəsləyirlər? Bütün bunlar onu göstərir ki, mövcud durumumuz və potensialımız elə görünən kimidir.

P.S. Kaş ki, Emin Əmrullayevin də alimlik dərəcəsi olaydı. Onda məhsuldarlığın nə olduğunu gözəl bilərdi. İndi nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır...

MİA.AZ

Chosen
10
mia.az

1Sources