EN

"Onlar Türkiyəni müstəqil siyasətindən çəkinməyə məcbur etmək istəyirlər" - Deputat

Xəbər verdiyimiz kimi, Türkiyənin paytaxtı Ankarada TUSAŞ müdafiə sənayesi zavoduna terror hücumuda 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terrorun PKK terror təşkilatı tərəfindən törədildiyini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazanda keçirilən BRİKS sammitində iştirakı vaxtı belə hadisənin baş verməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, terror hadisəsini törədənlər Türkiyənin apardığı siyasətə maneçilik törətmək istəyirlər:

"Dünən Türkiyənin paytaxtı Ankara şəhərində baş verən terror hadisəsi Azərbaycanda hər kəsi sarsıtdı və bu hadisə əslində müəyyən siyasi məqsədlərə yönəlmiş bir təxribat idi. Cəmisi iki terrorçunun terroru həyata keçirməsi, onların məqsədinin Türkiyədə qarışıqlıq salmaq, Türkiyənin apardığı siyasətə maneçilik törətmək olduğu bəllidir. Türkiyənin dünyanın bütün güc mərkəzləri ilə eyni münasibət saxlaması müəyyən qüvvələrin marağında deyil və heç də təəssüf ki, terror hadisəsi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri ərəfəsində baş verir. 2 nəfər terrorçu onsuz da məhv ediləcəklərini və təxribatların axıracan baş tutmayacağını bilirdilər".

Deputatın sözlərinə görə, təxirbata hazırlıq çoxdan getsə də, əlverişli vaxt gözlənilirdi.

"Məqsədləri nə idi? Birincisi, hay-küylü bir hadisə yaratmaq üçün bacardıqları qədər çox insana zərər verməkdən ibarət idi. Bu təxribata çoxdan hazırlıq gedirdi, ancaq onlar üçün münasib, əlverişli bir vaxtın seçilməsi qarşıda dururdu. Bununla onlar Türkiyəni müstəqil siyasətindən çəkinməyə, Türkiyəni milli maraqlarına zidd addım atmağa məcbur etmək istəyirlər. Amma Türkiyəni sarsıtmaq, öz yolundan geri çəkmək mümkün deyil. Eyni zamanda Azərbaycan Prezidentinin Türkiyə liderinə ilk başsağlığı verənlərdən biri olması hadisənin Azərbaycanda da böyük əks-səda doğurduğunu və həmişə qəlbimizlə, bütün imkanlarımızla da Türkiyənin yanında olduğunu göstərir", - deyə A.Mirzəzadə qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Chosen
24
redaktor.az

1Sources