EN

Azərbaycan universitetlərinin 70 faizində süni intellekt təlimlərinin tətbiqi planlaşdırılır - Rəşad Nəbiyev

Gələcək 3 il ərzində Azərbaycan universitetlərinin 70 faizində süni intellekt təlimlərinin tətbiqi planlaşdırılır.

Day.Az xəbər verir ki, bu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge" İnnovasiya Sammitində deyib.

"Biz gələcək 3 il ərzində Azərbaycan universitetlərinin 70 faizində süni intellekt təlimlərinin tətbiqini planlaşdırırıq. Həmçinin, süni intellekt texnologiyaları yalnız dövlət müəssisələrində deyil, həm də özəl sektorda daha geniş tətbiq olunacaq", - o qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan hökuməti özəl sektoru süni intellektin inkişafına sərmayə qoymağa stimullaşdırmaq üçün bütün səyləri göstərir.

"Həmçinin hökumətin rəqəmsal transformasiyası üzrə səylərimizi davam etdiririk. Biz vətəndaşların dövlət orqanları ilə əlaqələrinin 35 faizini tam rəqəmsallaşdırmağı bacarmışıq. Bu, fiziki müraciətlərinin sayını azaltmağa, vaxtı qənaət etməyə və ətraf mühitə təsiri azaltmağa imkan tanıyır", - o əlavə edib.

Qeyd edək ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Chosen
11
1
day.az

2Sources