EN

Məktəbin keyfiyyətli müəllimlə təmin edilməsi üçün çox işlər görülməlidir - İctimai Şura sədri

Hikmət Əlizadə: "Müəllim zəifdirsə, həkim də, mühəndis də, digər sahələrin mütəxəssisləri də zəifdir"

Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli fərmanı ilə “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. 2014-cü il iyunun 1-dən qüvvəyə minən qanunun məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin edilməsi, vətəndaşların və vətəndaş cəmiyyət institutlarının rəyinin nəzərə alınmasıdır. Qanuna müvafiq olaraq bütün nazirliklər yanında İctimai şuralar yaradılıb. Bəs həmin şuralar necə işləyir, nazirliklər onlarla hesablaşırmı?

Modern.az saytı nazirliklər yanında İctimai şuraların sədrləri ilə silsilə müsahibələrə davam edir.

Bugünkü müsahibimiz Elm və Təhsil Nazirliyi yanında İctmai Şuranın sədri, professor Hikmət Əlizadədir.
 

- Hikmət müəllim, müşahidələr göstərir ki, Azərbaycanda İctimai şuralara birmənalı münasibət yoxdur. Bu da ondan irəli gəlir ki, nazirlik və ya komitə yanında yaradılan İctimai şuralar daha çox həmin qurumun müdafiəçisi qismində çıxış edir. Siz bununla bağlı nə deyə bilərsiniz? İctimai şuralar necə işləməlidir ki, ictimai nüfuz qazana bilsin.
 

- İctimai Şuralar öz fəaliyyətlərini “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun qururlar. Təbii ki, fəaliyyət sahələrinin özünəməxsusluğundan irəli gələrək, nazirlik və ya komitələr yanında yaranan İctimai şuraların fəaliyyətində də müəyyən müxtəliflik olur. Lakin İctimai şuraların fəaliyyətində müdafiəçilik funksiyası yoxdur və mənim təmsil olunduğum İctimai Şurada bizə müdafiəçi funksiyası daşımaq tapşırılmayıb. Biz təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı monitorinqlər keçiririk, təhlillər aparırıq, təkliflərimizi Elm və Təhsil Nazirliyinin müvafiq qurumunlarına təqdim edirik və s. Bu istiqamətdə bizə sərbəstlik və müstəqillik verilib. Biz öz gücümüz daxilində funksiyamıza daxil olan işlərlə məşğul oluruq. Bilirsiniz, görülməli işlər çoxdur, bütün bu işləri uğurla həyata keçirmək bəzən zaman baxımından çətin olur. Nüfuz əldə etmək üçün isə hadisələri obyektiv qiymətləndirmək kifayətdir.
 

- Siz İctimai Şuranın sədri kimi təhsildə mövcud olan nöqsanları necə dəyərləndirirsiniz?
 

- Təhsil bütün ölkəni əhatə edən mürəkkəb bir strukturdur. Təbii ki, burada müəyyən nöqsanlar vardır. Lakin çox vaxt saytlarda, media vasitələrində hər hansı bir qurumu, yaxud şəxsi tənqid edib nöqsanı ancaq onda axtarırlar. Mənim bu istiqamətdə düşüncəm fərqlidir. Hesab edirəm ki, təhsil sahəsində mövcud olan nöqsanlarda təhsil subyektlərinin hamısının bu və ya digər dərəcədə günahı var. Belə ki, hüquqi inzibati sənədlərdən, Elm və Təhsil Nazirliyinin verdiyi qərarlardan irəli gələn məsələlərin həyata keçirilməsinin keyfiyyəti və səmərəsi həm təhsili idarə edənlərdən, həm müəllimlərdən, həm şagirdlərdən, həm də valideynlərdən asılıdır.

Bu istiqamətdə biz birmənalı şəkildə deyə bilmərik ki, hansısa məktəbdə mövcud olan nöqsanlar həmin qurumun və ya onun rəhbərinin səhvidir. Bu gün dünya təhsil sistemində təhsil subyektlərin hamısı bir-biri ilə əməkdaşlıq edir. Təəssüf hissi ilə qeyd edirəm ki, bizdə bu məsələdə hələ çatışmazlıq var. Düşünürəm ki, təhsili idarə edən qurumlar, müəllimlər, valideynlər və şagirdlər əməkdaşlıq çərçivəsində fəaliyyət göstərsələr, təhsildə nöqsanlar nəzərəçarpacaq dərəcədə azalar. Bu əməkdaşlıq şagirdlərdə yaxşı motivasiya yarada bilər. Bu işdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Lakin əksər hallarda valideynlər övladlarının təhsil alma motivasiyasına o qədər də müsbət təsir göstərə bilmirlər. Bir çox valideynlər təhsil sənədi almaqda daha çox maraqlıdır, nəinki övladının daha yüksək təhsil almasında. Fikir verin, son vaxtlar müsahibələrdə valideynlər media vasitəsilə məktəbdə təhsilin məzmununun çətin olduğunu vurğulayırlar. Sanki onlar övladlarının daha yüksək səviyyədə bilik və bacarıq əldə etməsini istəmirlər?! Təhsilin məzmunu psixoloqlar, pedaqoqlar, metodistlər və ekspertlər tərəfindən müəyyən edilir. Bu zaman dünya təcrübəsi prioritet götürülür. Buna görə də mən bu məsələdə valideynlərlə razı deyiləm. Əgər bu gün valideyn təhsil məzmununun çətin olmasından şikayət edirsə, həmin valideynin övladı hansı motivasiya ilə məktəbə gələr? Şagird düzgün motivasiya ilə məktəbə gəlmədikdə isə onun məktəbdə təlim fəaliyyətini yüksək səviyyədə təşkil etmək çətinləşir. Bu istiqamətdə müəllimlərin çətinliyə düşdüyünü görməmək mümkün deyil. Düzdür, müəllimlər birmənalı olaraq bu çətinlikləri dəf etməyin yollarını axtarıb tapmalıdırlar. Bunun üçün müəllimin pedaqoji savadı o qədər yüksək olmalıdır ki, o daim şagirdlərdə motivasiya yaratmağa, onların təlim fəallığının artmasına kömək edə bilsin. Pedaqogikada bu gün o qədər yeni metodika və texnologiyalar var ki, müəllimlər onlardan istifadə edərək asanlıqla sinfi və şagirdləri idarə edə bilərlər. Lakin həmişə belə olmur. Bəzi müəllimlər bu prosesdə uğur qazana bilmirlər. Məktəblərdə həyata keçirilən sertifikasiya imtahanları bu məqsədə, müəllimin pedaqoji savadının və məsuliyyətinin artmasına xidmət edir.

Biz diqqəti həm valideynlərin, həm də müəllimlərin fəaliyyətnə yönəltdik. Onların fəaliyyətində mövcud olan nöqsanlar bir yerə toplaşanda uduzan şagird olur. Amma həm müəllim, həm valideyn əməkdaşlıq etsə, mövcud nöqsanları bir yerdə aradan qaldırmaq imkanı artar. Problemin uğurunu müəllim, valideyn və şagird üçbucağının sərhədlərində, onların əməkdaşlığında axtarmalıyıq. Unutmamalıyıq ki, biz gənc nəsli süni intellekt dövründə yaşamağa hazırlamalıyıq. Onlara elə bilik və bacarıqlar aşılamalıyıq ki, sabah mövcud dəyişikliklərin hamısından baş aça bilsinlər.
 

- Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi fəaliyyətləri necə dəyərləndirirsiniz?
 

 - Elm və Təhsil Nazirliyinin fəaliyyətində iki istiqamət prioritetdir: strateji və taktiki. Strateji istəqamətdə nazirlik fəaliyyətini dünya təcrübəsi əsasında qura bilmişdir. Lakin taktiki istiqamətdə, yəni strateji planda nəzərdə tutulan işlərin praktikaya tətbiqi məsələsində müəyyən çətinliklər var. Təbii ki, nəzərdə tutulan işlər bütün təhsil ocaqlarında eyni səviyyədə həyata keçirilə bilməz. Çətinliklər də bununla şərtlənir. Məsələn, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə  hər hansı pedaqoji problemlə bağlı müəyyən metodiki vəsait hazırlanır. Görəsən məktəblərdə müəllimlərin həmin vəsaitlərlə tanış olmasına şərait yaradılırmı? Müəllimlərin hamısı həmin metodik vəsaitlə nə dərəcədə tanış ola bilir? Fikrimcə, bu gün Elm və Təhsil Nazirliyinin fəaliyyətində taktiki planda məktəb menecerlərinin (direktorların) fəaliyyəti pedaqoji cəhətdən daha rəngarəng olmalıdır. Əvvəllər məktəbin qabaqcıl müəllimi direktor seçilirdi. İndi idarəetmə qabiliyyəti yüksək olan müəllimlər bu vəzifəyə seçilirlər. Düşünürəm ki, məktəbə idarəetmə qabiliyyəti olan qabaqcıl müəllim rəhbərlik etsə, məktəbin fəaliyyətinin səviyyəsini yüksəltmə imkanları genişlənər. Belə ki, digər sahələrin menecerindən fərqli olaraq, məktəbin idarəetməsində metodiki məsələlər önəmli əhəmiyyət kəsb edir. Buna görə məktəb menecerinin qabaqcıl müəllim olması bu mənada mühüm əhəmiyyət kəsb edir.

Məktəb menecerləri Elm və Təhsil Nazirliyinin strateji planda nəzərdə tutduğu bütün məsələləri müəllimlərlə əməkdaşlıq çərçivəsində (komanda şəklində) həyata keçirdikdə daha böyük uğurlar əldə edilə bilər. Hətta valideynlər də məktəbin idarə edilməsində bu əməkdaşlığa daxil edilməlidir. Artıq valideynlərlə kommunikasiya məsələləri də asanlaşıb. Əvvəllər valideynlər məktəbə dəvət olunurdular. Bu gün məktəbin bütün valideynləri təhsil ocağına topamaq imkanı məhduddur. Lakin elektron resurslar imkan verir ki, valideynlərlə rahatlıqla əlaqə saxlaya bilək. Hesab edirəm ki, menecerlər (direktorlar) bu işdə pedaqoji cəhətdən daha fəal olsalar, məktəbin pedaqoji işlərini daha səmərəli qura bilərlər. Amma fikrimcə, bu sahədə hələ çatışmazlıqlar az deyil. Son dövrlərdə məktəblərlə bağlı mediada səslənən nöqsanları mən daha çox məktəbin idarəedilməsində mövcud olan nöqsanlarla kimi dəyərləndirirəm. Yeri gəlmişkən qeyd edim ki, biz İctimai Şura olaraq Bakı şəhərinin məktəblərində monitorinqlər həyata keçirmişik və bu iş davam edir. Bizim fəaliyyət planinda region məktəblərində də monitorinqlər həyata keçirmək nəzərdə tutulubdur. Biz həmin tədbirlər çərçivəsində məktəb rəhbərləri və müəllimlərlə görüşüb, onların işləri ilə tanış olur, müzakirələr aparır və məktəbin pedaqoji işlərinin yaxşılaşdırılması ilə bağlı müəyyən təkliflər də veririk. Yaxın gələcəkdə rayonlar üzrə məktəb direktorları ilə ictimai dinləmələr həyata keçirilməsi nəzərdə tutulub. Elm və təhsil naziri, cənab Emin Əmrullayev müəllimlərin sentyabr konfransında çıxışında bu məsələ ilə bağlı öz təkliflərini açıqlamışdı. Cənab nazirin verdiyi təklifə əsasən, biz hazırda bu istiqamətdə işlərimizi planlaşdırırıq. Nəzəri baxımdan artıq belə ictimai dinləmələri həyata keçirmək üçün hazırlıqlar başa çatıb.
 


- Sizin sədr olduğunuz İctimai Şura işini necə qurub? İctimai Şuranın fəaliyyətində prioritet istiqamətlər hansılardır? Nazirliyin fəaliyyətinə ictimai nəzarəti həyata keçirə bilirsinizmi? Nazirliyi əməkdaşları sizin iclaslarınızda iştirak edirmi, rəylərinizlə hesablaşırlarmı?

 

- İctimai Şuranın fəaliyyət planı genişdir. Onların hamısını bir müsahibədə açıqlamaq imkanları məhduddur. Ümumi şəkildə qeyd edim ki, İctimai Şura Elm və Təhsil Nazirliyinin struktur bölmələri ilə görüşlər keçirir, onların fəaliyyətləri ilə tanış olur, müzakirələr aparır və təkliflər verir; Elm və Təhsil Nazirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edir; Bütün təhsil müəssisələrində monitorinqlər həyata  keçirir; Vətəndaşların müraciətlərini müzakirə edir və onların öz həllini tapması üçün müəyyən qurumlara ünvanlayır; ictimai dinləmələr həyata keçirir və s.

İctimai Şura artıq müxtəlif təhsil qurumları ilə görüşlər keçirmiş və onların fəaliyyətləri ilə tanış olmuş, təqdimatlarını dinləmiş, fikir mübadiləsi aramış, təkliflər vermişdir. Misal olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil Tələbə Krediti Fondu və Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ilə çox faydalı görüşlərimiz olub. Təbii ki, qarşıda duran bütün məsələləri həll etmək bir anın içərisində mümkün deyil. Amma görüşlərdə gördüm ki, kifayət qədər məqsədəmüvafiq işlər həyata keçirilir. Biz onlara öz təkliflərimizi də verdik. Yəqin ki, növbəti ildə onlarla görüşəndə həmin təkliflərin necə icra olunması ilə bağlı məsələlərə də aydınlıq gətiriləcək.

İctimai Şuraya müəyyən müəllimlər tərəfindən müxtəlif məzmunlu müraciətlər daxil olur. Həmin müraciətləri müzakirə edib Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarına ünvanlayırıq. Həmin müraciətlərə baxılır və nəticəsi haqqında İctimai Şuraya məlumat verilir.  Düşünürəm ki, onlar hər hansı təkliflərə açıqdırlar.

Bunlar İctimai Şuranın fəaliyyətinin bir hissəsidir. Elm və Təhsil Nazirliyinin İctimai Şuradan gözləntiləri çoxdur. Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin sentyabr konfransında İctimai Şuranın məktəb direktorları ilə keçiriləcək ictimai dinləmələrdə şəxsən iştirak edəcəyini də vurğulamışdı.
 

- İctimai şuraların əsas vəzifələrindən biri də vətəndaşlarla sıx əməkdaşlıq etməkdir. İctimai Şura vətəndaşlarla necə əməkdaşlıq edir? Vətəndaşlardan Sizə müraciət daxil olurmu və onlar əsasən nə ilə bağlı olur?
 

- Bizə müəyyən müraciətlər daxil olub və olmaqda davam edir. Müraciətlərin bir qismi sertifikatlaşma, bir qismi müəllimlərin işə qəbulu imtahanları ilə bağlıdır. Başqa məzmunlu müraciətlər də var. Biz həmin müraciətlərə həssas yanaşaraq, onları təhlil etdikdən sonra müvafiq qurumlara ünvanlayırıq. Amma bəzən elə hallar olur ki, problemin yaranmasının səbəbkarı müraciət edənin özü olur. Fürsətdən istifadə edərək, müəllimlərə demək istərdim ki, müraciət edərkən məsələni obyektiv qiymətləndirsinlər və bundan sonra İctimai Şuraya müraciət etsinlər. Əgər hər hansı bir problem müəllimin öz səhvi nəticəsində yaranıbsa, bizim o məsələni həll etmək imkanımız məhdudlaşır.


- Bilmək olarmı, hansı vacib məsələ ilə bağlı əhalinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğu keçirmisiniz?


- Yuxarıda qeyd etdim ki, ictimai dinləmələri həyata keçirmək üçün hər şey nəzəri cəhətdən hazırdır. Fikrimcə, yaxın günlərdə həmin məsələ öz praktik təcəssümünü tapacaqdır. Amma əhali arasında İctimai Şura üzvləri məktəblərə monitorinqlər zamanı fərdi sorğular keçirmişlər. Bu fərdi sorğular həm müəllimlərlə, həm də valideynlərlə aparılmışdır. 
 

- Paytaxtla yanaşı, ətraf ərazilərdə də layihələr həyata keçirilirmi?
 

- Biz sentyabrda müxtəlif məktəblərdə monitorinqlər keçirdik. Qeyd edim ki, İçtimai Şuranın sədr müavini Pərvanə xanım monitorinqi İsmayıllı rayonunda həyata keçirdi. Həmin monitorinqlərin əsas məqsədi ilk təhsil günündə şagirdlərin məktəbə necə qəbul edilməsi, yerləşdirilməsi, buna hazırlıq səviyyəsinin müəyyən edilməsi ilə bağlı olmuşdu. Lakin İctimai Şuranın fəaliyyət planında regionların təhsil müəssisələrində monitorinqlərin keçirilməsi prioritet məsələlərdən biridir. Hesab edirəm ki, gələn ay belə tədbirləri həyata keçirməyə başlayacağıq.
 

- İctimai şuraların ən çox problem yaşadıqları məsələlərdən biri də maliyyə ilə bağlı olur. Sizin şurada bu vəziyyət necədir? Maliyyə imkanınız rayonlarda tədbirlər keçirməyə çatırmı?
 

- İctimai Şuralar ictimai əsaslarla fəaliyyət göstərirlər. Bu səbəbdən biz tədbirləri hələlik əsasən Bakı şəhərində keçiririk. Təbii ki, rayonlara gedəndə hansısa dəstəyə ehtiyac olacaq. Burada əsas məsələ İctimai Şura üzvlərinin nəqliyyat vasitəsi ilə təmin olunmasıdır.  Bizdən əvvəl fəaliyyət göstərən  İctimai şuraların təcrübəsi əsasında deyə bilərəm ki, Elm və Təhsil Nazirliyi bu şəraiti yaradır.
 

- Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin işə qəbulu imtahanları (MİQ) barədə dediklərini necə şərh edərdiniz?
 

- Hesab edirəm ki, MİQ, həmçinin sertifikatlaşma imtahanları qabaqcıl dünya təcrübəsinə əsaslanan mexanizmlə həyata keçirilir. Əvvəlcə test imtahanı, sonra isə müsahibə mərhələsi baş tutur. Test imtahanında biliklər, müsahibə zamanı isə bacarıqlar yoxlanılır. Amma fikrimcə, xüsusən müsahibə mərhələsinin təkmilləşdirilməsinə ehtiyac vardır. Təhsil dinamik prosesdir, daim dəyişir, yeni məzmun kəsb edir. Zaman kontekstində müəllimlərin pedaqoji bacarıqlarını müəyyən etmək çox çətindir. Görəsən müsahibə mərhələsində bu önəmli vəzifənin öhdəsindən gələ bilirik?        

Müəllim keyfiyyətli olmalıdır. Məktəbin keyfiyyətli müəllimlə təmin edilməsi üçün çox işlər görülməlidir. Biz bu gün mövcud müəllimlərin içərisindən ən keyfiyyətlilərini seçirik. Dünyada müəllim hazırlığı və işə qəbulu prosesinə çox ciddi yanaşılır. Müəllim zəifdirsə, həkim də, mühəndis də, digər sahələrin mütəxəssisləri də zəifdir. Mən bu istiqamətdə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi siyasəti müsbət dəyərləndirirəm.
 

- İctimai şuralarla əlaqədə medianın və jurnalistlərin fəaliyyətini necə dəyərləndirirsiniz?
 

- Sözün düzü, mən jurnalistlər haqqında çox neqativ məsələlər eşitmişdim. Amma İctimai Şuranın sədri seçiləndən sonra jurnalistlər mənimlə əlaqə saxladıqca görürəm ki, bizim çox peşəkar jurnalistlərimiz var. Onlar məsələlərə çox düzgün yanaşa bilirlər. Bəlkə də bu onların formalaşmasının, təkmilləşməsinin nəticəsidir. Hətta elə jurnalistlər var ki, onlar çox aktual məsələlərlə bağlı bizə müraciətlər edirlər. Mən jurnalistlərimizin belə peşəkar olmasına sevinirəm. Hazırda mənə müraciət edən jurnalistlərdən narazılığım yoxdur, əksinə, onlarla tanış olmağımdan qürur hissi keçirirəm. Jurnalistlərin peşəkarlığı məni ikiqat sevindirir, ona görə ki, onlar mənim 41 ildir işlədiyim Bakı Dövlət Universitetinin yetirmələridirlər. Mən görürəm ki, BDU yüksək səviyyəli kadrlar hazırlamağa qadir olub, qadirdir və qadir olacaqdır.

Chosen
14
10
modern.az

10Sources