EN

"İnanmıram ki, Qurban Qurbanov komandaya irad bildirsin"

"Ayaks"la oyunda Julio Romaonun aldığı qırmızı vərəqə bütün şansları puç etdi".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qarabağ”ın sabiq qapıçısı Cahangir Həsənzadə Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”la Bakıdakı oyunu dəyərləndirərkən deyib.

Hazırda AFFA-nın Texniki direktoru olan mütəxəssis Julio Romaonun qırmızı vərəqəsinin "qırılma nöqtəsi" olduğunu vurğulayıb:

“Ayaks” Avropa səhnəsində uğur qazanmış köklü klublardandır. Ümidlərim var idi ki, “Qarabağ” öz futbolunu oynayacaq və addan çəkinməyəcək. Bunu bilavasitə gördük. Komanda oz oyununu diktə etməyə və “Ayaks”a qonaq olduğunu göstərməyə çalışdı. Düşünürəm ki, qırmızı vərəqə "qırılma nöqtəsi" oldu. “Qarabağ”ın hazırkı durumu onu göstərir ki, belə oyunlarda bacardığından daha artığını etməlisən. Təəssüf ki, belə şans olmadı. Qırmızı vərəqə bütün şansları puç etdi”.

C.Həsənzadə qarşıdakı matçların önəmini vurğulayıb:

“Yeganə xoşuma gələn o oldu ki, qırmızı vərəqədən sonra komanda hücum futbolu göstərməyə çalışırdı, pressinqə çox önəm verirdi. Hətta zaman-zaman fərqlənmək üçün imkanlar yaradırdılar. Nəticə baxımından istədiklərini əldə edə bilməsələr də, mübarizə aparmağa çalışırdılar. Bu isə kifayət deyil və belə keyfiyyətli rəqiblərlə qarşılaşanda bir nəfər azlıqda qalmağın nə demək olmasının bariz nümunəsidir. Futbolçuların var gücləri ilə oynamaları göründü və inanmıram ki, Qurban Qurbanov komandaya irad bildirsin. Başa düşürəm, növbəti oyunda qırmızı vərəqə səbəbindən iki aparıcı futbolçu olmayacaq. Böyük marafonun yarısına çatmışıq, qarşıdakı görüşlər önəmlidir. Ümid edirəm ki, öz oyunlarını göstərib, istədikləri nəticəni qazanacaqlar”.

Niderland klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə “Qarabağ”ın futbolçularından Julio Romao 15-ci, Elvin Cəfərquliyev isə 79-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Chosen
71
sportinfo.az

1Sources