Bakı, TurkicWorld
Əgər PKK terrorist təşkilatının rəhbəri Abdullah Öcalanın təcridi qaldırılarsa, Türkiyə Böyük Millət Məclisində Dem partiyasının qrup toplantısında çıxış etsin, terrorun tamamilə bitdiyini və təşkilatın ləğv olunduğunu elan etsin.
TurkicWorld xəbər verir ki, bu sözləri MHP partiyasının sədri Devlet Bahçeli partiyasının dünən ki, qrup toplantısında etdiyi çıxış zamanı bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan da Bahçelinin çağırışına dəstək verərək, "Birlikdə terrordan azad Türkiyə qurmaq istəyirik" deyib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel isə, partiyasının terrorun bitməsinə tam dəstək verəcəyini və bu prosesin bütünlükdə TBMM-də həyata keçirilməli olduğunu vurğulayıb.
Bahçeli Öcalanın "təşkilatı ləğv etmək və terroru bitirmək cəsarəti" göstərməsi halında, təcridin qaldırılması üçün qanunvericilikdə dəyişikliklərin edilə biləcəyini də bildirib.
Qeyd edək ki, Bahçeli, keçən həftəki qrup toplantısında Öcalana etdiyi çağırışda "təşkilata silahları yerə qoymaq əmri versin və terrorun bitdiyini elan etsin" demişdi.