EN

Azərbaycanda abortların sayı sürətlə ARTIR - STATİSTİKA

Son zamanlar abortların sayı artıb. Bu isə genefondumuza ağır zərbə vurur. Tibbi texnologiyanın inkişafı və bununla paralel olaraq dünyada hökm sürən mənəvi deqradasiya prosesi son dövrlərdə yeni bir problemin əsasını qoyub. Bəşəriyyətin genefondunu məhv etməyə qadir olan bu problem abortlarla bağlıdır.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 73 816 abort qeydə alınıb. Belə ki, 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır. Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2 528 qadın abort etdirib. 2021-ci ildə abort edənlərin sayı 46 877, 2022-ci ildə 57 999 olub. 15-49 yaş aralığında hər 1 000 qadına düşən abortların sayı 27,9 təşkil edib.

 

Statistikadan da görünür ki, say çox sürətlə artır. Aparılan təbliğat da heç bir effekt vermir. Bu isə bir sıra səbəblərlə bağlıdır. Ölkəmizdə arzuolunmaz hamiləlikdən qorunma anlayışı sıfır dərəcəsindədir. Məhz bu baxımdan insanlar istənilməz hamiləliyə son qoymaq üçün aborta müraciət edirlər.

 

Son illər Azərbaycanda da abortların sayının artması ciddi narahatlıq doğurur. Xüsusən də selektiv abortlarla bağlı ekspertlər həyəcan təbili çalır. Azərbaycanda ailələrin maarifləndirilməsi, arzuolunmaz hamiləlikdən qorunmaqla bağlı məlumatlandırılması effektiv nəticə verməyib. Abort, sadəcə, cərrahi bir prosedur deyil. Bir insanın qəsdən başqa bir insanı öldürməsi deməkdir. Məhz bu baxımdan abortdan imtina edən vicdanlı həkimlər var. Lakin əksəriyyət 13-cü həftəyə qədər olan hamiləlikləri sonlandırmağın qanunla qadağa olmadığını əsas gətirərək bu prosesə razılıq verir. Deməli, selektiv abortların qarşısını almaq, ümumilikdə abort statistikasını azaltmaq üçün qanundakı müvafiq maddəyə yenidən baxılmalıdır.

 

Abort sadəcə bir ailənin seçimi deyil, ölkənin demoqrafik vəziyyətinə təsir edən bir haldır. Həkimlər hesab edirlər ki, son dövrlər qadınlarda onkoloji xəstəliklərin sayının çoxalmasına səbəb abortlardır. Bu prosesdən sonra qadınlarda bir sıra ağırlaşmalar, xəstəliklər yarana bilər. İlk olaraq qeyd edilir ki, abort olunmuş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır.

 

Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir - hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən, hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz abortlardır. Əgər qadın abortdan sonra hamilə olarsa, bu zaman hamiləlik zamanı müxtəlif ağırlaşmalar mümkündür. Bəzi hallarda abort zamanı uşaqlıq boynu genəldilir. Bu da uşaqlıq boynuna mənfi təsir göstərir. Belə halla rastlaşan qadınlarda 40 yaşdan sonra uşaqlıq boynunun xərçəngi yaranır.

 

Qadınlarda yumurtalıqların xərçənginin bir səbəbi də məhz abort olaraq göstərilir. Erkən yaşda abort olunmaq isə bu təhlükələri iki dəfə artırır.

 

Qeyd edək ki, hər 100 hamilə qadına 30 abort düşür, bu isə yüksək göstəricidir və bu temp davam edərsə, çətin ki, sosioloqların 2050-ci ildə Azərbaycan əhalisinin sayının 12 milyona çatacağı barədə proqnozu düz olsun.

 

Ülkər Abdurahmanlı

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

Mövzu: Gendər, ailə və demoqrafiyə məsələlərinin işıqlandırılması.

Chosen
57
44
sfera.az

10Sources