EN

Cənubi Qafqazın münaqişə poliqonuna çevrilməsinə imkan verilməyəcək

Bu il aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının rəhbəri arasında keçirilmiş görüşdən sonra guya Ermənistanda sosial-iqtisadi inkişafa dəstək bəhanəsi ilə başlanan təxribatların   coğrafiyası getdikcə  genişlənir. Ermənistanın ərazisində guya təhlükəsizliyin təminatı bəhanəsi ilə  Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi, sayının artırılması vəziyyəti daha da mürəkkəbləşdiri.  Xatırladaq ki, missiya iştirakçılarının  Azərbaycanın Ermənistanla  şərti sərhəddində  «binokl diplomatiyası»ndan istifadəsi Brüsseldə   ölkəmizə qarşı planlaşdırılan gizli sövdələşmələrin  ”tərkib hissəsi olmaqla sonrakı təxribatların ilk mərhələsi idi. Bəllidir ki,  Almaniyanın və  Fransanın güc strukturlarının təmsilçilərindən formalaşdırılan  missiya Azərbaycan başda olmaqla Cənubi Qafqaz respublikalarında   kəşfiyyatla məşğul olur.  Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılması qəbuledilməz olduğu kimi, beynəlxalq hüquqa və  siyasi mədəniyyət standartlarına hörmətsizlik idi.

Hazırda  Cənubi Qafqazda siyasi sabitliyin  pozulmasında, təhlükəli  proseslərin daha da gərginləşməsində  dirijor rolunda çıxış edən  ABŞ-ın Ermənistanda  hərbi təlimlər keçirməsi NATO-nun Cənubi Qafqaza təsirini artırmaq  naminə atılan ilk və təhlükəli addımdır.   ABŞ-ın , Qərbin beynəlxalq mexanizm hesab etdiyi formatlar çərçivəsində   Cənubi Qafqaza müdaxilələri, Ermənistanın silahlandırma siyasətinin davam etdirilməsi Azərbaycana, eyni zamanda,  Gürcüstana qarşı təxribatlardır.  Ermənistanın revanşist dairələrini  Azərbaycana qarşı yenidən  ərazi iddiaları çağırışı ilə  qızışdıran ABŞ-ın  və Qərbin  dəstəyi ilə  Azərbaycan mövqelərinin davamlı atəşə tutulmasının əsas məqsədi artıq tarixin arxivinə  atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin hələ   də davam etdiyi təəssüratını yaratmaq, təqaüdə göndərilmiş  Minsk qrupunun «aktuallığını» gündəmdə saxlamaqdır.

30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını 44 gün davam edən  İkinci Qarabağ müharibəsində  işğalçılardan azad edən     Azərbaycan tərəfi isə bildirir ki, münaqişə başa çatıb və biz torpaqlarımızı  azad etmişik. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, heç vaxt münaqişənin tənzimlənməsi ilə məşğul olmayan, yalnız Ermənistanın təcavüzkar siyasətini dəstəkləyən  ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Region üçün həm unikal təhlükəsizlik mühiti yaradan, dünyada və bölgədə  səmərəli əməkdaşlıq imkanları formalaşdıran,  Vətən müharibəsindən sonra siyasi- iqtisadi imkanları, hərbi qüdrəti daha da güclənən Azərbaycan ölkəmizə qarşı təhdid və təxribatlara qarşı  mübarizəyə hər an hazırdır.

Çox təəssüf ki, sözdə özünü  demokratiya tərəfdarı adlandıran, əslində isə dünyanın bir neçə bölgəsində milli münaqişələrə  rəvac verən   ABŞ  Azərbaycanın  Cənubi Qafqazda yaratdığı yeni reallıqları,  beynəlxalq enerji və nəqliyyat  layihələrinə artan marağı həzm edə bilmir. İllərdən bəri  təsdiqlənmiş siyasətinə,  bölgələrə müdaxilə üçün regional sabitliyə təhlükə yaradan katalizator rolunu davam etdirən ABŞ    dünyada mövqeləri möhkəmlənən Azərbaycanın geniş əməkdaşlıq platformasına çevrilməsini istəmir.

«Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil» söyləyən Prezident İlham Əliyev   adi insan hüquqları qorunmayan, terrora dəstək göstərən  ölkə təmsilçilərinin  Azərbaycana «dərs vermək» cəhdlərini qəbuledilməz adlandırır.  Avropanın dırnaqarası demokratik ölkələrində, daha çox Fransada   dinc nümayişçilərə qarşı  törədilən vəhşiliklər, ksenofobiyalar, dini, irqi ayrı-seçkiliklər  beynəlxalq ictimaiyyətin gözləri qarşısında baş verir.

Halbuki ABŞ-ın, Qərbin   heyvanlarla eyni qəfəsdə saxladıqları miqrantlar ordusunun yaranmasının səbəbkarları, müəllifləri elə  rəsmi Vaşinqton, Avropa İttifaqına üzv Fransa və Almaniya kimi  ölkələrdir. Amma dünyada multikultural dəyərləri dəstəklənən,  tolerant ölkə kimi nümunə göstərilən Azərbaycanı   « insan hüquqları pozulan ölkə» adlandırmaları, Qarabağı  könüllü tərk edən ermənilərin guya «doğma torpaqları «artsaxa» qayıtmaları kimi  əsassız iddialar səsləndirmələri siyasi naşılıqdır.  Bu kimi halların qarşısını qətiyyəti, həqiqəti əks  etdirən «Bütün bunları demək lazımdır. Mən bu gün bu kürsüdən bunu deyirəm, açıq, heç kimdən çəkinmədən. Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən bir neçə gündən sonra yenə çirkin məqalələr çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o, pisdir, bu, pisdir. Eybi yoxdur, qoy desinlər»  sözləri ilə alan Prezident  İlham Əliyev siyasi sövdələşmələrin  regional təhlükəsizliyə vurduğu  zərəri qeyd etməklə beynəlxalq təşkilatlarla   qanunlar çərçivəsində əməkdaşlığa da xüsusi diqqətlə yanaşır.

Hazırda  Ermənistandan istifadə edərək  regionda yenidən ciddi gərginlik yaradılması üçün  illərdən bəri sınaqdan çıxardıqları münaqişə elementlərini, mexanizmlərini işə salan,  Cənubi Qafqazda hərbi və siyasi mövcudluğunu gücləndirməyə çalışan  ABŞ və Qərb  əsasən Zəngəzur dəhlizi ilə bağlı siyasi gedişlərini aktivləşdirir.

Bəllidir ki,  Cənubi Qafqaz regionda gərginliyin artması, həmçinin Rusiyaya qarşı ikinci cəbhə kimi də nəzərdə tutulur.
 Ermənistana  hərbi dəstəyini artıran  rəsmi Vaşinqtonun , Yelisey Sarayının, təxribat xarakterli bəyanatları ilə diqqəti çəkən Niderlandın. Ermənistana  dəstəyinin  əsas məqsədi Azərbaycana qarşı  müharibəyə hazırlıqdır. Bəzi məqamlarda  deklorativ şəkildə də olsa  sülh istəklərini sərgiləsə də, ancaq  ölkə konstitusiyasında dəyişiklik tələbinin ortaya atıldığı məqamda  ağalarının diktəsi ilə hərəkət edən   Ermənistanın baş naşiri Nikol Paşinyan sərsəmləmələri  ilə  ərazi iddialarından geri çəkilmədiyini,   təxribatçı cəhdlərini davam etdirmək  niyyətində olduğunu bildirir.

Son dövrlərdə Azərbaycanın hərbi  mövqelərinin atəşə tutulmasının əsas məqsədi də münaqişənin bitmədiyi, davam etdiyi təəssüratını yaratmaqdır, Başqa sözlə deyilsə, Minsk qrupuna nəfəs vermək, gündəmdə saxlamaqdır. Azərbaycan tərəfi isə bildirir ki, münaqişə başa çatıb və biz torpaqlarımızı işğaldan azad etmişik. Odur ki, ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu qurum heç vaxt münaqişənin tənzimlənməsi ilə məşğul olmayıb, sadəcə, Ermənistanın xeyrinə bölgəyə səyahət edib,  saxta tezislər , bəyanatlar hazırlayıb.   Bəllidir ki, konstruktiv dialoq üçün Azərbaycan regionda maraqları olan bütün subyektləri uzlaşdırmağa hazır suveren dövlətdir. Azərbaycanın istəyi odur ki, Cənubi Qafqaz regionu təhlükəsizlik coğrafiyasına çevrilsin və geniş əməkdaşlıq platforması yaransın. Prezident İlham Əliyev bu istiqamətdə strateji baxışlara sahibdir və buna uyğun da təsirli addımlar atır. Bu addımların qarşısını alacaq  güc  yoxdur.

 Son vaxtlarda  Ermənistana silah-sursat daşıyan təyyarələrin sayının artması, ABŞ hərbçilərinin erməni əsilli əsgərlərlə birgə  təlimlərdə  iştirakı Vaşinqtonun Azərbaycana qarşı təxribatlarının göstəricisidir. Gələn ay Azərbaycanda keçiriləcək COP29 ərəfəsində  təhdidlərini artıran,  azərbaycanlılara qarşı mülki, hərbi  cinayətlərdə iştirak edən terrorçuları, separatçıları dəstəkləyən, onların azadlığa buraxılması ilə bağlı təzyiqləri gücləndirən Qərb dairələri  unutmasınlar ki,  heç kim süveren Azərbaycanın daxili işlərinə qarışa və müstəqil  dövlətimizlə  təhdid dili ilə danışa bilməz. Prezident  İlham Əliyevin vurğuladığı kimi, nəyi lazım biliriksə, onu da edəcəyik”. Cənubi Qafqazın munaqişələr poliqonuna çevrilməsinə imkan verilməyəcək.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
14
ikisahil.az

1Sources