EN

Ombudsman: Uşaqlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı məlumatları COP29 çərçivəsində daha geniş yaymış olacağıq

Ombudsman:

Bakı, 24 oktyabr, AZƏRTAC

Ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan olunur. Əsas məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində məlumatlılığın artırılması, uşaqlara diqqət və qayğının təşviqi, Ombudsman təsisatı ilə digər qurumlar, vətəndaş cəmiyyəti institutları, hüquq müdafiəçiləri ilə birlikdə bu sahəyə diqqətin cəlb olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva söyləyib.

Ombudsman dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını “Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlərdə fəal iştiraka dəvət edib.

“Həmçinin bildirmək istərdim ki, bu il Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Eyni zamanda, növbəti ayda Azərbaycan böyük bir beynəlxalq konfransa - COP29-a ev sahibliyi edəcək. İstərdim ki, burada iştirak edəcək hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bizim uşaqlarımıza qarşı uzun illər ərzində törədilmiş cinayətlərlə bağlı daha geniş məlumat əldə etsinlər. Birinci Qarabağ müharibəsindən indiyədək 400-ə yaxın uşaq mina terrorunun qurbanına çevrilib. Biz mütəmadi olaraq bu məlumatları xaricdə fəaliyyət göstərən həmkarlarımıza çatdırırıq. Hesab edirik ki, COP29 çərçivəsində də bu məlumatları daha geniş yaymış olacağıq”, - deyə Səbinə Əliyeva qeyd edib.

Chosen
40
3
azertag.az

4Sources