EN

Mütəxəssis: Səhər yeməyi həyat keyfiyyətini və sağlamlığı artırır

"Səhər yeməyi, gün ərzində bədənin enerji ehtiyatlarını yeniləyən və günə hazırlaşmağa kömək edən ən vacib qida qəbuludur".                             

Bu sözləri "Sherg.az"a açıqlamasında qida eksperti Asim Vəli deyib.

 Ekspert vurğulayıb ki, xüsusilə gənclər üçün səhər yeməyinin əhəmiyyəti çox böyükdür:                          

"Əksər gənclər səhər yeməyindən vaxt məhdudiyyətinə görə, ya da aclıq hiss etmədikləri üçün imtina edirlər. Bu yaxşı vərdiş deyil və orqanizmin uzun müddət qida qəbul etmədən enerji sərf etməsinə, diqqət dağınıqlığına və faydalı iş əmsalını səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Səhər yeməyi orqanizmə enerji və qidalanma üçün vacib olan zülallar, karbohidratlar və vitaminlər verir. Səhər yeməyindən imtina etmək yuxudan oyanan orqanizmin gecikmiş maddələr mübadiləsi ilə fəaliyyət göstərməsinə səbəb olur. Orqanizmin enerjisi azaldıqda isə əqli və fiziki işlərdə uğursuzluq müşahidə olunur. 
Səhər yeməyi maddələr mübadiləsini hərəkətə gətirir, beynin enerji ilə təmin edilməsini və gün ərzində aktiv və diqqətli olmağı təmin edir. Səhər yeməyi yeməyənlərdə çəki artımı, insulin müqaviməti, ürək-damar xəstəlikləri və tip 2 şəkərli diabet riskləri daha yüksəkdir. Bundan başqa, səhər yeməyindən imtina etmək günün sonrakı saatlarında aclıq hissini artırır və daha çox kalorili qidaların istehlakına səbəb olur.
Səhər yeməyində zülalla zəngin qidalar, orqanizmə uzunmüddətli enerji verir. Yumurta, ət, südlü məhsullar, pendir kimi qidalar zülal mənbələri olaraq səhər yeməyinin faydalı olması üçün vacibdir.
Səhər yeməyində mürəkkəb karbohidratlar qəbul etmək enerjinin uzun müddət saxlanmasını təmin edir. Tam taxıllı çörək, yulaf əzməsi, kəpəkli dənli bitkilər və bol lifli tərəvəzlər həm doyurucudur, həm də qan şəkərinin sabit qalmasına kömək edir.
Vitamin və minerallarla zəngin meyvə və tərəvəzlər immunitet sisteminin güclü olması üçün faydalıdır. Təzə meyvə dilimləri, giləmeyvələr və ya tərəvəz salatları səhər yeməyində sağlam bir seçimdir.
Sağlam yağlar orqanizmin enerji ehtiyacını qarşılayır və toxluq hissini uzadır. Avokado, badam, qoz və ya zeytun yağı ilə zəngin yeməklər səhər yeməyini balanslı etmək üçün yaxşıdır.
Səhər yeməyi gündəlik vərdiş halına gətirildikdə, həyat keyfiyyətini və sağlamlığı artırır".
Chosen
39
sherg.az

1Sources