EN

Samir Abbasovun keçidi "Neftçi"yə nə qatacaq?

Samir Abasov yenidən “Neftçi”nin baş məşqçisi olacaq.

News365.az-a açıqlama verən idman eksperti Kənan Məstəliyev hesab edir ki, bu qərar nə “Neftçi”nin, nə də Samirin səhvlərindən nəticə çıxarmadıqları, özünə, öz qərarlarına hörmət etmədikləri deməkdi.


Abasov qısa müddətdən sonra “Neftçi”yə gedəcəyini bilirdisə (ki, 100 faiz bilirdi, biz jurnalistlər də bilirdik (çörəyi qulağımıza yemirik), ancaq son ana qədər ümid edirdik ki, bu baş verməyəcək), niyə vaxtında getmədi “Sumqayıt”dan? Niyə komandanı yığıb, transferləri edib, heyəti alayarımçıq futbolçularla doldurub sonra getdi? Niyə komandanı çətin vəziyyətdə qoyub getdi? Kamil qərar idimi bu?


Yox, bu, həm kluba, həm də şəhərə qarşı hörmətsizlikdi! Başqa adı yoxdu.


Gedəcəkdinsə, bir gün əvvəl səhər “heç hara getmirəm, “Sumqayıt”ı məşqə çıxarmışam, “Neftçi” ilə heç bir danışığımız olmayıb” açıqlamasını vermək, axşam isə “ağ-qaralar”la “anlaşmaq” nəyə lazım idi? Hər mətbuat konfransında (müsahibələrdə də) verilən suallara eyni “yox” cavabını verib, sonra o sualları haqlı çıxarmaq nəyə lazım idi? 


Bəs futbolçuların fikri qıraqda idi, buna görə onlar ehtiyata göndərilirdi? Özünün fikrin qıraqda olmağına nə deyək bəs?


Bu qədər qeyri-ciddilik olarmı?


“Neftçi” həmin “Neftçi”di, azarkeşlər də həmin azarkeşlərdi. Onlarla necə yola gedəcəksən? 


Əminsənmi ki, lap uğur qazansan belə, növbəti mövsüm rəhbərlik səni eyni formada yola salmayacaq? Salacaq. Əminsən ki, yenə sənə “musiqili komediya teatrı aktyoru” damğasını vurmayacaqlar? Vuracaqlar. Özün də bilirsən. Sonra nə edəcəksən?


Heyf...


O ki qaldı kluba, “Sumqayıt” bir yolunu tapıb toparlanacaq, çünki elə bir böyük hədəfləri yoxdu, uzaqbaşı elitada qalma vəzifəsinin öhdəsindən gələcək. “Neftçi” isə ayrı dünyadı. Bəli, komandaya son çempionluğu məhz Abasov qazandırıb, amma indi bu alınmaz. Mövsüm de-fakto bitib, boşa verilib. Uzunmüddətli layihələr isə “Neftçi”də mümkün deyil, çünki idarəetmə buna müsait deyil. 3-5 yenilgidən sonra yenə eyni söhbətlər başlayacaq, “Yakiroviç (Avcı, Tudor, Terim) gəlirdi də, niyə gətirmədiz” səsləri yüksələcək. Sonra eyni ssenari, necə deyərlər, eyni nöqtə, eyni koordinat...


“Neftçi” Azərbaycan futbolunun dayaq nöqtəsidi. Bu komanda güclü olmayanda ölkə futbolu olaraq güclü ola bilmirik. Amma “Neftçi” vaxtında, düzgün qərarları verməyi bacarmalıdı. Samir Abasov yaxşı məşqçidi (mənə görə artıq məşqçidi yox, məşqçi idi). O komandanı toparlamaq, yaxşı taktika və strategiya qurmaq bacarığına malikdi, çempionatımızı da yaxşı tanıyır, yaxşı bələddi, normal nəticələr də qazanacaq. Amma 3 il əvvəl çempion olub deyə yenə eyni adamı gətirmək yanlış fikirdi. Bu gün belə, sabah başqa cür danışan, qeyri-sabit məşqçini komandanın başına qoymaq yanlış qərardı. Sabah eyni şey elə “Neftçi”nin də başına gələ bilər.


Bu izdivac yaxşı olmayacaq. Çünki kəbin düz kəsilmədi. Kəbinlik heç nə qalmadı, daha doğrusu.

Chosen
53
50
news365.az

10Sources