EN

Samir Abasov “Sumqayıt”dan getdi - “Neftçi”yə görə

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Ayrılığa Samir Abasovun “Neftçi”dən aldığı təklif səbəb olub. “Sumqayıt”ın yaydığı açıqlamada bunlar qeyd olunub:

“Neftçi” PFK ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq, baş məşqçi ilə “Sumqayıt” Futbol Klubu arasında əməkdaşlıq başa çatıb. Samir Abasova klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq!”

Samir Abasovun bu gün “Neftçi”nin baş məşqçisi təyin edilməsi gözlənilir. Paytaxt klubunun bu ayrılığa görə “Sumqayıt”a nə qədər təzminat ödədiyi açıqlanmır. Abasovun “Sumqayıt”la 2024/2025-ci illər mövsümünün sonuna qədər müqaviləsi mövcud idi.

Samir Abasov 2022-ci ilin sentyabr ayından “Sumqayıt”a rəhbərlik edirdi. O, bu müddətdə komandanı 81 oyuna çıxarıb, 27 qələbə, 19 heç-heçə və 35 məğlubiyyət görüb.

Abasov məşqçiliyə də elə 2015-ci ildə “Sumqayıt”da başlayıb. 2015-ci ilin oktyabrından 2018-ci ilin avqustuna qədər bu komandanı 72 oyuna çıxarmış mütəxəssis 27 qələbə, 18 heç-heçə 27 məğlubiyyətə şahidlik edib.

46 yaşlı mütəxəssis 2018-2019-cu illər aralığında “Zirə”yə də rəhbərlik edib (37 oyun, 12 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət).

Samir Abasov “Neftçi” üçün də tanış biridir. O, paytaxt klubunda da vaxtilə həm futbolçu, həm də məşqçi kimi xidmət göstərib. Belə ki, 2020-ci ilin noyabrında “ağ-qaralar”ın baş məşqçisi təyin edilən Abasov bu komandanı 59 oyuna çıxarıb. Komanda bu görüşlərdə 32 qələbə qazanıb, 13 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. Abasov 2020/2021-ci illər mövsümündə paytaxt klubunu Azərbaycan çempionu edib ki, bu da “Neftçi”nin o vaxtdan bəri hələlik sonuncu uğurudur. Bu, elə Abasovun da məşqçilik karyerasında yeganə uğurudur.

Qeyd edək ki, “Neftçi” bu mövsümə çox uğursuz başlayıb. Paytaxt təmsilçisi keçirdiyi 9 oyunda 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. 5 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmış “Neftçi” məhz bu üzdən baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmaq məcburiyyətində qalmışdı. “Sumqayıt” isə cari mövsümdə 7 xal toplayıb.

Chosen
76
1
arena.az

2Sources