EN

Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim

Dünya

Bakı, 9 oktyabr, AZƏRTAC

"İlk dəfə idi ki, beynəlxalq turnirdə 50 metr məsafəyə atəş açma üzrə yarışda qüvvəmi sınayırdım. Açığı, belə yüksək nəticə göstərəcəyimi düşünmürdüm".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Perunun Lima şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında 50 metr məsafəyə atəş açmada bürünc medal qazanan Azərbaycan atıcısı Sofiya Barxalova deyib.

O, mundialda qızğın rəqabətin getdiyini vurğulayıb: "56 ölkənin ən güclü atıcıları medal uğrunda mübarizə aparırdılar. Təbii ki, nəticəm bundan da yaxşı ola bilərdi. Qızıl medal qazanmağıma maneə olan müəyyən səhvlər etdim. Səhvlərimi məşqçilərimlə müzakirə edib, üzərində işləyəcəyik".

Komandalar arasında keçirilən 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında isə fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı buna kollektiv şəkildə yaxşı mübarizə hesabına nail olduqlarını bildirib: "Zeynəb Sultanova və Leyli Əliyeva ilə birlikdə ortaya yaxşı iş qoyduq. Güclü komandaları qabaqlayaraq, mükafatçılar sırasına düşdük. Bizi qarşıda Avropa və Dünya Kubokları kimi vacib yarışlar gözləyir. Ümid edirəm ki, bu turnirlərdə də özümüzü doğrultmağı bacaracağıq".

Qeyd edək ki, Azərbaycan atıcıları mundialı 3 medalla başa vurublar.

Chosen
31
1
azertag.az

2Sources