EN

Azərbaycanlı dünya çempionu: Qızıl medal üçün bütün gücümü ortaya qoymuşdum

Bakı, 9 oktyabr, AZƏRTAC

"Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq, üçün bütün gücümü ortaya qoymuşdum. Tabloda adımı ilk sırada görəndə çox təəccübləndim".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Perunun Lima şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında 50 metr məsafəyə atəş açma üzrə yarışda qızıl medal qazanan Azərbaycan atıcısı İmran Qarayev deyib.

552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq dünya çempionu olan idmançı yarışa yaxşı hazırlaşdığını bildirib: "Bu uğur çəkilən əziyyətin bəhrəsidir. Çempionluğun necə bir hiss olduğunu sözlə ifadə etmək çox çətindir. Sadəcə, hədsiz dərəcədə sevincli olduğumu deyə bilərəm. Ümid edirəm ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb, oradan da Vətənimə qızıl medalla qayıdaram".

Qeyd edək ki, Azərbaycan atıcıları mundialı 3 medalla başa vurublar. İ.Qarayevdan başqa, Sofiya Barxalova 50 metr məsafəyə atəş açmada 535 xalla bürünc mükafata yiyələnib.

Komandalar arasında keçirilən yarışda isə Zeynəb Sultanova, Leyli Əliyeva və S.Barxalovadan ibarət kollektiv 10 metr məsafəyə pnevmatik tapançadan atəşdə yalnız Hindistan yığmasından geri qalaraq gümüş medala layiq görülüb.

 

Chosen
13
1
azertag.az

2Sources