EN

Sektor müdiri: "Biznes mühitinin inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə vacib addımlar atılır"

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya olaraq məlumatların geniş yayılması və biznes nümayəndələrinin islahat təşəbbüslərində aktiv iştirakı üçün bütün imkanları yaradırıq.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.

V.Şıxəliyev “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda keçirilən tədbirin məqsədindən danışaraq, islahatların davamlılığına və kommunikasiyanın əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, Komissiya çərçivəsində müxtəlif dövlət qurumlarının rəhbərliyi ilə yaradılan işçi qrupları tərəfindən biznes sektorlarının inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə vacib addımlar atılır.

Medianın İnkişafı Agentliyi ilə birgə bu gün təşkil edilən müzakirənin əhəmiyyətini vurğulayan V.Şıxəliyev deyib: “Məqsəd islahatların daha doğru və operativ şəkildə çatdırılması və maraqlı tərəflərlə effektiv əlaqənin qurulmasıdır. Media qurumlarının bu prosesdə aktiv iştirakı vacibdir, onların bu sahədə töhfələrini gözləyirik”.

“Bu tədbir vasitəsilə islahatların mahiyyəti və sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş yeni dövlət xidmətləri barədə geniş məlumat verəcək, bu xidmətlərin biznes mühitinə müsbət təsirlərini nümayiş etdirəcəyik”, - deyə Vüsal Şıxəliyev əlavə edib.

Chosen
15
iqtisadiyyat.az

1Sources