Məsələn, Juninyonun ön xətdə yetərincə topla təmin edilmədiyini, hətta onun da xəsislik etdiyini, bu üzdən məhsuldarlığın azaldığını düşünənlər var. Təcrübəli mütəxəssis Aslan Kərimovla söhbətə elə bu məsələylə bağlı fikirlərini soruşmaqla başladıq:
“Əslində cavab “Qarabağ”ın ardıcıl məğlubiyyətləriylə bağlıdı. Əvvəl bunun səbəblərini araşdırmalı və müəyyən nəticələr çıxarmalıyıq. Ətraflı fikir mübadiləsi aparılmalıdı. Mənə elə gəlir ki, Juninyonun ötürmə verməkdən yayınması, təkcə özünü düşünməsi fikirlər həqiqətdən uzaq olduğu qədər, topla təmin edilməməsi haqda iddia da doğru deyil. Hücumçu topla oynamağı sevir və bir çox hallarda ona lazımi şərait yaradılır. “Qarabağ”ın mübarizə apardığı, demək olar ki, bütün turnirlərdə belə halların şahidi olmuşuq. Ümumiyyətlə, Juninyo qol vurmaq istəyirsə, özü də hərəkətli olmalıdı. Gedib iki mərkəz müdafiəçisinin ortasında dayanırsa, günahı başqasında axtarmaq olmaz. Həmin şəraitdə Juninyoya ötürmə vermək yetərincə çətin və təhlükəli ola bilər. Odu ki, uyğun mövqedə qərarlaşmalı və fürsət gözləməlidi. Futbolçunun lazımi anda, lazımi yerdə olduğu halda topla təmin edildiyi epizodların sayı yetərincə çoxdu. Bununla yanaşı, “Qarabağ”ın oyun üslubu fərqlidi. Top ələ keçən kimi Juninyoya çatdırılmalıdı deyə bir qayda yoxdu. Komanda rəqiblərinə daha çox cinahlardan təzyiq edir, mərkəzdən isə yalnız boşluq yarananda hücuma keçir. Ümumiyyətlə, məhsuldarlığın azalmasını bununla bağlı deyil. Juninyonun “Malmö” ilə matçdan sonra yayılan videosunu izlədim. Qəmli görünürdü. Amma bunun öz performansıyla əlaqələndirmirəm. O, məhz topla təmin olunmadığı üçün narazıdısa, komanda yoldaşlarını da başa düşməlidi. Ola bilər ki, həmin anda epizodu yalnış dəyərləndirsin və qol vuracağını düşünsün. Amma həmişə belə olmur. “Malmö” son dəqiqələrdə çox yaxşı müdafiə olundu. Bəlkə Juninyoya ötürmə verilsə, topu itirəcəkdi. Səmimi olsaq, onun “Malmö” ilə matçda çox yaxşı oynadığını düşünmürəm. Düzdü, qol vurdu, amma möhtəşəm deyildi”.
Növbəti mövzu komandanın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmadığı üçün həvəssiz çıxış etməsidi. Həqiqətən belədimi? Aslan bəyi dinləyək:
“Bu fikirlə razı deyiləm. Komanda Avropa Liqasında oynayırsa, belə məsələdən söhbət gedə bilməz. Amma intensiv belə oyunlar oynayırsansa, kənardan həvəssiz görünə bilərsən. Bu, istəksizliklə yox, yorğunluqla bağlıdı. Əslində mövzunun elmi tərəfləri var. Lakin çox dərinə getmək istəmirəm”.
Ağdamlıların yığcam müdafiə olunan rəqiblərlə mübarizədə çətinlik çəkdiyini düşünənlər də az deyil. Belədisə, vəziyyətdən çıxış yolu nədi? Kərimov “köhlən atlar”ın durumunu belə dəyərləndirdi:
“Qarabağ” indiyə qədər bu tipli rəqiblərin əksəriyyətini məğlub edib. Əlbəttə, müdafiə xəttini yara bilmədiyi komandalar da olub. Məsələn, “Viktoriya Plzen” kimi rəqiblər Ağdam təmsilçisinə həmişə problem yaradıb. Çünki onlar çox sıx müdafiə olunmaqla yanaşı, ani boşluqlardan dərhal yararlanıb hücuma keçir və epizodu qolla tamamlayır. Yenə də “Qarabağ”ın müdafiə xəttinə güvənən rəqiblərlə mübarizədə ciddi çətinliklə üzləşdiyini düşünmürəm. Onsuz da belə komandaların qapısından top keçirmək nəinki “Qarabağ”, demək olar ki, bütün komandalar üçün asan olmur. Belə məqamlarda əsasən oyunçuların ustalıq səviyyəsi ön plana çıxır. Müdafiə olunmaq özü də ayrıca peşəkarlıq tələb edir. Sırf belə komandalarla oyunda təkbətək mübarizələrə diqqət yetirilir. Həmin saniyələrdən qalib ayrılan kollektivlərin işi daha asan olur. Belədə əsas yük hücumçuların çiyinləri üzərinə düşür. Ona görə ki, rəqib məhz həmin oyunçuları zərərsizləşdirərək həm müdafiə, həm də hücum xəttinin önünü açır. Belə məsələlər sırf “Qarabağ” yox, istər “Barselona”, istərsə də “Mançester Siti” kimi komandalar üçün böyük problemdi. Xatırlayırsızsa, “Barselona” vaxtilə Messi, Xavi və İniyesta kimi futbolçulara sahib olduğu halda, belə çətinliklərindən öhdəsindən gələ bilmirdi. “Qarabağ” rəqiblərini sıxışdırmaq üçün daha dinamik oynamalıdı. Belədə kollektivin qələbə şansı həmişə çox olub. Bəs son vaxtlar həmin dinamikanı əldə etmək niyə bu qədər çətindi? Bunu araşdırmaq lazımdı. Xoşlarına gəlməsə də, reallıq belədi”.
Bəs Aslan bəy komandanın qələbə qazanmasına mane olan səbəbləri bilirmi? Hələ bir neçə həftə əvvəl futbolçuların yorğun olduğunu demişdi. O, həmin fikrin arxasında durduğunu bildirdi:
“Bəli, “Qarabağ” hələ Zaqreb “Dinamo”suna məğlub olanda düşüncələrimi paylaşmışdım. Komandada psixoloji yorğunluq var. O başqa məsələ ki, bəzi oyunçuların zədəli olması rotasiyalara imkan vermir və fiziki yorğunluq da ortaya çıxır. Növbəti məğlubiyyətlərin siqnalı hiss ediləndə Qurban Qurbanov adımı çəkib fərqli fikirlər yaratdığımı, yorğun olmadıqlarını iddia etdi. Düzdü, rəqibdən daha çox qaça bilərsən. Amma “Dinamo” kimi komandalar qaçmağa yox, lazım olanda qol vurmağa üstünlük verir. “Qarabağ”da statistikaya önəm verilirsə, sual belə olmalıdı: əvvəlki oyundakından daha çox qaçmısanmı? Məsələn, “Bayer-04”, “Braqa” ilə matçlarda qaçdığın qədər... Həmin dinamikanı “Qarabağ” indi göstərə bilirmi? Reallığı görməmək üçün kor olmaq lazımdı. Əslində, bu, normal haldı. Yüksək səviyyədə məşq etmək, həmin templə meydana çıxmaq istəyirsənsə, dinamikaya da öyrəşməlisən. Məncə, bu, müvəqqəti haldı. Əminəm ki, komanda öz oyun üslublarına qayıdacaq”.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 24-də evdə “Ayaks”la qarşılaşacaq.
KƏNAN BAHADIR