EN

Santuş kimi “qovur”?

Estoniya ilə bu gün Tallində keçiriləcək qarşılaşma Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş üçün əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, 70 yaşlı portuqaliyalı Avropa yığmalarının baş məşqçisi kimi 167-ci matçına çıxmaqla danimarkalı əfsanə Morten Olseni keçəcək.

Sonuncu 2000-ci ildən 2015-ci ilə qədər fasiləsiz şimallıların sükanı arxasında olub. Olsen Danimarkanı 166 görüşə çıxarıb.

Santuşun da hesabında hazırda eyni sayda oyun var. O, Yunanıstanı 49, Portuqaliyanı 109, Polşanı 6 matça çıxardıqdan sonra ölkəmizə gəlib. Estoniya ilə görüş onun millimizdə 3-cü, Avropa yığmaları ilə 167-ci sınağı olacaq.

Portuqaliyalı bununla da Avropa yığmalarındakı matç sayında 4-cü yeri ələ keçirəcək. Hazırda bu pilləni Olsenlə bölüşən Santuş yalnız üç mütəxəssisdən geri qalır.

Avropanın mütləq rekordçusu isə Lars Laqerbakdır. İsveç, İslandiya və Norveç millilərini çalışdırmış mütəxəssis ümumilikdə 228 qarşılaşmada iş başında olub.

İkinci yerdə millimizin sabiq baş məşqçisi Berti Foqtsdur. O, Almaniya, Şotlandiya və Azərbaycan yığmalarında 205 oyuna çıxıb.

İlk “üçlüy”ü digər alman – Yoahim Löv qapayır. Bir millidə işləməkdə rekordçu olan Almaniya yığmasının sabiq çalışdırıcısının hesabında 198 matç var.

Olseni keçdikdən sonra Santuşun növbəti hədəfi də yaxınlaşdığı “üçlüy”ə daxil olmaqdır. Lakin portuqaliyalını “qovub” çatmaq istədiyi Lövdan hazırda 32 oyun ayırır.

Qeyd edək ki, Estoniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
31
idman.biz

1Sources