EN

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə müzakirə APARDI

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 sədrliyinin prioritetləri müzakirə olunub.

Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini, ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib. Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.

Tərəflər daha sonra, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri nəzərdən keçirərək, bu işdəki əhəmiyyətli proqresi məmnunluqla qeyd ediblər.

Nazir C.Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verərək, iqlim dəyişmələri ilə mübarizədə tələb olunan maliyyə vəsaitinin qarşılanması üçün yeni kəmiyyət maliyyə hədəfi müəyyənləşdirilməsinə çalışıldığı, bunun üçün konsensusun əhəmiyyətini diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
180
50
unikal.az

10Sources