Bu həftəsonu futbol azarkeşlərini daha bir mükəmməl matç gözləyir.
Bu dəfəki həyəcanla gözlənilən matç İngiltərə Premyer Liqasındadır. Belə ki, "Liverpul" və "Çelsi" üz-üzə gələcək. Sözügedən matç oktyabrın 20-si saat 19:30-da başlayacaq.
Maraqlıdır, böyük marağa səbəb olan bu matçda hansı tərəf qələbəyə daha yaxındır?
Futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, İngiltərə Premyer Liqasının istənilən matçı maraqlı olur:
"Çünki bu qədər çox komanda olmasına baxmayaraq, 1-ci və axırıncı sıradakı komandalar belə bir-birləri ilə oynayarkən oyunun nəticəsini dəqiq təxmin etmək olmur. Hətta axırıncı sırada olan komanda liderdən xal və ya xallar ala bilir. TOP-6 klublarının isə oyunlarında hansının daha hazır olması həlledici məqamlardan biri olur".
O, "Liverpul" - "Çelsi" matçı ilə bağlı isə bunları deyib:
"Əvvəlki "Liverpul" olsaydı, həddindən artıq aqressiv oyun nümayiş etdirərdi. İndi isə nisbətən fərqli oyun üslubuna malikdirlər. Artıq çox sürətli keçidlər etmirlər, amma kombinasiyalı şəkildə oynayırlar. Üstəlik, rəqib qapısında çətin anlar yaşadacaq kifayət qədər futbolçuları da var.
"Çelsi" isə 1-2 mövsüm öncə yaxşı çıxış etmirdi. Həddindən artıq çox transfer etmələrinə rəğmən, ürəkaçan nəticələr əldə edə bilmirdilər. İndi isə balanslı şəkildə oyun nümayiş etdirirlər. Həmçinin, "Çelsi" də bu mövsümə çox yaxşı başlayıb və istedadlı futbolçuları var. Son oyunlarında çox aqressiv görünürlər, öndə pressinq edirlər. Beləliklə, iki komanda arasında qızğın oyun izləyəcəyik".
Aslan Kərimovun sözlərinə görə, favorit "Liverpul"dur:
"Düşünürəm ki, "Liverpul" öz meydanında oynayacağı üçün azarkeşlərinin də dəstəyi ilə bir balaca öndədir. Yəni "Liverpul"un bu matçda qələbə qazanması daha real görünür. Oyunun dominantlığını da onlar edəcək. Ümumiyyətlə, çempionluq üçün oynayan komanda evdəki matçlarda qələbə qazanmağa məcburdur".
Pərviz