EN

Kaliforniyada çalışan həmyerlimiz: “O, işimi bəyəndi və məni kluba dəvət etdi”

“Üç ildir ki, Kaliforniya ştatındayam. Öncə burada “Nort Kal” adlanan qapıçılar akademiyasında işləməyə başladım. Bosniya və herseqovinalı məşqçi var, onunla işlədim”.

İdmanxeber.az saytının məlumatına görə, bunu hazırda ABŞ-da yaşayan və orada çalışan Əsədulla Əliyev deyib.

Həmyerlimiz fəaliyyəti haqda danışıb: “Daha sonra o, işimi bəyəndi və məni kluba dəvət etdi. Həmin klubun da adı “Los Datos”dur. Klubun dörd direktoru var ki, o da onlardan biri idi. Sonradan işimi orada davam etdim. “Breykers” futbol klubundan dəvət gəldikdə isə ora keçəsi oldum. Onlar Next MLS-də oynayırdılar. Klubun qapıçılar üzrə koordinatoru idim. U-15, U-16, U-17 və U-19 komandalarında qapıçılara nəzarət edirdim. Həmin komandaların qapıçılarına özüm məşq keçirdim, plan yazırdım, hazırlayırdım. Komandaların da baş məşqçiləri hansı qapıçının daha yaxşı olduğunu məndən soruşurdular. Yaxşı performans göstərən qolkiper də komandasında start heyətində oynayırdı”.

Əliyev daha sonra Nyu-Yorka gəlişi və həmyerlisi ilə fəaliyyətindən söz açıb: “Elşən Qəmbərovla əlaqə yaratdıqdan sonra məni Nyu-Yorkdakı öz akademiyasına dəvət etdi. Orada da akademiyanın koorditanoru idim. Bütün akademiya üçün məşq planı yazırdım. Həmin akademiyada məşqçilər mənim planımla işləməyə başladı. Orada “Bridge Soccer Academy” adlı U-9 komandası var idi. Onu da öz üzərimə götürdüm. Bu da əsasən istedad komandası idi. Həmin komandanı 110-cu pillədən 45-ci yerə yüksəltmişdim. Bu isə ABŞ-da olan ümumi reytinqdir. O komandanı Nyu-York ştatında 4-cü etdim. Ailə vəziyyətimə görə Kaliforniyaya qayıtdım. Hazırda “Los Qatos Yunayted”dəyəm. Burada qapıçıların koordinatoru kimi çalışıram. U-15, U-17, U-19 yaşlı qız və oğlan qapıçılarına nəzarət edirəm. Bununla yanaşı, “Nort Kal” qapıçılar akademiyasına məni yenidən dəvət etdilər. Yəni hazırda iki yerdə işləyirəm”.

Chosen
70
1
idmanxeber.az

2Sources