EN

Söyüşcül tiktokerlər yenə “meydanda”

Ekspert: “Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar”

Son  günlər Azərbaycanda tiktokerlərin paylaşımları yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə 10-20-30 sutka həbs cəzası alan tiktokerlər də var.

Bu yaxınlarda “Renka” kimi tanınan tiktoker Rəna Cəfərova da cəzalandırılıb. O, sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub. Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğulu? Mənə oğul lazımdır?”, - deyə fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

Bu sosial şəbəkələrdə tez-tez azyaşlıların canlı yayımlara çıxdığının, qeyri-etik fikirlər səsləndirdiyinin, yaşlarına uyğun mövzularda valideynləri ilə söhbət etdiyinin şahidi də oluruq. Məsələn, 1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini “Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev buna görə bu ilin aprel ayında 30 sutkalıq həbs edildi. O, TikTok sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxırdı.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

Polisin keçirdiyi tədbirlərlə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü Rauf İsmayılov da saxlanılıb. Məhkəmənin qərarı ilə R.İsmayılov inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu cür tiktokerlərlə bağlı zaman-zaman tədbirlər görülsə də, yenə də bu cür hallar təkrarlanır. Bəs bunun səbəbləri nədir?

qaynarinfo.az

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərin faydası var: “TikTok kimi sosial şəbəkələrin bu şəkildə həyatımıza nüfuz etməsi yeni baş verir. Artıq bu neçənci tiktokerdir ki, hüquq-mühafizə orqanları ya saxlayır, ya da cərimə edir. Biz rəqəmsal cəmiyyətdə yaşayırıq və sosial şəbəkə reallığını qəbul etməliyik. Sosial şəbəkə platformalarının proqmatik tərəfləri də çoxdur. Bundan kifayət qədər faydalanan və onun üzərindən iş quran insanlar var. Sosial şəbəkə reallığını biz qəbul etməliyik.  Hərçənd bəzi ölkələrdə sosial şəbəkələrlə bağlı qadağalar var. Baxmayaraq ki, TikTok Çində yaradılıb bu ölkədə həmin sosial şəbəkənin istifadəsi qadağandır, ancaq onun analoqundan istifadə olunur. Analoqundan istifadə zamanı da limit qoyulur.  Çünki müəyyən olunub ki, TikTok və digər sosial şəbəkələrdən istifadə əmək qabiliyyətli insanların enerjisini tükəndirir və bu da məhsuldarlığa öz təsirini göstərir. Uşaqlarda isə analitik qabiliyyəti zəiflətdiyinə görə azyaşlılara 45 dəqiqədən artıq istifadəyə icazə verilmir. Analoji addımlar digər ölkələrdə də özünü göstərir. Məsələn, Avropa ittifaqına daxil olan ölkələrdə sosial şəbəkə platformalarından istifadə dövlət işində çalışanlara qadağan olunub. Qardaş Türkiyədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Orada yaşlar üzrə konkret limitlər var.  2017-ci ildə Almaniyada sosial şəbəkə platforması operatorları arasında müqavilə bağlandı. Həmin müqaviləyə əsasən Almaniya hökuməti həmin operatorlarla belə bir razılıq əldə etdi ki, sosial şəbəkələrdə saxta adlarla daxil olub, insanları aşağılayan, dezolar yayan şəxslərin kimlikləri müəyyənləşib hökumətə təqdim edilsin.

Azərbaycanda operatorlarla analoji müqavilə bağlana bilər. Sosial şəbəkə platforma istifadəçiləri ilə sosial iş aparmaq lazımdır. Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar. Onlar bilməlidirlər ki, istənilən hüquqazidd davranışların, zərərli informasiyaların paylaşımı real həyatdakı məsuliyyəti yaradır. 

"Media haqqında" Qanunun 10 və 14-cü maddəsində sosial şəbəkələrlə bağlı istiqamət var. Dövlət başçısı uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun da imzalayıb. Onun icra mexanizmi gücləndirilməlidir. Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən bir qanun olsa, daha yaxşı olar. Həmin qanunda biz olmazları görə bilərik. Belə qanuna ayrı bir ehtiyac var. 

Cinayətkar hər yerdə, istər real, istərsə də virtual həyatda cinayətkardır. Adi həyatda da sağlam pul qazanan, yaxud oğurluq edən insanlar var. Virtual arenada da belədir. Biz tiktokerlərin əxlaqa və hüquqazidd əməllərlə pul qazanmasına şans tanıya bilmərik. Cəmiyyət adekvat yanaşmanı tanıyır".

QRBe9ROsum5JZ8AbYzbmIzIKR4NlHt1OoFYYSpwj.jpg

 Günel İsmayıllı 

Psixoloq Günel İsmayıllı deyir ki, tiktokerlərin bütünlüklə cəmiyyətimizi təmsil etdiyini düşünmək çox yanlış və xətalı düşüncədir. Cəmiyyət təkcə onlardan ibarət deyil: “Bir neçə şəxsə görə ümumi ölkə adına mənalandırmaq kökündən doğru deyil. Hazırda bu platformanın ölkəmizdə yaxşı mərhələsi deyil. Bu ondan irəli gəlir ki, TikTokda rahat şəkildə pul əldə etmə üsulu daha çoxdur. Və bir fərd olaraq formalaşmayan insanlar bu sosial şəbəkələrdə pul qazanmaq üçün hər şeyi etməyə hazırdılar.  Onlar həyatda qalmaq üçün ən iyrənc davranışlara belə özlərini məruz qoyurlar.

Burada mövzudan kənara çıxaraq deyim ki, biz hər zaman döymənin, qorxunun, uşağın sərhədlərini işğal edərək onu tərbiyə etməyin yanlış olduğunu vurğulayırıq. Halbuki böyüklər deyir ki, əşi bizi də uşaq olanda döyüblər, söyüblər və s. Beləliklə, zorakılığı norma olaraq qəbul edirlər. İndi gördüyümüz tiktokerlər o cür valideynlərin övladlarıdırlar. Onlar bəlli bir yaşa çatıblar və tez, rahat maddiyyat əldə etməklə görmədikləri sevgi, qayğı, dinlənmə hisslərini kompensasiya etmək istəyirlər. Bir fərd olaraq formalaşmayan insanlar belə platformalarda özlərini bu cür aparacaqlar. Onlar bir insan olaraq cəmiyyətdə insan olaraq öz missiyalarını yerinə yetirməkdə acizdirlər. Bu məsələ zamanla hər bir dövlət qurumunun üzərinə düşən məsuliyyətlə tənzimlənəcək. Bununla bağlı müəyyən bir əmək sərf etmək lazımdır. Nə qədər çox təhsilə, inkişafa, kitaba maraq olacaqsa, bir o qədər cəmiyyətimiz də gözəlləşəcək, belə tiktokerlərin sayı da minimuma enəcək. Zamanla belə məsələlər öz aktuallığını itirəcək. Çünki paralel olaraq başqa inkişaf edən tərəflər də var. Bəzən media reytinq xətrinə bu cür insanlarla bağlı xəbərlər paylaşır. Çünki insan beyni neqativə açıqdır, daha tez reaksiya verir. Hər bir insan dəyişimə başqasından deyil, özündən başlamalıdır. İnanıram ki, cəmiyyəti gözəlləşdirən və dəyişimə açıq olan belə insanlarımız olacaq". 

Şahanə RƏHİMLİ,
Musavat.com

 

 

Chosen
54
musavat.com

1Sources