Dörd gün sonra, oktyabrın 26 Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu dəfəki seçkilər Qərbin Gürcüstan hakimiyyətinə qarşı total basqıları ilə müşahiyət olunur.
Konkret olaraq ABŞ-ın və Avropa ittifaqının Gürcüstanla bağlı hazırkı siyasəti bu ölkədə ictimai-siyasi sabitliyin pozulma ehtimalını artırır ki, bunun da Azərbaycanın milli maraqlarına mənfi təsiri ola bilər.
Təkcə ona görə yox ki, Gürcüstanda yüz minlələ soydaşımız yaşayır, həm də ona görə ki, Azərbaycanın bir çox strateji kommunikasiya xəttləri Gürcüstandan keçir və orada sabitliyin qorunması bizim üçün də xüsusi əhəmiyyət kəsb edir.
Ancaq görsənən odur ki, hazırda ABŞ və Avropa İttifaqı hər vəchlə Gürcüstanda seçkilərin nəticələrinə təsir etməyə və özlərinə sərf edən siyasi qüvvəni hakimiyyətə gətirməyə çalışır.
Məhz son həftələr Qərb rəsmilərinin Gürcüstanla bağlı təhdid dolu bəyanatları, maliyyə yardımlarının, bir sıra sahələrdə əməkdaşlığın və danışıqların dayandırılması haqqında qərarları, habelə gürcü rəsmilərinə qarşı tətbiq olunan sanksiyalar parlament seçkiləri ərəfəsində insanlar arasında qorxu və panika yaratmaq, seçkilərin nəticələrinə təsir göstərmək və hazırkı hökuməti gözdən salmaq məqsədi daşıyır.
Onu da qeyd etmək lazımdır ki, bu gün ABŞ və Avropa İttifaqının Gürcüstanın daxili işlərinə asanlıqla müdaxilə edə bilməsinin əsas səbəblərindən biri iqtisadi asılılıqdırsa, digəri və ən vacibi isə odur ki, onlar uzun illər maliyyələşdirdikləri və qrant ayırdıqları QHT-lərdən hazırda Gürcüstan dövlətinə qarşı rahatlıqla istifadə edə bilirlər.
Azərbaycanın da dəfələrlə bu cür təzyiqlərə və kobud müdaxilələrə məruz qaldığından bunun nə demək olduğunu biz yaxşı başa düşürük.
Lakin Azərbaycan dövlətinin güclü və dayanıqlı təməllər üzərində qurulması, iqtisadi və maliyyə baxımdan heç kimdən asılı olmaması, xüsusilə, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, habelə hakimiyyətlə xalq arasında sarsılmaz birlik bu cür müdaxilələrin təsirini sıfıra endirir.
İndi, əsas sual odur ki, Gürcüstan dövləti və xalqı bu təzyiqlərin öhdəsindən gələ biləcəkmi? Və Gürcüstan dövləti bu “dayanıqlıq testi”ndən necə çıxacaq?
Ümid edirik ki, bu basqıların heç bir nəticəsi olmayacaq, gürcü xalqı düzgün seçim etməklə kənar qüvvələr tərəfindən ölkəsinin daxili işlərinə müdaxiləyə, dövlət müstəqilliyinə və suverenliyinə xələl gətirilməsinə yol verməyəcək.
Ən azı gürcü xalqı kimi Azərbaycan xalqı da Gürcüstanda sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında maraqlıdır.
Azay Quliyev
Milli Məclisin deputatı